Azərbaycan nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatının 2024-cü il üçün turizm paytaxtı seçilən Özbəkistanın Şəxrisəbz şəhərində “Turizm günləri” tədbirində iştirak edir.
Bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.
Tədbir çərçivəsində təşkil olunan “Şəxrisəbz 2024 – İƏT-in turizm paytaxtı” forumunda çıxış edən Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə Azərbaycanla İƏT-ə üzv olan ölkələr arasında turizm əlaqələrinin inkişaf etdiyini, ötən il Azərbaycanla üzv ölkələr arasında 7200, bu ilin ilk rübündə isə 1500 birbaşa uçuşun həyata keçirildiyini bildirib.
O qeyd edib ki, 2023-cü il ərzində əsasən Türkiyə, İran, Qazaxıstan, Pakistan, Türkmənistan və Özbəkistandan olmaqla İƏT ölkələrindən Azərbaycana 730 000-dən çox ziyarətçi gəlib. Eləcə də 1 milyondan çox Azərbaycan vətəndaşı daha çox Türkiyə, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistan olmaqla İƏT üzvü olan ölkələrə səfər edib.
K.Quluzadə 2026-cı il üçün Şuşanın təşkilatın turizm paytaxtı seçildiyini vurğulayaraq bunun Qarabağın turizm imkanlarının tanıdılması istiqamətində vacib addım olduğunu bildirib.
Özbəkistan Turizm Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində təşkil edilən etno-festivalda Azərbaycan kulinariyası təqdim edilib.
Aprelin 27-dək davam edəcək Forumda üzv ölkələr arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi üzrə məsələlər müzakirə olunur.
Qeyd edək ki, mayın 2-3-də Bakıda ilk dəfə olaraq İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin tur operatorlarının forumu təşkil ediləcək.