Sucəddin Mirzəyev: “Teatr adamı qəlbən kövrək olur, sevgi göstərdiyi kimi həm də gözləyir”

 

Onunla hər görüşümüzdə “Məqam düşsəydi, müsahibəlik söhbət edərdik” deyirdim və bu məqam heç cür gəlib çıxmırdı. Bu günlərdə yolum yenə Lənkərana düşmüşdü. Lənkəran Dövlət Dram Teatrında da oldum. Necə deyərlər, bu dəfə şeytanın qıçını qırdıq və yaxşı söhbət elədik.

Beləliklə, həmsöhbətim Lənkəran Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Sucəddin Mirzəyevdir.

“Deyəsən, məşqiniz olacaq. Səhnə geyiminizi otaqda saxlamısınız” deyə qrim otağında söhbətə başlamazdan öncə yerdə cütlənmiş nimdaş çəkmələri və stulun çiyninə asılmış geyimi göstərib gülümsünürəm. “Hə, yeni rolumdandır” deyir. Əlindəki açarlardan birini masasındakı dolabçanın açarlığına salır. Otaqda üç masa var.

 

– Sizdən başqa da otaqda oturan var?

– Bəli, Xalq artisti Qabil Quliyev və aktyor Səyad Əliyevlə birgə otururuq.

 

– Deyirlər hər aktyorun “sirr çəkməcəsi” olur. Yəqin sizin siyirmə də zəngindir ki, bağlı saxlayırsınız...

– Özü də necə sirli (Gülür). Mənim sirrim yoxdur, qrimdi, bığ-saqqal üçün yapışqandır, bir-iki kremdir, bir də rol dəftərlərim.

 

– Siz də qrim ustalarının işinə etibar etməyib qrimini özü edən aktyorlardansınız?

– Onlar bizim kimi bilməzlər üz-gözümüzü, rolumuzun cizgisini. Mən də, Qabil müəllim də qrimimizi özümüz edirik. Cavanları isə qrim ustası qrimləyir. Nə bilim, belə öyrəşmişəm. Daha rahatdır.

 

– Masanızın üzərindəki mətn yeni rolunuzla bağlıdır yəqin.

– Miraslan Ağayevin “Yaxşılığa yaxşılıq” uşaq pyesidir. Artıq təhvil vermişik. Oradakı rolum Səməd kişidir. Elə hadisələr də onun – odunçu Səmədin ətrafında cərəyan edir.

 

– Baxıram, obrazın geyimindəsiniz artıq, ay odunçu baba. Odur ki, gəlin elə obrazlı davam edək. Teatrı bir ocağa bənzətsək, onun daim yaxşı bir odunçuya ehtiyacı var...

– Hə, özü də usta olanına. Yəni yaş-quru odunu ayırd edənə (gülür).

 

– Lənkəran teatrının ocağını sönməyə qoymayan yaşlı və orta nəsildən kimlər qalıb?

– Qabil Quliyev, Qızılgül Quliyeva, Miraslan Ağayev, Əlibala Əsgərov, Zemfira Nəcəfova. Ondan sonra gələn nəsil də var və sevə-sevə tərəf-müqabil oluruq. Məsuliyyətlə deyim ki, gənclərin səhnədə yaxşı ifaçı kimi formalaşmasında mənim də xidmətlərim var. Çünki bu teatrın təəssübünü çəkmək mənim vicdan borcumdur və əlimdən gələni, zamanında ustadlarımdan öyrəndiklərimi mən də onlara sevərək öyrətməyə çalışıram. Yeni nəsil gəldikcə bu yol da davam edir.

 

– Sucəddin müəllim, o dediyiniz nəsil gəlirmi? Etiraf edək ki, bölgə teatrları peşəkar gənc aktyor sarıdan korluq çəkir.

– Sözsüz ki, o problem bizdə də var. Təəssüf ki, illərdir bu problem həll olunmur. Gəncləri başa düşürəm, bölgədə yaşamaq, maddi və sosial problemlərlə qarşılaşmaq onlara çox çətin gəlir. Kaş onlara müəyyən maddi dəstək verilsin ki, onlar da qalıb işləsinlər. Heç olmasa, ildə aktyorluğu bitirən iki gənc bölgə teatrlarına getsə, belə çətinlik olmaz. Bölgə teatrları çıxış yolunu həvəskar gənclərdə tapırlar. Bu mənada, mən də bir qocaman aktyor kimi yeni gələn gənclərə bacardıqca dəstək olmağa, səhnə danışığı, rol üzərində işlə bağlı nələrisə öyrətməyə çalışıram. Onu da deyim ki, gənc aktyor, onun bölgəyə gəlib işləmək məsələsi elə keçmişdə də asan deyildi. Sadəcə, o nəsildə sənət sevgisi, fədakarlıq, bağlılıq başqa ovqatda idi.

 

– Bu mənada teatrın truppası yaxşı vəziyyətdədir?

– Demək olar ki, yaxşıdır. Amma başqa məqama diqqət çəkmək istəyirəm. Həyatda ən çox qorxduğum şey laqeydlikdir. Harada laqeydlik var, orada həyat donacaq. Biz teatr adamları qəlbən kövrək oluruq. Sevgi göstərdiyimiz kimi həm də gözləyirik. Bu öz yerində. Amma sevgi olmasa, sənətə, səhnəyə, peşəyə bağlılıq olmasa, çətin. Daim çalışmışam ki, həmkarlarıma, iş yoldaşlarıma qayğı, diqqət göstərim. Mən gənc, teatrımıza yeni gələn dostlarıma da deyirəm ki, əgər ürəyinizdə bu sənətə zərrə qədər də olsa, sevgi varsa, onu alova çevirin, sənət eşqinizi sönməyə qoymayın.

 

– Dediyiniz o alov sönsə, söndürülsə, necə?

– Mən də onu deyirəm: qoymayın söndürsünlər. Su tökmək istəyən onsuz da olacaq, siz çalışın buna izn verməyin.

 

– Bu sənətdə nikbin qalmaq elə də asan deyil. Yaş ötdükcə keçmişlə gələcək arasında təzad dolu bir rabitəsizlik baş qaldırır.

– Anadan belə doğulmuşam. Həyatsevərəm. Çalışıram deyib-gülüm, şən olum. Cavanlar demiş, kainata pozitiv enerji ötürüm.

 

– Şablon sualdır, amma yeri gəlib: niyə aktyor oldunuz? Sizi səhnədən, sənətdən iraq Masallıda teatr xəstəliyinə kim yoluxdurdu?

– Uşaqlıqdan müğənni olmaq istəyirdim. Səsim də pis deyildi. Toylarda, məktəbin tədbirlərində oxuyardım. Günlərin bir günü riyaziyyatı tədris edən Hüseyn müəllim “Gəlin, “Vaqif” əsərindən bir səhnə hazırlayaq” dedi. Mənə də Şeyx Alı rolunu verdi. Tamaşa bəyənildi, hərə bir yandan mənə “Nə yaxşı artistliyin varmış” dedi. Bu sözlər məni ovsunladı. Bəlkə də adi tərif idi, amma mən məhz o an anladım ki, aktyor olmalıyam. Masallıda Mədəniyyət evində fəaliyyət göstərən Xalq teatrına yazıldım və başladım bu sənətin sehrinə düşməyə. O gündən bu sevgidən qopa bilmirəm. Vallah, gəlişigözəl söz deyil. Teatra gəlib görəndə ki, tamaşa, məşq yoxdur, elə darıxıram, gəl görəsən. Az qalır bağrım çatlasın. Sevdiyim sənətdən qopmuram və buna görə peşman da deyiləm. Sənət taleyimdən razıyam.

 

– Sizin də ali məktəbə qəbul imtahanı komissiyasında Adil İsgəndərov olub, deyəsən. Bildiyim qədər, onun seçdiyi son kurs olmusunuz.

– Onunla yanaşı, Rza Təhmasib, başqa korifey sənətkarlar da qəbul imtahanında əyləşmişdilər. Sonradan bildim onlar kimdir. Kənddən gedən utancaq gənc idim, elə də tanımırdım. Etüd dedilər göstərdim, şeir, monoloq filan. Qısası, imtahanları yaxşı verdim və qəbul olundum. Sonra bölgü başladı və dedilər ki, sizin kurs rəhbəriniz Adil İsgəndərov olacaq. Hamılıqla sevindik. Onun da assistenti Əliağa Ağayevin oğlu Vaqif Ağayev idi. Kurs rəhbərimiz, onun o dönəm başına gələnlər bizi onun tələbəsi olmaq səadətindən məhrum etdi. Adil müəllim bərk xəstələndi, assistenti 2-3 ay bizimlə məşğul olandan sonra qrupumuzu Ələmdar Quluzadəyə verdilər. Mən bütün müəllimlərimə minnətdaram. Onlar bizə sənətə sevgi ilə peşəkar aktyor olmaqda böyük şövq verdilər. Zaman ötdü və 1977-ci ildə institutu bitirdim. Təyinatımızla bağlı bölgü başlayanda səhnə danışığı müəllimim Ənvər Dadaşov məni çağırıb “Sucəddin, sizi indi təyinata çağıracaqlar. Təyinat alma, səni kafedrada müəllim saxlamaq istəyirəm. Rektorla da danışmışam” dedi. Razılaşdım. İclas otağında prorektor elan etdi ki, Bakı teatrlarına təyinat yoxdur, bölgələrə getmək istəyənlər düşünüb sabah cavab versinlər. Bütün kurs başladıq bir-birimizə baxmağa. Düzü, o vaxt da rayon teatrlarına gedənlər az idi. Dedilər ki, qərar verin, yoxsa məcburi təyinatla kim hara düşdü, ora da göndəriləcək. Qaldım iki daşın arasında. Dedim birdən uzaq rayonlara düşərəm. Tez əlimi qaldırıb bu teatrın adını çəkdim. Necə karıxmışdımsa, müəllimimin institutda qalmağımla bağlı sözü də yadımdan çıxmışdı. Dekanımız məni danlasa da, “Bağışlayın, amma mən müəllim yox, aktyor olmaq istəyirəm” dedim və o vaxtdan da bu teatrda, bu sənət ocağındayam.

 

– Sonradan çoxlarının arzuladığı paytaxt, institut həyatını bölgəyə dəyişməyin peşmanlığı oldumu?

– Əsla. İndi də peşman deyiləm. Yəqin deyirsiniz paytaxtda qalar, filmlərdə çəkilər, məşhurlaşardım. Amma mən sənətə buna görə gəlməmişəm. Tək amalım səhnə idi. Onun ad-sanı, mal-mülkü, təmtərağı məni heç vaxt cəlb eləməyib. Kim nə deyir desin, heç vaxt buna görə peşman olmamışam.

 

– 1970-80-ci illər Lənkəran teatrının da “qızıl dövr”ü olub. O zamanın xiffətini çəkirsiniz?

– Özü də necə. Sadəcə, mən heyfsilənməyi sevmirəm. Çünki o günü də, bu günü də yaşayıram, dolu-dolu yaşayıram. Amma o zaman üçün “nə yaxşı o günləri də gördüm” deyirəm. Bilirsiz necə qaynar həyat idi? Hər gün tamaşalar, məşqlər, səfərlər, dopdolu zal. Ayda 30 tamaşa oynasaq da, yorulmurduq. Unudulmaz günlər idi...

 

– İndi bu məkanda o ovqat yenə varmı?

– İndi kommersiya, kassa baxımından elə də dramatik əsərlərə müraciət olunmur. O zaman mühit də başqa idi. Düzdür, indi də maraqlı rollar oynayıram. Amma çox istəyərəm ki, klassik əsərlər daha çox qoyulsun. Çünki aktyor klassik əsərdə yetişir.

 

– Paytaxtdan gələn baş və quruluşçu rejissorlarınız var. Yəni klassik əsərlərə quruluş imkanı var.

– Baş rejissorumuz Anar Babalı da, rejissorumuz Emil Əskərov da peşəkar və təcrübəlidir. Yəqin yavaş-yavaş yol açılacaq, arzuladığımız əsərlər də qoyulacaq.

 

– Anladığım qədər, Lənkəran tamaşaçıları klassikaya meyilli deyillər.

– Əksinə, tamaşaçılar bunu istəyirlər. Şəxsən mənə bunu neçə dəfə deyiblər. İnanıram ki, bu da sistemləşəcək.

 

– Gənclərlə yaşlı nəsil arasındakı klassik rəqabət məsələsinə görə soruşuram:  nəsillər arasında uçurum varmı?

– Yox, bu barədə paytaxtdan fərqli olaraq bölgə teatrlarında, xüsusən Lənkəranda böyük-kiçik, hər kəsin özü yerini bilməsi kimi yazılmamış qayda-qanunlar, mehribanlıq var. Əksinə, gənclərə dəstək oluruq, onların gəlişinə sevinirik. Axı tamaşalarda mütləq gənc qəhrəmanlara da ehtiyac var. İndi bu yaşımda qrimlənib, saç-başımı rəngləyib 25 yaşında oğlanı oynaya bilmərəm. Yaxud da gənc oğlan baba rolunu. Bu mənada, teatrda hər nəsildən aktyorun olması, özü də say baxımından çoxluğu işin xeyrinə, teatrın inkişafına xidmət edir.

 

– Yaş ötdükcə gənclik şövqünə qarışıb qocalan rol arzularınıza necə təsəlli verirsiniz?

– Yaman dediniz (gülür). O qatarlar çoxdan gedib. Amma niyə e? Oynadıqlarım da çoxdur. Bura gələndən, demək olar ki, əsas qəhrəmanları oynamışam. Sadalasam, siyahı uzanar. Amma arzuladığım, oynamadığım rollar da olub. Özü də mən mütləq baş rol, əsas qəhrəman davası eləməmişəm. Sadəcə, aktyor nə qədər oynasa da, yenə az bilir, yeni obrazlar axtarır. Mənim də daha çox oynamaq üçün bacarıq və istəyim vardı. Buna da şükür...

 

– Sənət dostları, yoxsa həyat dostları? Belə bölgünü daha çox aktyorlar edirlər. Bilmirəm niyə...

– Həyatda da, səhnədə də, teatrda da dostlarım çoxdur. Heç kəsi özümə rəqib  görməmişəm.

 

– 65 yaşdan sonra səhnədən getmək qorxusu da var aktyorlarda...

– Qorxmaq deyəndə ki, həyatdır, nə vaxtsa gedəcəyik. Amma düşünürəm ki, indi daha püxtələşmişəm. O vaxt çəkindiyim rolları belə indi rahatlıqla oynaya bilərəm. Sənət eşqim yenə gənclik qüvvətindədir. Bu il səhnə fəaliyyətimin 50 illiyidir. Amma azdır, qoy görək, səs eləyib yada salmayın, arzu edirəm ki, bir əlli il də səhnədə olum, ondan sonra fikirləşərəm görək gedim, ya getməyim (gülür).

Söhbətləşdi: Həmidə Nizamiqızı