«İslam fəlsəfəsi və müasirlik»
Noyabrın 27-də Azərbaycan Turizm İnstitutunda (ATİ) ictimai fənlər kafedrasının təşkilatçılığı ilə «İslam fəlsəfəsi və müasirlik» mövzusunda seminar keçirildi. Tədbir müasir dünyada İslamın düzgün qavranılması, gənclərin dindən öz məqsədləri üçün istifadə edən bəzi ünsürlərin təsiri altına düşməsi kimi aktual problemlərin müzakirəsinə həsr olunmuşdu.
İctimai fənlər kafedrasının fəlsəfə müəllimi Vidadi Rzayev bildirdi ki, tələbələrin bu barədə fikir və düşüncələri bizim üçün çox maraqlıdır: “Bəzən insanların xurafata, cəhalətə yuvarlanması kimi hallarla qarşılaşırıq. Ulu öndər Heydər Əliyevin bu barədə çox maraqlı bir fikri var: «Bizim gənclərimiz dinimizi olduğu kimi qəbul etməlidirlər. Biz heç vaxt yol verə bilmərik ki, ayrı-ayrı şəxslər, qüvvələr öz şəxsi mənafelərini güdərək, İslam dini pərdəsi altında gənclərin mənəviyyatının zədələnməsinə gətirib çıxarsınlar». Burada əsl İslamdan söhbət gedir. Bizim əsas məqsədimiz də İslamın elmi mahiyyətinin tələbələr tərəfindən dərk edilməsinə nail olmaqdır».
Vidadi Rzayev gələcəkdə bu mövzuda konfrans keçirməyi nəzərdə tutduqlarını bildirdi. Çıxışçı son vaxtlar dinlə məşğul olan gənclərin intihar etməsi faktına da toxundu. Bildirdi ki, belə gənclərə əsl İslamın mahiyyəti başa salınsa, heç vaxt bu yola əl atmazlar: “Bu isə ailənin, orta və ali məktəbin vəzifəsidir. Düşünürəm ki, belə tədbirlər institutlarda tez-tez təşkil olunmalıdır».
Tədbirdə tələbələrin «İslam fəlsəfəsi formalaşması», «İslamda fəlsəfi cərəyanlar», «İslam fəlsəfəsi və mənəvi dəyərlər», «İslam və tərəqqi», «İslam və çağdaş problemlər» mövzusunda çıxışları maraqlı müzakirələrə səbəb oldu.
Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov tədbirin yekununda bildirdi ki, ali məktəbin funksiyası tələbəyə yalnız bilik verməkdən ibarət deyil. Faktlar, biliklər yekunda insanın düzgün əqli nəticəyə gəlməsinə kömək etməlidir: «Biliklərə yiyələnmədən sərbəst düşünmək mümkün deyil. Buradakı çıxışlarda tələbələrin sərbəst çıxışı, öz fikirlərini izah etmələri məni çox sevindirir. Bu, gənclik üçün çox vacibdir. Din başqalarının üzərində dominant olmaqdan ötrü deyil. Din insanları zərifləşdirir, onlarda insani hisslər yaradır. Mən ümid edirəm ki, tələbələrimiz öz bilik və bacarıqlarını bu istiqamətdə getdikcə dərinləşdirəcəklər».
Fəxriyyə Abdullayeva