Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Əməkdar incəsənət xadimi, dirijor Azad Əliyevin (1951–2014) xatirəsinə həsr olunmuş konsert keçirilib.
Aprelin 18-də təşkil olunan konsertdən öncə musiqişünas Raya Abbasova Azad Əliyevin ömür və yaradıcılıq yolu haqqında söz açıb, onu istedadlı musiqi xadimi kimi xarakterizə edib. Bildirilib ki, dirijor musiqi mədəniyyətimizin inkişafına mühüm töhfələr verib.
Sonra söz musiqiyə verilib. Konsertdə Xalq artisti, dirijor Ramiz Məlik Aslanın rəhbərliyi altında BMA-nın tələbə simfonik orkestrinin müşayiəti ilə Zemfira Əliyeva (piano), Əyyub Əliyev (violonçel), Elina Əliyeva (violin), Rəfiqə Quluzadə (piano) çıxış ediblər.
İstedadlı musiqiçilərin ifasında İ.S.Bax, V.A.Motsart, R.Şuman, J.Sibelius, P.Mascagni-E.Köhler, J.Massenet, A.Piazzolla, V.Azaraşvili kimi bəstəkarların əsərləri təqdim olunub.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.