Festivalın müsabiqə proqramına 31 ölkədən 78 film daxil edilib

20-24 noyabr 2013-cü il tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək. Festivalın müsabiqə proqramına 31 ölkədən 78 film daxil edilib.

Nizami Kino Mərkəzində nümayiş olunacaq filmləri kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Münsiflər heyətinin 3 üzvü Azərbaycan (Azər Qərib, Vasif Babayev, Cəmil Fərəcov), 4 üzvü isə (Aleksandr Kammel, Lela Krstevska, Devid Kuper, Qriqoris Koulbanis) xarici ölkələrin təmsilçisidir.
Münsiflər heyətinin sədri Azər Qərib 400-dən artıq sənədli film və televiziya proqramının müəllifidir. Dünyanın 80-ə yaxın ölkəsinə səyahət edən Azər Qərib milli televiziya məkanında yayımlanan "Oralar" verilişinin müəllifidir. 1news.az, azru.tv, yurd.tv internet səhifələrində "Azər Qəriblə saat 5-də" verilişinin aparıcısı və müəllifi, eləcə də azru.tv internet telekanalının təsisçisi və baş redaktorudur. Münsiflər heyətinin üzvü Vasif Babayev (Azərbaycan) 45-dən çox sənədli filmin rejissoru, Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki, Xalq artisti, Prezident təqaüdçüsüdür. Filmləri müxtəlif festivallarda mükafatlara layiq görülüb. Vladivostok, Bakı, Almatı və Kiyevdə keçirilən festivallarda münsiflər heyətinin üzvü olub.
Kinorejissor Cəmil Fərəcov onlarla sənədli filmin, "Mozalan" satirik kinojurnalı üçün 30-dan çox bədii və sənədli süjetlərin, "Arvadım mənim, uşaqlarım mənim" bədii televiziya filminin, xronikal kino jurnallarının rejissoru və ssenari müəllifidir. Münsiflər heyətinin üzvü Aleksandr Kammel (Avstriya) "Österreichisches" film yayımı şirkətinin rəhbəri və şəriki, "Film+Video" jurnalının baş redaktoru, dünyanın ən böyük avtomobil film və multimedia festivalı "AutoVision"un, Vyanada keçirilən alman dilli ölkələrin "Viktoriya Qran pri" kinofestivalının, ən mötəbər turizm film festivallarının daxil olduğu CIFFT - Turizm Film Festivalları Beynəlxalq Komitəsinin direktoru, Kann Media və TV, Avstriya Korporativ Filmlər mükafatlarının təşkilatçısıdır.
Xanım Lela Krstevska Makedoniyanın Turizm üzrə İqtisadi Palatasının prezidenti, Milli Turizm Komitəsinin, Sahibkarlıq və İnnovasiya sahəsində Milli Şuranın idarə heyətinin üzvüdür. Fransanın Kann şəhərində keçirilən TV-Media mükafatları kinofestivalında və Zaqreb “Turfilm” festivalında münsiflər heyətinin üzvü olub.
Devid Kuper (Böyük Britaniya) Readmore "Global" beynəlxalq layihəsinin icraçı direktoru, korporativ və sənədli filmlər üzrə prodüserdir. Korporativ media məhsullarının dünyada yayımı və yeni turizm mədəniyyətinin inkişafı üzrə ixtisaslaşıb.
Qriqoris Koulbanis (İsveçrə) UNESCO-nun ekoloji elmlər bölməsi ilə çalışır, ətraf mühit və media sahələrində Sarıçay və Yançen qoruğu, Dunay çayı və Xəzər dənizi haqqında məruzələr yazıb. 20 illik peşəkar fəaliyyəti ərzində 5 qitədə və 50-dən çox ölkədə çalışıb. Kinorejissor kimi ətraf mühit mövzusunda bir çox kino və televiziya layihələrinə rəhbərlik edib.
Münsiflər heyəti hər kateqoriya ("Ölkə, region, şəhər", "Mədəniyyət, ənənə", "Ekstremal turizm", "Ekoloji turizm", "Reklam filmləri", "TV filmləri") üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq.
I yerə (Qızıl mükafat) diplom, mükafat və 2000 avro pul, II yerə (Gümüş mükafat) diplom və mükafat, III yerə (Bürünc mükafat) diplom və mükafat təqdim ediləcək.
Festivalın ən yaxşı filminə (Qran pri) diplom, mükafat və 4000 avro pul təqdim olunacaq.
Noyabrın 20-də festivalın münsiflər heyəti üzvləri və təşkilat komitəsinin nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Həmin gün Nizami Kino Mərkəzində açılış filmi olaraq Jerar Depardyenin iştirakı ilə Azərbaycan və Fransanın birgə çəkdiyi "Qafqaza qayıdış" filmi nümayiş olunacaq.
Proqram və münsiflər heyətinin üzvləri haqqında daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə etmək mümkündür.
Bakı Beynəlxalq Turizm Filmləri Festivalının rəsmi sponsoru Garant Holdinq, sponsoru Nar Mobile, rəsmi tərəfdaşı JW Marriot Absheron Baku, informasiya dəstəkçiləri İctimai Televiziya, APA Holdinq və day.az saytıdır. Festivalın təşkilati işlərini "Azanfilm" studiyası həyata keçirir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar