AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada “Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri” mövzusunda dəyirmi masa keçirilib.
Folklor İnstitutunun direktoru akademik Muxtar Kazımoğlu-İmanov tədbiri açaraq ölkələrimizin elmi-mədəni əlaqələrinin qədim tarixə malik olduğunu bildirib, elmi qurumlar bu əməkdaşlığa töhfə verdiyini vurğulayıb.
Sonra Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru Nurbay Cabborov, Urgənc Dövlət Universitetinin Özbək filologiyası fakültəsinin dekanı professor Dilşod Qayipov, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri professor Almaz Ülvi çıxış ediblər.
Çağdaş dövrdə türk xalqları arasında ədəbi-mədəni əlaqələrin onların ortaq tarixi keçmişinə əsaslandığı, Azərbaycan və özbək xalqlarının dil, mədəniyyət, musiqi baxımından yaxınlığının bu əlaqələri daha möhkəm etdiyi vurğulanıb.
Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru İslam Yaqubov, Urgənc Dövlət Universitetinin professoru Nəsibə Sabirova, dosentlər Azamat Primov və Salamat Matkərimova, Folklor İnstitutunun əməkdaşları – Qalib Sayılov, Nail Qurbanov, İlhamə Qəsəbova və Aynur İbrahimova mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Tədbir özbək şairi Cari Əvəzin “Ürəyinizdə yaşayıram” kitabının təqdimatı ilə yekunlaşıb.