Kanar adalarının sakinləri kütləvi turizmə etiraz edir

 

“Kanar adalarının öz sərhədləri var!”, “Mənim adam mənim gələcəyimdir!” – Kanar adalarının on minlərlə sakini ötən şənbə (20 aprel) bu şüarlarla nümayiş keçiriblər. Tenerife şəhərinin küçələrinə çıxan sakinlər ölkədə kütləvi turizmin dözülməz həddə çatmasına etiraz edirlər. Adalardakı digər şəhərlərin sakinləri də həmrəylik nümayiş etdiriblər.

Yerli əhali normal həyatı onlar üçün əlçatmaz edən, dinclik tapmağa imkan verməyən, adalarda təbiəti məhv edən kütləvi turizmdən bezib.

Kanar adaları (ispanca Islas Canarias) İspaniyanın idarəçiliyində olan, Atlantik okeanında, Afrikanın şimal-qərb (Mərakeş və Qərbi Sahara) sahili yaxınlığında yerləşən səkkiz adadan ibarət arxipelaqdır. 1982-ci ildə Kanar adalarına muxtar özünüidarə statusu verilib.

Adaların ümumi ərazisi 7,4 min kvadrat kilometr, əhalisi 2,2 milyon nəfərə yaxındır. 2023-cü ildə adalar rekord sayda – 16 milyon turist qəbul edib.

Dünyanın ən məşhur turistik bölgələrindən olan Kanar adalarında xüsusilə yaz-yay mövsümlərində əcnəbi qonaqlar əlindən tərpənmək olmur. Vəziyyət belə olunca yerli sakinlər kütləvi turizmin təsirlərinə qarşı etiraz aksiyalarına çıxıblar. Məlumatlara görə, ötən həftəsonu aksiyalarda ümumilikdə 130 minə yaxın sakin iştirak edib.

V.Kamal