Bakıda Monteneqronun fəxri konsulluğu açılıb. Bu münasibətlə düzənlənən tədbirdə Monteneqronun Türkiyədəki və eyni zamanda Azərbaycandakı səfiri Ramo Braliç, Monteneqronun fəxri konsulu Vüqar Əliyev, Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri Məmməd Əliyev, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.
Açılışdan əvvəl keçirilən görüşdə qeyd olunub ki, fəxri konsulluğun açılması iki ölkə arasındakı mədəni-iqtisadi əlaqələri daha da möhkəmləndirəcək.
Daha sonra çıxış edən səfir Ramo Braliç bildirib ki, Monteneqro ilə Azərbaycan arasında istər iqtisadi, istər siyasi və mədəni sahələrdə dostluq əlaqələri mövcuddur: «Azərbaycan Monteneqronun müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ölkələrimiz arasında strateji əməkdaşlıq üzrə bəyannamə imzalanıb. Azərbaycan Podqoritsada parklardan birinin yenidənqurması və abadlaşdırılmasında yaxından iştirak edib, orada dahi şair Hüseyn Cavidin abidəsi ucaldılıb. Ötən il Azərbaycandan 1500-dək turist Monteneqroya uçaraq və öz gözləri ilə mövcud olan sıx əlaqələrin şahidi olublar».
Fəxriyyə Abdullayeva