Çingiz Sadıxovun xatirəsinə...

 

Xəbər verdiyimiz kimi, Azərbaycanın Xalq artisti, görkəmli pianoçu, ömrünün son illərini ABŞ-də yaşamış Çingiz Sadıxovun (1929–2017) 95 illik yubileyi münasibətilə Şimali Kaliforniyada konsert təşkil olunub.

“Azərbaycan sədaları” adlı konsert aprelin 12-də Azərbaycan Respublikasının Los-Ancelesdəki Baş Konsulluğu və Diaspor İncəsənət Şəbəkəsinin təşkilatçılığı ilə keçirilib.

Tədbirdə çıxış edən Azərbaycanın baş konsulu Ramil Qurbanov milli musiqi mədəniyyətimizin görkəmli nümayəndələrindən olan və Azərbaycanın musiqi tarixində böyük iz buraxmış Çingiz Sadıxovun həyat və yaradıcılığı haqqında danışıb.

Konsert proqramında ABŞ-də yaşayan Azərbaycanın tanınmış kamança ustadı İmamyar Həsənov və əslən İrandan (Cənubi Azərbaycan) olan müğənni Vahid Bayat, pianoçu Amir Bayat və tarzən Aydın Şaterian tərəfindən Çingiz Sadıxovun repertuarından musiqilər və xalq mahnıları ifa edilib.

Konsert böyük maraqla qarşılanıb. Sonda Çingiz Sadıxovun qızı Lalə Həmidova çıxış edərək ifaçılara minnətdarlığını bildirib. O, həmçinin atasının Bakıda, Fəxri xiyabanda dəfn edilməsinə görə Azərbaycan rəhbərliyinə ailəsi adından minnətdarlıq ifadə edib.

Xatırladaq ki, Çingiz Sadıxov uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, “Azkonsert”in bədii rəhbəri olub, məşhur vokalçıları müşayiət edib. Musiqiçi 1994-cü ildən ABŞ-yə köçmüş, San-Fransisko, daha sonra San-Xose şəhərlərində yaşamışdı. 2017-ci il dekabrın 30-da dünyasını dəyişən sənətkarın nəşi dövlətimizin başçısının tapşırığı ilə Bakıya gətirilərək dəfn edilib.