Azərbaycan Turizm İnstitutunun (ATİ) magistratura, doktorantura və əlavə təhsil şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Nəsrulla Nəsirli və beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Orxan Musa Gürcüstanın Batumi şəhərində keçirilən «Cənubi Qafqaz sərhədyanı ölkələrinin turizmi» mövzusuna həsr olunan üçüncü əməli görüş-seminarın iştirakçısı olub.
Ənənəvi olaraq hər il keçirilən görüş-seminarda institut əməkdaşları «Azərbaycanda inkişaf perspektivləri olan turizm növləri» haqqında məruzə-təkliflərlə çıxış ediblər. Azərbaycanın turizm potensialı və turizm növləri, inkişaf perspektivləri, region ölkələri üçün «müalicə turizmi», «uşaq və gənclər turizmi» kimi aktual problemlərin həlli yollarının elmi izahına əsaslanan təkliflər paketi seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Üç qrup formatında iki gün davam edən əməli görüş-seminarda N. Nəsirli və O.Musanın region universitetləri, müvafiq ali təhsil müəssisələrinin inkişafı, vahid elmi jurnal və veb saytın yaradılması, doktorantlar üçün təqaüdlərin, həmçinin yay məktəblərinin təşkili barədə irəli sürdükləri təkliflər geniş fikir mübadiləsinə səbəb olub. Görüş seminarın sonunda Türkiyə, İran, Gürcüstanın müvafiq ali təhsil, turizm nazirlik və agentliklərinin nümayəndələri arasında memorandum imzalanıb. Növbəti əməli görüş-seminarın İranda keçirilməsi qərara alınıb.
Fəxriyyə Abdullayeva