Paytaxtımızda ilk dəfə keçirilən festivalın müsabiqə proqramına 31 ölkədən 78 film daxil edilib
Noyabrın 20-də Azərbaycan paytaxtında növbəti beynəlxalq mədəniyyət tədbiri başlanır. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində I Bakı Beynəlxalq Turizm Filmləri Festivalına start veriləcək.
Saat 17:30-da kino mərkəzində festivalın münsiflər heyətinin, təşkilat komitəsi nümayəndələrinin və xarici kinematoqrafçıların iştirakı ilə mətbuat konfransı olacaq. Saat 19:00-da festivalın açılışı keçiriləcək. Açılış filmi olaraq Azərbaycan və Fransanın birgə istehsalı olan "Qafqaza qayıdış" sənədli ekran əsəri nümayiş etdiriləcək.
Məşhur fransız aktyoru Jerar Depardye, illüstrasiyaçı rəssam Matyo Sapanla yanaşı, tanınmış aktyor Ənvər Həsənov, televiziya aparıcısı Fuad Axundovun da çəkildiyi filmin quruluşçu rejissorları Stefan Berqunyu, Jan-Pyer Deviler, ssenari müəllifləri Fuad Axundov, Stefan Berqunyu, Jan-Pyer Deviler, Lesli Qranberq, quruluşçu operatoru Stefan Byon, prodüserləri Arno Friley və Cavid İmamverdiyevdir.
Filmdə 1858-ci ildə Qafqaza, o cümlədən Azərbaycana səfər etmiş məşhur fransız yazıçısı Aleksandr Dümanın "Qafqaz" əsərində yazdıqlarını incələyərək, onun izi ilə Jerar Depardyenin Azərbaycana səyahətindən bəhs olunur. J.Depardyenin vasitəsilə yazıçının niyə məhz bu məkandan təsirləndiyi və əsəri üçün necə ilham aldığı tamaşaçıya aydın olur. Aleksandr Düma kimi Jerar Depardye də səyahət zamanı maraqlı insanlara rast gəlir, bir-birindən gözəl yerləri kəşf edir.
Noyabrın 24-dək davam edəcək festivalın müsabiqə proqramına 31 ölkədən 78 film daxil edilib. Nizami Kino Mərkəzində nümayiş olunacaq filmləri kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Münsiflər heyətinin 3 üzvü Azərbaycan (Azər Qərib, Vasif Babayev, Cəmil Fərəcov), 4 üzvü isə xarici ölkələrin (Aleksandr Kammel - Avstriya, Lela Krstevska - Makedoniya, Devid Kuper - Böyük Britaniya, Qriqoris Koulbanis - İsveçrə) təmsilçisidir.
Münsiflər heyəti hər kateqoriya ("Ölkə, region, şəhər", "Mədəniyyət, ənənə", "Ekstremal turizm", "Ekoloji turizm", "Reklam filmləri", "TV filmləri") üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq.
I yerə (Qızıl mükafat) diplom, mükafat və 2000 avro pul, II yerə (Gümüş mükafat) diplom və mükafat, III yerə (Bürünc mükafat) diplom və mükafat təqdim ediləcək. Festivalın ən yaxşı filminə (Qran pri) diplom, mükafat və 4000 avro pul təqdim olunacaq.
I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının rəsmi sponsoru “Garant Holdinq”, sponsoru “Nar Mobile”, rəsmi tərəfdaşı "JW Marriot Absheron Baku" hoteli, informasiya dəstəkçiləri İctimai Televiziya, “APA Holdinq” və day.az saytıdır.