Tarixçi-şərqşünas, akademik Nailə Vəlixanlı ilə iki mövzuda bir söhbət

 

Bu il görkəmli teatr və kino aktyoru, Xalq artisti Məmmədəli Vəlixanlının (1899–1969) anadan olmasının 125 illiyidir. Aktyorun qızı, tanınmış tarixçi-alim, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı ilə söhbətimizdə mərhum sənətkarın ömür və sənət yolu, eləcə də özünün elmi fəaliyyəti, planları haqqında danışdıq.

 

– Nailə xanım, bəzi mənbələrdə atanızın Fatmayı kəndində doğulduğu qeyd olunur.

– Babam Fatmayı kəndindən olsa da, atam 15 mart tarixində Bakı şəhərində, indiki Ə.Hüseynzadə küçəsində (keçmiş İskra küçəsi) dünyaya gəlib və həmin ev indi də qalır. Babamın baqqal dükanı və karvansarası var idi. Atamı ilk olaraq mollaxanaya, daha sonra “Səfa” mədəni-maarif cəmiyyəti nəzdində fəaliyyət göstərən məktəbə qoyub. Məktəb həmin vaxtlarda dövrünə görə çox inkişaf etmiş bir təhsil ocağı olub. Dövrün maarifçi insanları bu məktəblə əlaqə saxlayır, şagirdlərin tərbiyə və inkişafına təsir göstərirdilər. Bu şagirdlərin yeni bir vətəndaş kimi yetişməsində həmin ziyalıların da böyük rolu olub. Həmin məktəbdə oxuyanda atam tamaşalarda, eləcə də məhəllədə göstərilən şəbih tamaşalarda iştirak edir. Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Dadaş Bünyadzadə 1922-ci ildə atamı teatra dəvət edir. Həmin ildən ömrünün sonuna kimi atam teatrda işlədi. 1961-ci ildə xəstələndi və yataq xəstəsi olduğu üçün teatra gedə bilmədi. Onun bütün fəaliyyəti Akademik Milli Dram Teatrı ilə bağlı idi.

 

– Yəqin ki, atanıza aid arxiv sənədləri qorunur?

– Bəli, biz o zaman atama aid olan bütün arxiv materiallarını Dövlət Teatr Muzeyinə verdik. Orden və medalları, afişalar və s. Atam ifa etdiyi rolların sözlərini ərəb qrafikalı Azərbaycan əlifbası ilə yazırdı. Həmin yazıların olduğu materialları qardaşım Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə vermişdi. Bizim muzeydə də qorunan əşyaları var: bir təsbehi və fotoları. Atam bu təsbehdən Ocaqqulu obrazını (C.Cabbarlı, “Almaz” – red.) canlandırarkən istifadə edib.

 

– Ailədə neçə övlad idiniz?

– Üç övlad idik. Məndən kiçik qardaşım Aqşin də aktyor idi. Mən çox istəyirdim ki, heç olmasa, rejissor olam, amma atam icazə vermədi. Bir qardaşım da var idi. O bizdən çox böyük idi. Vaxtsız rəhmətə getmişdi. Aqşin böyük həvəslə teatrda işləyirdi. Amma o, atamla az müddət çalışdı.

 

– Atanız teatrdan getdikdən sonra əlaqə saxladığı dostları vardı?

– Yaxşı dostları var idi: İsmayıl Dağıstanlı, Ələsgər Ələkbərov, Ağadadaş Qurbanov, Ağasadıq Gəraybəyli, Mehdi Məmmədov...  Xəstələndikdən sonra atamın ürəyi teatrda qalmışdı. İflic olmuşdu, yaxşı yeriyə bilmirdi. 60 yaşı olsa da, çox cavan görünürdü. Əfsus ki, təzyiq onu xəstəliyə düçar etdi. Dörd ilə yaxın idi ki, atam xəstəliyi üzündən teatra gedə bilmirdi. Görkəmli rejissor Mehdi Məmmədov bizə gəlib atama dedi ki, “Hamlet”in radiotamaşasını hazırlayırıq və sən orada mütləq Birinci məzarçını səsləndirməlisən. O, radio əməkdaşlarını gətirdi və atamın səsini yazdılar. Bu, atamın son rolu, tamaşası da sayıla bilər. Həmin lent yazısı hazırda radionun “qızıl fond”unda qorunur. Bu haqda o vaxt kiçik məqalə də dərc olunmuşdu. Məqalədə “Dörd ildən sonra sevimli sənətkarın, nəhayət ki, heç olmasa, səsini eşitdik” deyə qeyd olunmuşdu.

 

– O zaman atanızın 60 illiyi qeyd olundumu?

– İndiki zaman olsaydı, həkimlər atamı tez sağaldardı. Həmin dövrdə tibb o qədər də inkişaf etməmişdi. Teatrda 60 illik yubileyini keçirmək istəyirdilər, alınmadı. O vaxt televiziyada yubileyi qeyd edildi. Amma səhnədə qismət olmadı. Televiziya verilişləri əksərən canlı yayımlandığı üçün həmin lent yazısı qalmadı. Martın 15-də ad günü idi, martın 18-də xəstələndi. Əslində, martın əvvəlindən özünü yaxşı hiss etmirdi. Həkimlər ona istirahət etməyi məsləhət bilmişdilər. Sabit Rəhmanın “Əliqulu evlənir” əsərinin tamaşası hazırlanırdı. Atam Xəlil rolunda çıxış edirdi. Həmin obraz da çox yaddaqalan oldu.

 

Ailənin tək oğul övladı və “heydəri” sırğa

 

– Obrazlarını evdə hazırladığı məqamlar olurdumu?

– Axır illər atam rola hazırlaşanda tərəf-müqabili olaraq dialoqları evdə mənimlə məşq edirdi. Buna görə də mən artıq onun bir çox rollarını əzbər bilirdim. Həkimlər səhnəyə  çıxmağa icazə vermirdilər. Amma o deyirdi qoy tamaşanın premyerası olsun. 1961-ci ildə cəmi iki dəfə həmin tamaşada səhnəyə çıxa bildi. Hətta mən bir nüansı xatırlayıram. O vaxt tamaşadan sonra teatrın avtobusu aktyorları evə aparırdı. Biz tamaşadan sonra evə getdiyimiz vaxt rəhmətlik Mirvari Novruzova atama belə bir söz dedi: “Vəlişka, sənə göz dəyəcək...”. Yaxın dostları ona belə müraciət edirdilər. Bəlkə də, elə bir qüvvə var ki, insan nəyisə hiss edir. Həmin tamaşada Ağasadıq müəllim Əliqulu obrazını oynayırdı. Qızı ilə yaxın rəfiqə idik. Premyerada onunla yanaşı oturmuşduq. Hələ tamaşa başlamamışdı, özümü hədsiz həyəcanlı hiss edirdim. Elə bil atamın son dəfə səhnəyə çıxışını hiss etmişdim. Bu mənim heç vaxt yadımdan çıxmır. Atamın bu tamaşada dublyoru İsmayıl Osmanlı idi. İki tamaşadan sonra xəstələndi. Pirşağıda bağımızda olarkən vəziyyəti pisləşmişdi. O dövrdə maşın-filan da tapmaq çətin idi. Böyük yük maşınında gətirmişdilər evə. İndi düşünürəm ki, atamın vəziyyətinin ağırlaşmasına bu amillər də təsir etdi o vaxt. Həkim çağırdıq, baxdı, dedi tərpətmək olmaz. Amma heç kim onun xəstəliyinə inanmırdı deyə İsmayıl Dağıstanlı gəlib ona baş çəkdi. Onlar xeyli deyib-güldülər və bundan sonra atam yenidən insult keçirdi, komaya düşdü. Xəstəxana şəraitində müalicəsini davam etdirdi. Səkkiz il bu xəstəliklə mübarizə apardı və 69 yaşında dünyasını dəyişdi. Yadıma düşmüşkən onu da deyim ki, o dövrdə babam, yəqin ki, aman-zaman bir övladı olduğu üçün atamın aktyor olmasını əvvəllər istəməyib. Amma yeniliyə açıq insan olduğu üçün sonradan bunu qəbul edib. Mən uşaq olanda atamın bir qulağında deşik görmüşdüm və həmişə bunun səbəbini soruşurdum. Sonradan bildim ki, babam 40 yaşında olarkən ailə qurub və o zaman nənəmin yaşı çox az olub. Təqribən 10 il sonra evin yeganə övladı – atam dünyaya gəlib. Azərbaycanın bir sıra bölgələrində nəslin yeganə oğlan uşaqlarının qulağının bir tayına “heydəri” sırğa taxırdılar və atamın da qulağında olan bu deşik həmin sırğadan qalma nişanə idi...

 

– Atanızın 125 illiyini necə qeyd etmək istəyirsiniz?

 

– Düzü, mən teatrlardan heç bir təklif almamışam. Özüm də müraciət etməmişəm.

 

– Rəhmətlik qardaşınız Aqşin Vəlixanlı da gözəl aktyor idi. Bəs bu gün nəslinizdə bu sənəti davam etdirən varmı?

– Hərdən Aqşin qardaşımla atamın sənətini müqayisə edirəm. Qardaşım tamam başqa səpkidə bir aktyor idi. O da aramızdan tez getdi. Potensialını səhnədə tam nümayiş etdirə bilmədi. Bu da onun xarakterindən irəli gəlirdi. Heç vaxt tamaşanın sonunda səhnəyə çıxmazdı, həmişə qıraqda dayanardı. O da atam kimi zarafatcıl və böyük yumora sahib idi. Zəngin mütaliəsi vardı. Qardaşımın bir oğlu var idi, o da rəhmətə gedib. Nəvələr isə tamam başqa sahəni seçiblər. Mənim ailəmdəkilər isə tarix sahəsinə yönəldilər.

 

“Məqsədimiz odur ki, muzeyin fondları anbara çevrilməsin…”

 

– Nailə xanım, icazənizlə, biz də söhbətimizi elə çalışdığınız sahəyə yönəldək. Yadımdadır, orta məktəbdə tarix müəllimimiz deyirdi ki, tarixə çox da inanmayın, o dəyişkən ola bilir. Bu fikir nə dərəcədə həqiqəti əks etdirir?

– Mən uzun illər ali məktəblərdə dərs demişəm. Hər zaman auditoriyaya daxil olanda birinci sözüm bu olur: nə qədər ki gəncsiniz, ailənizin tarixi ilə maraqlanın. Yəni bir növ şəcərənizi bilin. İnsan öz tarixini, kimliyini bilməlidir. Əvvəlcə öz kimliyini öyrən, sonra ətrafa çıx. Tarix dəyişmir. Tarix elə yerindədir. Sadəcə, onu təqdim edənlər dəyişdirirlər. Tarix siyasiləşəndə dəyişir. Antik müəlliflərin təqribən belə bir deyimi var: “Tarixə güllə atan gələcəyinə güllə atar”. Tarix obyektivliyi sevir. Bu obyektivliyə də insanlar şərait yaradır. Tarixin dəyişməsinin isə artıq bəlli səbəbləri var. Müəyyən məqsəd və qərəz üçün. Heç uzağa getmədən erməni siyasətini qeyd edə bilərik. Onlar özlərinə quraşdırma bir tarix yaradıblar. Köçüb məskunlaşdıqları əraziləri hər zaman tarixi vətənləri kimi təqdim ediblər.

 

– Tarix mənbə əsasında yazılır...

– Məsələn, tutaq ki, mən Orta əsrlər tarixi ilə məşğulam. Demək, mən müxtəlif mənbələrdən istifadə edirəm. Həmin dövrdə yazılmış ilkin mənbələrə istinad. Dəfələrlə olub ki, qonşu ölkələrin tarixçiləri ilə görüşlərdə ərazi və sərhəd mövzularında müzakirələr zamanı əgər sən ilkin mənbədən fakt gətirdinsə, o zaman əlavə suala və şərhə ehtiyac qalmır. Amma bir mənfi hal da var ki, öz dilimizdə mənbə azdır. Tarix çox gözəl elmdir, əslində, dəqiq elmdir, lakin onu dəqiqlikdən kənar edənlər var...

 

– Sizi bu sahəyə atanız yönəltdi, yoxsa öz seçiminiz oldu?

– Düzü, mən heç tarixə yönəlməmişdim. 132 saylı məktəbdə birinci sinfə getmişəm.  Anam inad etdi ki, mən skripka aləti üzrə musiqi təhsili alım. Zorla məni iki il dərsə apardı. Sonra o mərhələ çatdı ki, mən orta məktəb fənlərimi də birdəfəlik musiqi məktəbində təhsil almaqla davam etdirməli idim. O zaman artıq mən getmək istəmədim. Bizim məktəbin bir neçə məzunu həmin il Bakı Dövlət Universitetinin yeni açılmış Ərəb dili fakültəsinə sənəd verdilər. Mən də onlarla bir sırada bu seçimi etdim. Bizə ərəb filologiyasından dərs keçilirdi. Amma artıq təyinatla Şərqşünaslıq İnstitutuna gələndə tarixlə məşğul olacağıma qərar verdim. Ərəb filologiyası ilə məşğul olmaq üçün dili mükəmməl bilməlisən. Bizim çox yaxşı müəllimimiz var idi – Ələsgər Məmmədov. 10 nəfərlik qrupdan 6 nəfər universiteti fərqlənmə diplomu ilə bitirdi. Amma mən tarixi seçdim. O vaxt rəhmətlik Ziya Bünyadov xilafətin tarixi ilə məşğul idi və “Azərbaycan VII–IX əsrlərdə” mövzusunda dissertasiya müdafiə edəcəkdi. Ziya müəllim və institutun direktoru akademik Əlisöhbət Sumbatzadə dedilər ki, IX–XII əsrlərdə ərəb coğrafiyaşünaslarının Azərbaycan haqqında yazdıqlarını öyrən, dissertasiya kimi müdafiə et. Beləliklə, mən tarixə gəldim və şərqşünas-tarixçi oldum. 27 yaşımda müdafiə etdim. Elə o vaxtdan da dərs deməyə başladım.

 

– O dövr də Azərbaycan tarixinin maraqlı səhifələrindəndir...

– Bəli, xilafət dövrü həddən artıq maraqlıdır. Ərəblərin gəlişi, bizim torpaqlarımızı tutması və s. Biz dini mənimsəmişik, ancaq ulu babalarımız mübarizə aparıblar. Bu tarixi öyrənmək və yazmaq lazım idi... 

 

– Hazırda hansı mövzular üzrə araşdırma aparırsınız?

– Muzeydə yeni ekspozisiyamızı açmağa hazırlaşırıq. 2020-ci ildə muzeyin 100 illiyi qeyd ediləcəkdi, lakin pandemiya səbəbindən olmadı. Daha sonra isə maliyyə vəsaitinin azlığı yeni ekspozisiyanın qurulub başa çatdırılmasına imkan vermədi. Çox sağ olsun Prezidentimiz, ekspozisiyanın qurulmasına vəsait ayrılması ilə bağlı sərəncam imzaladı. Hazırda yeni ekspozisiyanın bələdçisini yazıram. Həmçinin Azərbaycanın tarixi coğrafiyasını yenidən işləyirəm. Bir müddət əvvəl Zəngəzur tarixinə aid kitab yazdım. Həmçinin muzeyimizin əməkdaşlarının da ərsəyə gətirdiyi yeni kataloqlar var ki, onlara da elmi redaktor kimi rəhbərlik edirəm. Əsas məqsədimiz odur ki, muzey fondları anbara çevrilməsin, tədqiq və təbliğ olunsun. 2000-ci ildən müntəzəm olaraq hər il muzeyin eksponatlarını elmi baxımdan təqdim edən 5-10 kataloqumuz çapdan çıxır.

 

– Sizə işlərinizdə uğurlar arzulayırıq.

– Mən də sizə və qəzetinizə təşəkkür edirəm.

Lalə Azəri