Bu sahənin inkişafı büdcə gəlirlərini artırır, işsizliyi azaldır, yoxsulluğu aradan qaldırır

Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Hazırda turizm sektoru dünya üzrə ümumi daxili məhsulun 9, ixracın 6 faizini təşkil edir. Turizmin sosial-iqtisadi inkişafda aparıcı qüvvəyə çevrilməsi gəlirlərin artmasında, sektorla bağlı infrastrukturun qurulmasında, yeni iş yerlərinin yaradılmasında özünü göstərir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, dünya üzrə hər 11 iş yerindən biri turizm sektorundadır.

Azərbaycanda iqtisadiyyatın diversifikasiyası, regionların inkişafı üçün məhz bu sənaye həlledici əhəmiyyət kəsb edir. Turizmdə ölkəmizin rəqabət imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Təsadüfi deyil ki, Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib.
Son 10 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi dövlətin bu sahəyə diqqətini bir daha sübut edir. «2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafına dair» və «2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair» dövlət proqramlarının qəbul olunması, Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin Azərbaycanda «Turizm ili» elan edilməsi, bununla əlaqədar geniş tədbirlər planının təsdiq və icra olunması dövlət səviyyəsində turizmin inkişafına verilən dəstəyin əyani sübutudur. Bu tədbirlərin nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni bir turizm istiqaməti kimi tanınmağa başlayıb.
Mədəniyyət və Turizm Nazirliyinin son statistikasına görə, turizm sahəsində çalışan işçilərin sayı son illər 2,9 dəfə, yerləşdirmə obyektlərində yerlərin ümumi sayı isə 3,3 dəfə artıb. Hazırda Azərbaycanda mehmanxanalarda çalışan işçilərin sayı 7668 nəfər, turistlərə bilavasitə xidmət edən işçilərin sayı isə 4767 nəfərdir. Mehmanxanaların fəaliyyəti nəticəsində istismardan 79 425 500 manat gəlir əldə olunub. Son dövrlərdə dövlət tərəfindən turizmin inkişafına yaradılan münbit şərait nəticəsində respublika ərazisində fəaliyyət göstərən turizm şirkətlərinin sayı 200-ə, mehmanxana və mehmanxana tipli obyektlərin sayı 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 506-ya çatıb (onların 80 faizi regionlarda yerləşir). Bütün bunların nəticəsi olaraq 2011-ci ildə Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 2003-cü illə müqayisədə 2,2 dəfə artaraq 2 milyon 239 min 141 nəfər təşkil edib. 2012-ci ildə isə ölkəmizə 2 milyon 484 min qonaq gəlib ki, təxmini hesablamalara görə, bunun 2 milyonu turistdir.
10 il əvvəl Azərbaycana gələn xarici turistlərin ölkəmizdə xərcləri 57,7 milyon ABŞ dolları təşkil edirdisə, bu rəqəm 2012-ci ildə 1 milyard 479 milyon dollar olub, həmçinin ÜDM-də turizmin çəkisi 2 dəfə artıb.

Dövlət proqramları regionlarda turizmin inkişafını sürətləndirir

Azərbaycanın regionlarının turizm imkanları çox böyükdür. Bu, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında da əksini tapır.
Millət vəkili, parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimlinin sözlərinə görə, regionların inkişafı üzrə 2004-2008-ci illəri əhatə edən birinci proqram daha çox sosial-mədəni infrastrukturun yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tuturdu. Bu sənəddə xəstəxanalar, təhsil müəssisələri, mədəni-maarif ocaqları, yol infrastrukturu, kanalizasiya, su sistemi və sairənin qurulmasına üstünlük verilirdi. Bütün bunlar isə turizm üçün vacib olan məqamlardandır: «Ən azı ona görə ki, sahibkar investisiya qoymaq istədiyi regionda ilk növbədə infrastrukturun, şəraitin olmasına diqqət yetirir. Bunlar olmadığı təqdirdə ucqar bir yerdə böyük turizm kompleksi yaratmağın heç bir əhəmiyyəti yoxdur. Çox vacib şərtlərdən biri turistin istirahət obyektinə rahat getməsi, orada yüksək səviyyəli xidmət görməsi və təhlükəsizliyinin təmin olunmasıdır. Bu mənada birinci dövlət proqramı dolayısı ilə turizm üçün baza rolunu oynayacaq müasir infrastrukturun formalaşdırılması ilə xarakterizə olunur. 2009-2013-cü illəri əhatə edən ikinci dövlət proqramı isə daha çox birbaşa turizmlə əlaqəli olan, bu sahəyə xidmət edən müvafiq strukturun yaradılmasını nəzərdə tutur. Yalnız onu demək kifayətdir ki, hazırda ölkədə 50-yə yaxın müxtəlif ulduzlu yerləşdirmə yerləri tikilir ki, bunların hamısı istifadəyə verildikdə Azərbaycanda mövcud yataq sayı 30 faiz artacaq».

Sahibkarlığa Kömək Milli Fondu turizm layihələrinə kredit ayırır

Müstəqil ekspert hesablamalarına görə, regionlarda yeni iş yerlərinin yaradılmasında turizmin rolu olduqca əhəmiyyətlidir. Hətta bu istiqamətdə bütün potensialdan istifadə olunarsa, turizmdə çalışanlar məşğul əhalinin təxminən 10 faizə yaxınını təşkil edə bilər. Göründüyü kimi, burada kifayət qədər əhəmiyyətli bir sahədən söhbət gedir.
İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu turizmin regionların sosial-iqtisadi inkişafında əhəmiyyətini nəzərə alaraq turizmlə bağlı layihələrin maliyyələşdirilməsini həyata keçirir. Fondun vəsaitləri hesabına Azərbaycanın müxtəlif rayonlarında son iki il ərzində turizmin inkişafı ilə bağlı 10 layihə maliyyələşdirilib. 2012-ci ildə 6 sahibkara 220 min manat güzəştli kredit verilib və bu kreditlər hesabına 65 yeni iş yeri yaradılıb. 2013-cü ilin ötən dövrü ərzində isə 4 sahibkara 60 min manat güzəştli kredit ayrılıb, nəticədə 14 yeni iş yeri yaradılıb.
İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Abbas Əliyevin sözlərinə görə, fonda təqdim olunan layihələrin maliyyələşdirilməsində məhz neçə yeni iş yerinin yaranacağı əsas meyarlardan biri kimi götürülür. Maliyyələşdirilmiş layihələrin monitorinqi aparılır və bu zaman nəzarət olunan göstəricilərdən biri də biznes-planda nəzərdə tutulan iş yerlərinin həqiqətən açılıb-açılmamasıdır. Həmçinin yeni yaradılan müəssisələrdə iş yerlərinin daimiliyi də şərtlər sırasındadır: «Layihələrdə yaradılacaq iş yerlərinin neçəsinin daimi, neçəsinin müvəqqəti olacağı da göstərilməlidir».
Qeyd edək ki, Qusar rayonu ərazisində yerləşən «Şahdağ» Qış-Yay Turizm Kompleksinin tikintisi tamamilə başa çatdıqdan sonra burada 5000 insan işlə təmin olunacaq. Azərbaycan tarixində ilk dağ-xizək kurortu olan «Şahdağ» kompleksinin ilk mərhələsinin açılışı 2012-ci ilin dekabrında keçirilib. Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin 2058 hektar sahəsi var. İlk mərhələdə kompleks ərazisində hotellərin tikintisi və burada turizm infrastrukturunun qurulması dövlətin hesabına həyata keçirilib. Sonrakı mərhələlərdə isə sahibkarların burada turizm obyektləri tikib istifadəyə verməsi nəzərdə tutulur. Bu ilin yanvar-mart aylarında 50 mindən çox yerli və xarici turist kompleksdə istirahət edib. Kompleks yay ayları ərzində də fəaliyyətini davam etdirib və turistlərə mövsümə uyğun xidmətlər təklif edilib.

Turizm qeyri-enerji sektorunun lokomotividir

Turizmin inkişafında əsas amillərdən biri infrastrukturun qurulmasıdır. Azərbaycanın regionlarında bu məsələ tədricən həllini tapır. Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, bölgələrimizdə qaz, işıq, su, yanacaq, yol problemi aradan qaldırılır: «Biz diqqət yetirsək, görərik ki, təxminən 10-12 il əvvəllə müqayisədə infrastrukturla yanaşı, çoxlu sayda yeni turizm obyektləri inşa edilib istifadəyə verilib. Bu işlər getdikcə genişlənir. Gəncədə, Mingəçevirdə, Lənkəranda, Qəbələdə, Nabranda, Qusarda, Qubada xeyli sayda hotelin açılması onu göstərir ki, iqtisadiyyatda turizmə maraq ildən-ilə artır».
Assosiasiya təmsilçisi turizmi qeyri-enerji sektorunun lokomotivi sayıla biləcək sahələrdən biri kimi qiymətləndirir: «Turizm həm ekoloji cəhətdən təmizlikdir, həm də yeni iş yerləridir. Regionlarda yeni turizm obyektlərinin açılması insanların işlə təmin olunması, əmək qüvvəsinin ölkədən kənara çıxmaması deməkdir. Mən deyərdim ki, regionlarda turizm obyektlərinin sayı daha da çox olmalı və infrastruktur nəinki ildən-ilə, hətta aydan-aya, gündən-günə inkişaf etdirilməlidir».
Həmsöhbətimiz inkişaf yolunda problemlərin mövcudluğunu da təbii sayır. Onun sözlərinə görə, kadr çatışmazlığı bu istiqamətdə rast gəlinən ən başlıca çətinlikdir: «Regionlarda kadr hazırlığı bir qədər problemlidir. Amma dövlət bu istiqamətdə də iş aparır. Məsələn, Qəbələ və İsmayıllı rayonlarında kadr hazırlığı daha da mükəmməlləşib. Hər iki rayonda turizm peşə liseyi fəaliyyət göstərir. Bu isə yaxın rayonların da kadr tələbatını ödəməkdə əhəmiyyətli rol oynaya bilər. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm İnstitutu və Azərbaycan Turizm Assosiasiyası da bu istiqamətdə üzərinə düşən hər şeyi edir».

Turizmin inkişafı 52 sektora təsir göstərir

Bu gün dünyada çox az ölkə tapmaq olar ki, regionları turizm olmadan inkişaf edib. Azərbaycanda bir neçə region üzrə bu sahədə çox sürətli inkişaf gedir. Turizmin inkişafı büdcə gəlirlərinin artmasına, yoxsulluğun və işsizliyin azalmasına səbəb olur.
Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanovun fikrincə, turizmin inkişafı 52 sektora təsir göstərir. Onun sözlərinə görə, bir turistin gəlişi nəticəsində göstərilən xidmətlərin məcmusu məhz bu sayda sektorun birlikdə təqdim etdiyi xidmətlərin məcmusuna bərabərdir: «Bu baxımdan turizm iqtisadiyyatda sahələrarası katalizator roluna malik sektor kimi qiymətləndirilir. Həm regionların, həm paytaxtların, böyük şəhərlərin inkişafında bu sahənin rolu danılmazdır. Əgər hansısa bir regionu canlandırmaq, iqtisadiyyatın sahələrini inkişaf etdirmək, rəqabət qabiliyyətini artırmaq lazımdırsa, orada hökmən turizm sektoruna diqqət yetirilməlidir».
Sonda bir məqamı da qeyd edək ki, 2003-cü ildə Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən bölgələr üzrə yeddi turizm marşrutu müəyyənləşdirilib. Bunlardan 4-ü əsas, 3-ü isə əlavə marşrut hesab edilir. Əsas turizm marşrutlarımız Bakı-Xaçmaz, Bakı-Balakən, Bakı-Astara və Bakı-Qazax, əlavə marşrutlar isə Bakı-Abşeron yarımadası, Bakı-Dağlıq Qarabağ, Bakı-Naxçıvandır.
Əsas marşrutlar üzərində yerləşən rayonlarda müxtəlif turizm növlərini inkişaf etdirmək istiqamətində layihələr həyata keçirilir. İlk növbədə isə həmin rayonlar beynəlxalq səviyyədə təbliğ olunur. Hazırda Avropa Şurasının təcrübəsi çərçivəsində bu rayonların turizm imkanlarının tanıdılması üçün «Böyük İpək yolu», «Şərab yolu», «Xalçaçılıq», «Aleksandr Düma Qafqazda» və «Azərbaycanda alman məskənləri» layihələri reallaşdırılır. Bu, eyni zamanda ölkəmizə gələn turistlərin sayının artırılmasına və çoxçeşidli turizm məhsulunun yaradılmasına xidmət edir.

Fəxriyyə Abdullayeva

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar