Noyabrın 19-da İspaniyanın Barselona şəhərində «EİBTM-2013» beynəlxalq turizm sərgisi işə başlayıb. Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyətinin iştirak etdiyi sərgidə ölkəmizin 4 turizm şirkəti: "Geo Travel", "Billur Tur", "Millennium Tourism and Congress", "Gilan Tourism", 2 mehmanxana: "Four Seasons Hotel Baku", "Jumeirah Bilgah Beach hotel" və Azərbaycan Konqres Bürosu da təmsil olunur.
Respublikamızın turizm imkanlarını əks etdirən 51 kv.m sahədə lövhə quraşdırılıb, sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və ispan dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları ilə təmin olunub.
Mədəniyyət və Turizm Nazirliyi ilk dəfə "EİBTM" beynəlxalq turizm sərgisində iştirak edir. Sərgidə bu il müxtəlif ölkələrdən 3100-ə yaxın şirkət təmsil olunur.
Sərgi noyabrın 21-dək davam edəcək.

Fəxriyyə