Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında xarici ölkələrdən dəvətli musiqiçilərin konsert proqramları ilə yanaşı, ustad dərsləri də təşkil olunur. Bu sırada Mark Drobinski (cello), Roman Fedçuk (violin), Əvəz Abdulla (bariton) kimi musiqiçilərin adları qeyd oluna bilər.
Almaniyadan gələn tanınmış violin ifaçısı soydaşımız Anar Bramo aprelin 1-də filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında gənc istedadlar üçün ustad dərsi keçib.
Gənc musiqiçilərin hazırlıq səviyyəsindən məmnunluq duyduğunu dilə gətirən Anar Bramo onların müəllimlərinə təşəkkürünü bildirib. O ən kiçik nüanslara diqqət yetirərək müəyyən ifaçılıq tapşırıqlarının həllinin sadə yollarını nümayiş etdirib, təcrübəsini bölüşüb.
Ustad dərsində Zeyn Cəfərov, Osman Mustafazadə, Kənan Məmmədzadə, Kənan Bağırov, Zərrin Əliyeva, Xədicə Qasımova, Aysu Məmmədli, Özcan Cabbari, Surə Həsənli müxtəlif dövr bəstəkarlarının, o cümlədən, İ.S.Bax, V.Mozart, N.Paqanini, H.Ernst, H.Venyavski və başqalarının violin aləti üçün yazılmış əsərlərini səsləndiriblər.