Heydər Əliyev Fondunun yubileyinə həsr edilmiş konsert
Mayın 4-də Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı təqdim olunacaq. Heydər Əliyev Fondunun yubileyinə həsr edilmiş konsert həm iştirakçıları, həm də repertuarı ilə rəmzi məna daşıyır.
Bu il yaranmasının 20 ili tamam olan Heydər Əliyev Fondu fəaliyyəti dövründə hər zaman gənc istedadlara, mədəniyyət və incəsənət sahəsinə dəstək göstərib, mədəniyyətimizin geniş təbliğinə yönələn layihələr həyata keçirib. Fond gənc istedadların xaricdə təhsil almasına, beynəlxalq müsabiqə və festivallarda iştirakına dəstək olub. Fondun muğam müsabiqələri, milli, klassik və caz musiqisi ilə bağlı layihələri, müxtəlif musiqi festivalları yeni istedadların üzə çıxarılmasına, onların inkişafına təkan verib.
Konsert proqramında Heydər Əliyev Fondunun yaradıcılıqlarında iz qoyduğu, dönüş və sıçrayış yaratdığı, dəstək göstərdiyi sənətçilər – Azər Zadə (tenor), Azər Zeynalov (tenor), Ceyla Seyidova (violin), Elçin Əzizov (bariton), Emil Əfrasiyab (piano), Elvin Hoca Qəniyev (violin), Fərhad Bədəlbəyli (piano), İsfar Sarabski (piano), Mirələm Mirələmov (xanəndə), Murad Adıgözəlzadə (piano), Samir Cəfərov (tenor), Təyyar Bayramov (xanəndə) və digərləri çıxış edəcək.