Bu il Tovuz rayonuna 45 minə yaxın turist gəlib
Azərbaycanın qərb bölgəsində turizmin inkişafı Mədəniyyət və Turizm Nazirliyinin prioritet istiqamətlərindən biridir. Son illər bölgədə bu məqsədlə bir sıra layihələr həyata keçirilib.
Tovuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın Qasımov bizimlə söhbətində bildirdi ki, 2013-cü ilin ötən dövrü ərzində Tovuza 45 minə yaxın turist gəlib. Onların arasında əcnəbilər də olub: “Xarici turistləri istirahətdən daha çox rayon ərazisindəki qədim abidələr və yaşayış məskənləri maraqlandırır. Biz də onlara bu istiqamətdə yardımçı olur, qonaqlara mədəni irs və tariximiz barədə məlumat veririk”.
Şöbə müdirinin sözlərinə görə, rayonda Ağdam, Böyük Qışlaq, Qaralar, Abdal kəndləri istiqamətində 4 turizm marşrutu müəyyənləşdirilib, marşrutlar boyunca yol asfaltdır: «İndiyədək əsas problemimiz yolla bağlı idi. Artıq bu problem həllini tapıb. Bu marşrutların üzərində qədim tarixə malik mədəni abidələr yerləşir. Turistlərin abidələrə baxmaq üçün uzaq məsafəyə getməsinə ehtiyac yoxdur. Göytəpə qədim yaşayış məskəni İpək Yolu magistralının 2 kilometrliyindədir. Burada gələcəkdə açıq səma altında muzey təşkil olunacaq».
Rayonda 50-yə yaxın irili-xırdalı turizm obyekti var. Onlardan 4-ü müasir standartlara tam cavab verir, 3 obyekt Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. Şöbə müdiri bildirdi ki, turistlərin istirahəti üçün yüksək şərait yaradılıb: «Şəhərin girəcəyində - Tovuz çayının sol sahilində ümumilikdə 5 hektar sahəsi olan Tovuz Olimpiya İdman Kompleksi müasir tələblərə cavab verən idman və istirahət mərkəzidir. Komplekslə üzbəüz 10 hektar sahədə Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı yaradılıb. Onu da qeyd edim ki, bu, ərazisinə görə respublikanın ən iri parklarından biridir”.
Qeyd edək ki, ölkəmizin qərb bölgəsində yerləşən Tovuz rayonunun əlverişli iqlim şəraiti, gözəl təbiət mənzərələri, tarixi abidələri turizmin inkişafı üçün geniş imkanlar açır. Bu səbəbdən rayona xarici turistləri cəlb etmək üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
Rayonda 62 daşınmaz tarixi və mədəniyyət abidəsi qeydiyyatdadır. Rayon mərkəzindən 12 km məsafədə, Kür çayının sağ sahilində yerləşən «Torpaqqala» qədim yaşayış yeri də turizm üçün maraqlı məkandır. Qovlar qəsəbəsi və İbrahimhacılı kəndində xarici turistlər üçün maraq kəsb edəcək şərab dequstasiyası zalları və konyak klubu var. Zəyəm dağ çayında turistlərin balıq tutması, su idmanı və üzgüçülüklə məşğul olmaları, qəlyanaltı və nahar üçün müasir standartlara uyğun obyektlərin yaradılmasına başlanılıb.
Aşağı Quşçu kəndi ərazisində, Bakı-Qazax magistral yolunun bir kilometrliyində eramızdan əvvəl VI minilliyə aid edilən «Göytəpə» yaşayış məskəni turistlərdə ölkəmizin tarixi barədə təsəvvür yaradan mühüm məkanlardandır. Vahidli kəndində Axıncı çayı üzərində XIX əsr memarlıq abidəsi olan «Sultan körpüsü», xüsusi coğrafi quruluşa malik «Qala düzü» ərazisi də maraqlı turizm obyektidir. Tovuz şəhərində 1923-cü ildə alman icması tərəfindən tikilib istifadəyə verilmiş şərab zavodu «Şərab yolu marşrutu» turizm layihəsinə daxil edilib. Yeni inşa olunmuş karvansaray tipli «Qala», «Üç qala» kompleksi də turistlər üçün maraqlı məkandır.
Heydər Əliyev Mərkəzi, Tovuz Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Sənəti Dövlət Muzeyi, Rəsm Qalereyası eksponatlarla zəngindir. Rayonda hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Aşıq Sənəti Dövlət Muzeyi üçün yeni üçmərtəbəli bina tikilir. Burada eyni zamanda gənclər aşıq sənətinin sirlərini öyrənəcəklər.
Fəxriyyə Abdullayeva