Zəngin mədəni irs və əsrarəngiz təbiət

Turizm marşrutu ölkəmizin cənub bölgəsinin gözəlliklərini yenidən kəşf etməyə imkan verir

Dekabrın 7-8-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Vektor Travel” turizm şirkəti və Masallı rayonundakı “Viləş” mehmanxanasının təşkilatçılığı ilə Salyan-Masallı- Lənkəran istiqamətində “Cənub mirvarisi” adlı ekoturizm və mədəni turizm marşrutu üzrə infotur gerçəkləşdi. İnfoturda Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, “Vektor Travel”in daxili turizm və marketinq direktoru Kənan Hənifəyev, 24 turizm şirkətinin nümayəndələri və media
təmsilçiləri iştirak edirdi.

Turun əsas məqsədlərindən biri zəngin turizm imkanlarına malik cənub bölgəsinin mədəni və tarixi irsini, milli folklor nümunələrini tanıtmaq və “Cənub mirvarisi” marşrutunu pasportlaşdırmaq idi. Bundan əlavə, səfər ölkə rəhbərliyinin regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq bölgələrdə yaradılan müasir mehmanxanaları, turistlərin asudə vaxtlarının səmərəli təşkili üçün mövcud olan digər xidmət sahələrini turizm şirkətlərinə təqdim etmək məqsədi daşıyırdı. Layihə “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndlərinə uyğun həyata keçirilir.

Lənkəranın turizm imkanları

Dekabrın 7-də səhər Bakıdan yola düşən infotur iştirakçılarının ilk dayanacağı Lənkəran şəhəri oldu. Burada əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olduq. Mərkəzdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, sənədlər, dövlətçilik tariximizlə bağlı ekspozisiya nümayiş olunur.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun adını daşıyan parkda ucaldılmış heykəlini, azərbaycanlıların soyqırımı abidəsini də ziyarət etdik, Gənclər mərkəzinə baş çəkdik.
Sonra yerli əhəmiyyətli tarixi memarlıq abidəsi olan XVIII əsrə aid Lənkəran qalasının bir hissəsi hesab edilən Dairəvi qalada olduq.
Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi İlqar Əzimov bildirdi ki, Dairəvi qalanın inşasına 1747-ci ildə Nadir şahın göstərişi ilə başlanılıb. Sonralar bu tikilidən Lənkəran qalasının istehkamı kimi istifadə olunub. Azərbaycan çar Rusiyası tərəfindən işğal olunduqdan sonra, eləcə də sovet dövründə (1970-ci ilədək) qaladan həbsxana kimi istifadə edilib. Vaxtilə bu qalada İosif Stalinin həbs həyatı yaşadığı da bildirilir.
2006-cı ildə abidə bərpa olunub, turizm nümayiş obyekti və rəsm qalereyası kimi yenidən fəaliyyətə başlayıb. Lənkəranın tarixi memarlıq abidələrindən danışan İlqar Əzimov qeyd etdi ki, rayonun ərazisində 87 tarixi mədəniyyət abidəsi var və onların təxminən yarıdan çoxu turizm nümayiş obyekti kimi istifadə olunur. Bölgənin əlverişli təbii şəraiti, dağ və dənizlə əhatə olunması, buradakı müalicəvi sular və s. turizm üçün geniş imkanlar yaradır.

“Hirkan” Milli Parkında

Nahar fasiləsindən sonra “Hirkan” Milli Parkında Lənkəranın əsrarəngiz təbiəti ilə tanış olduq. “Xanbulan” gölü və onun ətrafında yerləşən Talış dağları gözəl mənzərəyə, zəngin flora və faunaya malikdir. “Hirkan” Milli Parkının elmi işlər üzrə direktor müavini Hacıağa Səfərov bildirdi ki, parkın ümumi sahəsi 40358 hektardır.
Ərazidə 40-dan çox heyvan, o cümlədən maral, cüyür, ayı, bəbir, canavar, 60-dək balıq, 100-dən çox quş növü qeydə alınıb. Milli parka giriş-çıxış xüsusi nəzarətlə həyata keçirilir. Parkda ov etmək qadağandır. Burada palıd, dəmirağac, nil, meşə armudu, əzgil və s. ağaclarla zəngin floraya malik sıx meşəliklər var.

“Cənub mirvarisi” bölgədə turizmin inkişafını sürətləndirəcək

“Hirkan” Milli Parkının əsrarəngiz təbiətini seyr etdikdən sonra Masallı rayonunda yerləşən “Viləş” hotelinə yollandıq. Burada rayon İcra Hakimiyyətinin nümayəndələri və digər şəxslərin iştirakı ilə tədbir keçirildi.
Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı bölgənin turizm imkanları barədə danışdı. Bildirdi ki, rayona turist axını ildən-ilə artır: “Əgər 2012-ci ildə rayonumuza təxminən 17 minədək turist səfər etmişdisə, bu il artıq onların sayı 21 mini keçib. Nəzərdə tutulan tədbirlərin ardıcıl şəkildə yerinə yetirilməsi turistlərin sayının artmasına şərait yaradıb. Turistlərin Masallıya diqqətini artırmaq üçün folklor festivalı, turizm sərgiləri keçirilir”.
Qeyd olundu ki, Masallı rayonu böyük turizm imkanlarına malikdir. “İstisu” sanatoriyası, təbii bulaqlar, meşəliklər və özünəməxsus folklor nümunələri turistlərin marağına səbəb olur.
Mədəniyyət və Turizm Nazirliyi Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bildirdi ki, rayonda turizm obyektlərinin imkanlarının genişləndirilməsi, xarici və yerli turistlərin cəlb olunması istiqamətində bir sıra işlər görülür. Hazırda rayonda 30-a yaxın turizm obyektinin fəaliyyət göstərdiyini bildirən Mahir Qəhrəmanovun sözlərinə görə, “Cənub mirvarisi” marşrutunun müntəzəm həyata keçirilməsi həm Masallıda, həm də regionda turizmin inkişafına töhfə verəcək. Marşrut vasitəsilə yerli, eyni zamanda da xarici turistlərin bölgəyə axını sürətlənəcək.
Tədbirdə Masallı rayonunun “Halay” folklor kollektivi maraqlı proqramla çıxış etdi. Rayonun özünəməxsus, koloritli rəqs nümunələri nümayiş olundu.
Sonra qonaqlara Masallı mətbəxinin gözəl təamlarından olan “çölmə” yeməyi, boranılı aş və digər nümunələr təqdim olundu.
Sonda infoturda iştirak edən media və turizm şirkətlərinin nümayəndələrinə sertifikatlar verildi.

Masallı tarixi mədəniyyət abidələri ilə zəngindir

Masallı rayonu tarixi abidələri, mədəni irs nümunələri ilə zəngindir. İnfoturun ikinci günü rayonda yerləşən bir sıra tarixi mədəniyyət abidələri ilə yaxından tanış olduq. Rəhim Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq Muzeyində rayonun tarixi keçmişi ilə bağlı toplanmış eksponatlara baxış keçirildi. Muzeyin direktoru Əntiqə Tağıyeva bu barədə ətraflı məlumat verdi. Bildirdi ki, muzey Əməkdar müəllim, SSRİ Maarif əlaçısı, Böyük Vətən müharibəsi və əmək veteranı Rəhim Tağıyevin gərgin əməyi sayəsində yaradılıb. 1963-1977-ci illərdə ictimai əsaslarla fəaliyyət göstərmiş muzey 1978-ci ildə dövlət statusu alıb. Muzeydə ən qədim maddi mədəniyyət nümunəsi e.ə. IV minilliyə aiddir. Burada rayonun tarixinin müxtəlif dövrlərinə aid materiallar, arxeoloji qazıntılarda tapılmış silahlar, qablar, kənd təsərrüfatı alətləri qiymətli nümunələr kimi qorunub-saxlanılır.
İnfotur çərçivəsində Masallı rayonundakı XVI əsrə aid ölkə əhəmiyyətli dini tarixi abidə olan “İmamzadə” ziyarətgahına da baş çəkdik. Əntiqə Tağıyeva abidənin tarixi ilə bağlı məlumat verdi.

* * *
Masallıya səfərimizi başa vurandan sonra Salyan rayonuna gəldik. Burada Heydər Əliyev Mərkəzini ziyarət etdik. Mərkəzin zəngin ekspozisiyası ümummilli liderin həyatı, dövlətçilik fəaliyyəti barədə dolğun təsəvvür yaradır. İnfotur iştirakçılarına burada fəaliyyət göstərən müxtəlif dərnəklər barədə də məlumat verildi.
Bununla da “Cənub mirvarisi” infoturu başa çatdı.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar