Bakıda ilk dəfə Beynəlxalq Turizm Filmləri Festivalı keçirilir

Noyabrın 20-də Nizami Kino Mərkəzində I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı başlandı. Açılış mərasimindən öncə festivalla bağlı mətbuat konfransı keçirildi.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsi Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov bildirdi ki, festivala bir neçə aydır hazırlıq gedir: “Festivala dünyanın müxtəlif ölkələrindən böyük maraq var. Festivalın rəsmi saytına bir neçə ay ərzində minlərlə məktub yazılıb və bu məktublar cavablandırılıb. Dünyanın bütün qitələrində çəkilmiş filmlər festivalda təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın məqsədi də turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı ekran əsərlərini aşkara çıxarmaq və müəllifləri həvəsləndirməkdir. Festival həmçinin diqqəti tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına cəlb etməyi qarşısına məqsəd qoyub və inanıram ki, bu məqsədinə də çatacaq».

“Festival yüksək peşəkarlıqla təşkil olunub”

Festivalın münsiflər heyətinin sədri Azər Qərib qeyd etdi ki, Azərbaycanda ilk dəfə reallaşdırılan bu festival ölkə turizminin təbliğinə xidmət etməklə yanaşı, ixtisaslaşmış rejissorların, operatorların, jurnalistlərin bu mövzuya marağını artıracaq. Onun sözlərinə görə, festivalın müsabiqə proqramına 31 ölkədən 78 film daxil edilib: “Festivalın müsabiqəsi 7 nominasiyadan ibarətdir. Ümumilikdə 38 ölkədən 140 rejissor 215 film təqdim etmişdi. Birinci mərhələdə 31 ölkədən 74 rejissorun 78 filmi seçilərək müsabiqəyə buraxılıb. Azərbaycandan da bu festivala filmlər təqdim olunmuşdu. Onların içərisindən 4-5 film ikinci mərhələyə keçdi. Filmlər qiymətləndirilərkən həm rejissor işi, həm operator işi, mövzuya uyğun olub-olmaması kimi məqamlar nəzərə alınacaq».
Münsiflər heyətinin üzvü, Turizm Film Festivalları Beynəlxalq Komitəsinin direktoru Aleksandr Kammel festivalın böyük əhəmiyyət daşıdığını və təqdim olunan ekran əsərlərinin kinematoqrafçılar arasında yeni əlaqələrin qurulması üçün vasitə olacağını söylədi: «Baxmayaraq ki, Azərbaycanda bu festival ilk dəfədir keçirilir, amma hər şey yüksək peşəkarlıqla təşkil olunub. Artıq bu festivalı Turizm Film Festivalları Beynəlxalq Komitəsinə üzvlüyə qəbul etmişik. İnanırıq ki, Azərbaycan turizm filmləri festivalı bizim ən aktiv üzvlərimizdən biri olacaq. Yəqin ki, festival günlərində maraqlı filmlər izləyəcəyik. Tədbirin işinə uğurlar arzulayıram».
Festivalın sponsoru «Nar Mobile»nin nümayəndəsi bildirdi ki, təmsil etdiyi şirkət Azərbaycanda müxtəlif mədəni tədbirləri maliyyələşdirməkdə maraqlıdır. Qeyd olundu ki, bu tədbir ölkənin turizm sektorunun inkişafına töhfə olacaq.
Sonra jurnalistləri maraqlandıran suallar cavablandırıldı.

Azərbaycanın təbliğinə töhfə

Tədbir iştirakçılarının bəzilərinin festivalla bağlı fikirlərini öyrəndik.
Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov: «Festivalın işini yüksək dəyərləndirirəm. Çünki festivala 40-a yaxın ölkədən filmlər təqdim olunub. Münsiflər heyətinin 7 üzvündən 4-ü xarici ölkə nümayəndəsidir. Bütün bunlar festivala olan maraqdan xəbər verir. Nəticə isə yenə də Azərbaycanın təbliğinə, turizm imkanlarının tanıtımına xidmət edir. Bu tədbir eyni zamanda kinonun inkişafı üçün də bir təkandır».

Xalq artisti, festivalın münsiflər heyətinin üzvü Vasif Babayev: “Azərbaycanda turizmin inkişafına dövlət səviyyəsində böyük diqqət yetirilir. Ölkəmizin turizm potensialının təbliği bütün imkanlardan istifadə edilməklə həyata keçirilir. Turizm filmləri festivalı da dünyada və xüsusilə Avropa ölkələrində maraqla izlənilən tədbirlərdən biridir. Ona görə də Azərbaycanda belə festivalın keçirilməsi xoş bir hadisədir. Bu festival dünya ölkələrinin televiziya kanalları vasitəsilə nümayiş etdiriləcək, onun haqqında məlumatlar yayımlanacaq. Hesab edirəm ki, bunların hamısı Azərbaycan mədəniyyətinin, turizm potensialının təbliğinə yönələcək».

Turizm Film Festivalları Beynəlxalq Komitəsinin direktoru Aleksandr Kammel: «Bu mənim Azərbaycana ilk səfərimdir. Buraya gələnə qədər ölkəniz haqqında təsəvvürlərim çox az idi. İndi isə düşünürəm ki, Azərbaycan zəngin bir ölkə, azərbaycanlılar isə çox qonaqpərvər, mədəni bir millətdir. Hələ Bakını gəzmək fürsətim olmasa da, qaldığım hotelin şəraitinə, restoranlardakı xidmətə görə deyə bilərəm ki, burada turizm də yaxşı inkişaf edib. Ümid edirəm ölkənizdən daha zəngin təəssüratlarla ayrılacağam».

“Festival mədəniyyətlə turizmin vəhdətini təsdiq edən önəmli tədbirdir”

Sonra Nizami Kino Mərkəzində I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılış mərasimi keçirildi. Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində Azərbaycanın turizm potensialını əks etdirən «Odlar Yurdu» adlı fotosərgi ilə tanış oldular.
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, son illər Azərbaycanda turizmin inkişaf etdiyi Dünya Turizm Təşkilatı tərəfindən də qeyd olunur: «Ölkəmiz bu təşkilatın icraiyyə komitəsinə üzv seçilib. Azərbaycanda turizmin inkişaf tempi yüksəkdir, hər il 10-15 faiz artım müşahidə olunur. Bu inkişaf birbaşa ölkə Prezidentinin diqqət və qayğısı sayəsində reallaşır.
Ölkəmizə gələn insanlar buradan xoş təəssüratlarla ayrılırlar. Azərbaycanın böyük turizm potensialı müxtəlif ölkələrdə daha geniş təbliğ olunmalıdır. Bu istiqamətdə müxtəlif təbliğat vasitələrindən istifadə etməliyik. Bugünkü festival da mədəniyyətlə turizmin vəhdətini təsdiq edən önəmli bir tədbirdir. Kino sənəti Azərbaycanda 100 ildən çox bir tarixi əhatə edir. Bu illər boyu ölkəmizə həsr olunmuş dəyərli filmlər çəkilib. Azərbaycanın tanıdılmasında və təbliğində bu filmlərin böyük rolu olub. Bu gün kino sənəti və turizm bir daha birləşir. Azərbaycanda ilk dəfə olaraq beynəlxalq turizm filmləri festivalı keçirilir. Festivala müxtəlif ölkələrdən göstərilən maraq deməyə əsas verir ki, o, artıq beynəlxalq status alıb. Əminəm ki, münsiflər heyəti ədalətli seçim edəcək və bütün nominasiyalar üzrə layiqli filmlər qalib seçiləcək».
Nazir bildirdi ki, festivalın açılışı digər bir əlamətdar hadisə ilə də müşayiət olunur: “Ölkəmiz Fransa ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri seçiləndən sonra bu əlaqələr daha da genişlənib. Çox əlamətdardır ki, bütün dünyada tanınan sənətkar, yaxın dostumuz Jerar Depardye də bu əlaqələrin gücləndirilməsinə öz töhfəsini verir. Fransa və Azərbaycan kinematoqrafçıları tərəfindən Aleksandr Dümanın “Qafqaz» əsəri əsasında «Qafqaza qayıdış» sənədli filmi çəkildi».
Əbülfəs Qarayev qeyd etdi ki, sənətindən asılı olmayaraq bütün insanlar öz vətəninin, doğma yurdunun təbliğinə xidmət etməlidir: «Əminəm ki, Azərbaycan kino sənətinin nümayəndələri bu sahədə böyük istedad nümayiş etdirəcək və beynəlxalq festivallarda ölkəmizin turizm potensialı layiqli təbliğ olunacaq. Ümid edirəm ki, bu festival ənənə halını alacaq, hər iki ildən bir biz bu tədbirin iştirakçısı olacağıq».
Sonra «Qafqaza qayıdış» sənədli filminin yaradıcı heyəti səhnəyə çıxdı və film haqqında fikirlərini bölüşdülər. Festivalın açılış mərasimi filmin nümayişi ilə başa çatdı (Film haqqında yazı səhifə 9-da).

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar