Amma dəyərli incəsənət əsərləri xilas edilib

 

Kopenhagendə dünyanın ən qədim fond birjasının binasında baş verən yanğın zamanı on milyonlarla dollar dəyəri olan incəsənət əsərləri xilas edilib.

Onlardan biri rəssam Peder Kroyerin “Kopenhagen fond birjasından” (1985) tablosudur. Ölçüsü 4x2 metr olan rəsm əsərini yanan binadan bir neçə nəfər, o cümlədən Danimarkanın ədliyyə naziri Brayan Mikkelsen çıxarıb.

Maraqlıdır ki, o dövrün (80-ci illər) 50 tanınmış birjaçısının əks olunduğu tablo onların sifarişi ilə çəkilib. Bunun üçün birjaçılar rəssama o dövrün valyutası ilə hərəyə 70 dollar ödəyiblər. Bu gün əsərin qiyməti bilinməsə də, o,  fond birjası interyerinin ən görkəmli əsəri sayılırdı.

Fond birjasının binasında saxlanılan digər əsərlər Lorenz Fröhlixin dörd kömürlə işlənmiş rəsmi və Bertel Torvaldsenin yaratdığı Danimarka Kralı IV Kristianın heykəlidir.

Yanğın zamanı tarixi tikilidən sənət əsərlərinin xilas olunması üçün sadə insanlar, şəhər sakinləri də özlərini odun içinə atıblar. “Yoldan keçənlərin yanan binadan sənət xəzinələrini və ikonik şəkilləri xilas etmək üçün yanğınsöndürənlərə kömək etdiyini görmək çox təsirli idi”, – deyə Danimarkanın mədəniyyət naziri Jakon Engel-Schmidt bildirib.

Qeyd edək ki, aprelin 16-da baş verən güclü yanğın tarixi birja binasının qülləsindəki şpilin dağılmasına səbəb olub. XVII əsrə aid (1615) tikilidə bir müddət əvvəl restavrasiya işləri başlanmışdı. Danimarka Ticarət Palatasının yerləşdiyi bina qədimliyi ilə bərabər, interyerini bəzəyən rəsm və heykəllərlə də məşhur idi. Şəhərin turistik simvollarından olan binanın dörd əjdaha quyruğu formasında inşa edilmiş şpilinin hündürlüyü 56 metr idi.

V.Kamal