Məhəmməd Füzulinin adı klassik Azərbaycan poeziyasının zirvəsinə həkk olunub. Onun qəzəlləri, xüsusilə “Leyli və Məcnun” poeması müəllifinə yalnız türk-müsəlman aləmində deyil, daha geniş coğrafiyada şöhrət qazandırıb.

Azərbaycan və müsəlman Şərqində onun qəzəllərinə, “Leyli və Məcnun” poemasına çoxsaylı nəzirələr yazılıb. Eyni zamanda xüsusi Füzuli ədəbi məktəbi formalaşıb.

Bu il dahi şair və mütəfəkkirin anadan olmasının 530 illiyidir. Prezident İlham Əliyevin 24 yanvar 2024-cü il tarixli sərəncamı ilə Füzulinin yubileyi növbəti dəfə dövlət səviyyəsində qeyd ediləcək.

Molla Məhəmməd Süleyman oğlu (Məhəmməd Füzuli) 1494-cü ildə İraqın Kərbəla şəhərində dünyaya göz açıb. Oğuzların Bayat boyundan olan Məhəmməd mükəmməl təhsil alıb, dini və dünyəvi elmləri dərindən mənimsəyib. Şəxsi mütaliəsi sayəsində klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənib. Bir müddət İraqın Nəcəf və Hillə şəhərlərində də yaşayıb. Uzun müddət müqəddəs ocaq, din və vəqf idarələrində çalışaraq güzəran keçirib.

Erkən çağlardan yaradıcılığa başlayan Məhəmməd “Füzuli” (ərəb dilindən tərcümədə “çoxdanışan” deməkdir) təxəllüsü ilə şeirlər yazıb. Ədəbiyyatşünasların fikrincə, şair bu təxəllüsü təsadüfən götürməyib. Həmin dövrdə də şairlərin əsərlərini öz adlarına çıxanlar vardı. Füzuli hesab edirdi ki, bu təxəllüslə yazılan nümunələrə sahib çıxan olmayacaq.

Məhəmməd Füzuli İraqda hökmran olmuş istər Səfəvi, istərsə də Osmanlı saraylarına üz tutmayıb, sadə ömür sürərək yaradıcılıqla məşğul olub.

Şairin müasiri Əhdi Bağdadi “Gülşəni-şüəra” (“Şairlər gülşəni”) adlı təzkirəsində Məhəmməd Füzulini bilik və mərifətdə kamil, yeni məzmunlu fikir söyləməkdə misilsiz bir sənətkar kimi təqdim edib. Təzkirəçi şairin həm də böyük hörmət sahibi və alim kimi tanındığını yazıb.

Araşdırmalardan məlum olur ki, şair Azərbaycan və fars dillərində yüzlərlə qəzəl, habelə qəsidə, müxəmməs, təxmis, qitə, rübai və s. qələmə alıb. Onun “Leyli və Məcnun”, “Bəngü-badə”, “Söhbətül-əsmar”, “Həft cam”, “Hədiqətüs-süəda”, “Rindü Zahid”, “Səhhət və Mərəz”, “Mətləül-etiqad”, “Hədisi-ərbəin” (tərcümə), “Şikayətnamə” və s. irihəcmli əsərləri dövrün sınaqlarından çıxaraq günümüzə gəlib çatıb.

 

Məcnundan füzun aşiqlik istedadı...

 

Füzuli şeiriyyətinin, qəzəllərinin əsas mövzusu məhəbbətdir və şair yaradıcılığının bu cəhətini diqqətə çəkərək yazır:

Məndən, Füzuli, istəmə əşarü-mədhü zəmm,
Mən aşiqəm, həmişə sözüm aşiqanədir.

“Məni candan usandırdı...” qəzəlində lirik qəhrəmanın ülvi eşqi bənzərsiz ifadə və üslubda tərənnüm olunur. Qəzəl aşiqin şikayətləri ilə başlayır. İstəyinə çatmayan aşiqin odlu ahları dörd bir tərəfi yandırsa da, muradının şamını alışdırmır...

Məni candan usandırdı, cəfadan yar usanmazmı?!
Fələklər yandı ahımdan, muradım şəmi yanmazmı?!

Füzuli məhəbbəti insana nəciblik, sədaqət, səmimiyyət  və fədakarlıq aşılayan bir hissdir. Bu yüksək insani hisslər həm də sevgi ilə azadlıq arasında bir bağlılıq yaradır.

Şairin məhəbbət mövzusu geniş və çoxcəhətlidir. Bu mövzu bəşəri, həm də ilahi eşq və gözəlliyə söykənir. O, lirik qəhrəmanının məhəbbətini hərarətli bir dillə izhar edir. Məhəbbət aləmində Məcnundan da üstün olduğunu diqqətə çatdırır:

Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var...

Akademik Həmid Araslı Füzuli yaradıcılığındakı sevgini belə qiymətləndirir: “Füzuli dünyaya məhəbbət gözü ilə baxdığı üçün kainatın məhəbbət əsasında yarandığını zənn edir. Şair insan gözəlliklərini hər şeydən üstün tutur, onun mənəvi qüdrətini və zahiri gözəlliklərini tərənnüm edir”.

 

Təkcə eşq dastanımı?...

 

Füzuli yaradıcılığının yüksək zirvəsi, sözsüz ki, Azərbaycan dilində 1536-cı ildə qələmə aldığı “Leyli və Məcnun” əsəridir. Şərq xalqları arasında geniş yayılmış bu mövzunun qədim bir tarixi vardır. Bu mövzuda ilk dəfə 1188-ci ildə böyük Azərbaycan şairi Nizami Gəncəvi epik poema yazıb. Sonra onlarca şair bu mövzuya müraciət edib. Həmin əsərlər sırasında ən geniş şöhrət tapan, gözəl sənət nümunəsi kimi əbədiləşən isə Füzulinin “Leyli və Məcnun”udur.

Mən gövhərəm, özgələr xiridar,
Məndə deyil ixtiyari-bazar.
Dövran ki, məni məzada saldı,
Bilmən kim idi satan, kim aldı.
Olsaydı mənim bir ixtiyarım,
Olmaz idi səndən özgə yarım...

Son dərəcə maraqlı kompozisiyası ilə seçilən əsər lirik ricətlər, gözəl təbiət təsvirləri ilə zəngindir. Təsadüfi deyil ki, dahi Üzeyir bəy məhz bu əsər əsasında 1908-ci ildə nəinki Azərbaycanda, eləcə də müsəlman Şərqində ilk operanı yazıb.

Şair digər epik əsərlərində bir sıra tarixi hadisələrə, sosial məsələlərə öz münasibətini bildirib, müdrik baxışlarını ortaya qoyub. Müəllif “Bəngü-badə” (“Tiryək və şərab”) əsəri ilə Səfəvi və Osmanlının 1514-cü ildə qarşı-qarşıya gəldiyi və hər iki qüdrətli türk dövlətinin gücünün sarsıldığı Çaldıran döyüşünə etirazını bildirib.

Füzuli “Meyvələrin söhbəti” əsərində zəmanəsinin ictimai çatışmazlıqlarına, baş verən yersiz çəkişmələrə münasibət bildirir. Yersiz qürur, mənasız öyünmələrin faydasızlığını, bir-birinin eyiblərini söyləməklə öz məziyyətlərini tərifləyənləri meyvələrin mübahisəsində göstərir. İctimai ədalətsizlikdən, dünyanın vəfasızlığından şikayətlənən şair yazır:

Dünya işinin mədarı yoxdur,
Heç kimsəyə etibarı yoxdur.
Eylər birisini sahibi-tac,
Ol birisin eylər ona möhtac...

Məhəmməd Füzuli Osmanlı hökmdarı Sultan Süleyman Qanuniyə yazdığı “Şikayətnamə” adlı bədii məktubunda vəqf idarələrindəki rüşvətxorluq və süründürməçiliyi tənqid edir. Azərbaycan dilində qafiyəli nəsrdə (səcli qafiyə) qələmə alınan əsərdə işlənən bir sıra deyimlər bu gün də xalq arasında zərbi-məsəl kimi işlənir.

Məhəmməd Füzuli 1556-cı ildə Kərbəla şəhərində vəfat edib, İmam Hüseyn məqbərəsinin yaxınlığında dəfn olunub.

Füzuli yaradıcılığı saralıb-solmayan duyğu və fikirlər çələngidir. Şairin milli poeziyamızı zənginləşdirən yaradıcılığı əbədiyaşarlıq qazanmış söz inciləri, müdriklik xəzinəsidir.

Savalan Fərəcov