Aprelin 18-də AMEA A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabının təqdimatı keçirilib.
İnstitutun direktoru professor Kərim Şükürov diqqətə çatdırıb ki, Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilən kitabının təqdimatında, eləcə də “Qafqaz Albaniyası: etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” XI beynəlxalq konfransda iştirak etmək üçün Türk Tarix Qurumunun rəhbəri professor Yüksel Özgenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Tarix və Etnologiya İnstitutu ilə Türk Tarix Qurumu arasında əlaqələrin ildən-ilə inkişaf etdiyini vurğulayan direktor qeyd edib ki, hazırda iki ölkə tarixinin müxtəlif dövrlərinin tədqiqi ilə yanaşı, mixi yazıların öyrənilməsi, arxeologiya, etnologiya sahələrində əməkdaşlıq formatları barədə müzakirələr aparılır. Təqdim edilən kitabın yazılmasında da iki ölkənin mütəxəssisləri iştirak ediblər.
Türk Tarix Qurumunun rəhbəri professor Yüksel Özgen də son illərdə AMEA-nın Tarix və Etnologiya İnstitutu ilə əməkdaşlığın genişləndiyini deyib, Azərbaycanla, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müvafiq qurumları ilə əməkdaşlığa böyük önəm verdiklərini vurğulayıb. O, həmçinin Özbəkistanla eyni mövzuda kitabın yazılmasına başlanıldığını, bu işin ortaq türk tarixinin yazılmasının bir parçası olduğunu deyib.
AMEA Qafqazşünaslıq İnstitutunun direktoru professor Musa Qasımlı, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Mühiddin Macid kitabın nəşrini Azərbaycan-Türkiyə elmi əməkdaşlığı baxımdan yüksək qiymətləndiriblər.
Qeyd edək ki, Türk Tarix Qurumunun Avrasiya Bölməsi tərəfindən 2023-cü ilin yanvarında keçirilən Türkiyə-Azərbaycan əlaqələri üzrə birgə komissiyada “Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabının yazılmasına qərar verilib, mövzular müəyyən edilib və kitabın nəşri qısa müddətdə reallaşıb.
Nəşrin ərsəyə gəlməsində Türkiyə alimlərindən professorlar Ahmet Taşağıl, Aydın Usta, Bekan Köksü və başqaları, azərbaycanlı tarixçilərdən professorlar Kərim Şükürov, Şahin Fərzəliyev, Tofiq Mustafazadə, İlqar Niftəliyev, Musa Qasımlı, dosent İradə Məmmədova iştirak ediblər. On altı bölmədən ibarət kitabın redaktoru professor İbrahim Tellioğludur.