Milli Kitabxananın dövri mətbuat arxivindən (12)
Azərbaycanda incəsənət, o cümlədən teatr sənəti hər zaman dövlətin qayğısı ilə əhatə olunub. Bu baxımdan sovetləşmənin ilk dövrlərində, incəsənətin həm də mövcud siyasi quruluşun təbliğatçısı kimi mühüm rolu göz önünə alınaraq bu sahəyə xüsusi diqqət vardı. Rejim ona münasib olmayan ədəbiyyat, incəsənət xadimlərini repressiyalara məruz qoyduğu kimi, sosialist mədəniyyəti yolunda istedad və zəhmətini əsirgəməyənlərə maddi təşviq imkanlarını da işə salmışdı. Mətbuat xronikasından növbəti seçmələrdən biri bu barədədir.
“Azərbaycan Devlət Dram Teatrosu əməkçilərinin təltif edilməsi”
1936-cı ilin aprelində hökumət və partiya Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının yaradıcı heyətini mükafatlandırır. Azərbaycan Sovet Sosialist Cümhuriyyəti (o vaxt belə adlanırdı – red.) XQS (Xalq Komissarları (kommunist, komissar, komitə kimi sözlər “q” ilə yazılırdı – red.) Soveti) və Azərbaycan Kommunist (bolşevik) Firqəsi MQ-nin (Mərkəzi Komitəsi) “Ədəbiyyat” qəzetində dərc olunan qərarında son zamanlar “bir sıra böyük bədii quruluşlar” – “Hacı Qara”, “Polat qartal” və “xüsusilə Azərbaycan səhnəsinin böyük qələbəsi” olan “Maqbet” tamaşaları ilə teatrın yaradıcılığının artdığı vurğulanırdı.
“Əzizbəyov adına Azərbaycan Devlət Dram Teatrosu əməkçilərinin təltif edilməsi haqqında” qərar beş bənddən (dövrün orfoqrafiyası saxlanılıb – red.) ibarət idi.
1. Elm və incəsənət əməkçiləri evində ADDT artistlərinə 4 mənzil verilsin.
2. Əzizbəyov adına ADDT cümhuriyyətinin əməkdar aqtrisası Mərziyəyə və baş rejissor əməkdar incəsənət xadimi A.A.Tuqanova xalq artisti adının verilməsi haqqında ASSC MİQ qarşısında təşəbbüs edilsin.
3. “Maqbet” quruluşunda xüsusilə səy göstərmiş ADDT işçilərini mükafatlandırmaq üçün incəsənət işləri idarəsi və teatro direqsiyası sərəncamına 25 min manat bıraqılsın.
4. Teatro əməkçilərinin mədəni-məişət şəraitinin yaxşılaşdırılması üçün ADDT direqsiyasına 30 min manat və ADDT artistləri rejissorlarından 10 nəfərinin yaradıcılıq məzuniyyəti üçün 15 min manat buraqılsın.
5. Teatro üçün bir yük maşını ayrılsın.
ASSC XQS sədri Hüseyn Rəhmanov, AQ (b) F MQ katibi M.C.Bağırov.
***
Qəzetin 1-ci səhifəsində həmin qərarın yanında Azərbaycan Dövlət Dram Teatrı adından partiya və hökumətə təşəkkür müraciəti də dərc olunmuşdu.
Sitat: “Firqə və hükumətin mükafatı bizi incəsənətin yeni zirvələrini fəth etmək üçün var qüvvəmizi, enerji və istedadımızı daha artıq səfərbərliyə almağa məcbur edir. Formalist və naturalist səhvləri aradan qaldırmaq, xalq yaradıcılığı xəzinəsindən istifadə etməklə, biz ordenli Azərbaycanın qəhrəman proletariatı və qolxozcu kəndlilərinin tələbləri səviyyəsində duran yeni bədii nümunələr yaradacağıq...”.
“Ədəbiyyat” qəzeti, 14 aprel 1936-cı il