Aprelin 29-da Beynəlxalq Muğam Mərkəzində tanınmış xanəndə, bəstəkar, pedaqoq, Əməkdar artist Nuriyyə Hüseynovanın yaradıcılıq gecəsi keçirilib.
Gecədə xanəndənin sənət dostları və tələbələrinin çıxışları təqdim olunub.
Müdafiə Nazirliyinin nümayəndəsi Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani çıxış edərək xanəndəyə təbriklərini çatdırıb, onun hərbi hissələrdəki konsertləri ilə hər zaman əsgərlərdə ruh yüksəkliyi yaratdığını bildirib. A.Qurbani xanəndəyə Müdafiə Nazirliyinin fəxri fərmanını təqdim edib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa çıxışında xanəndənin sənəti, ictimai və pedaqoji fəaliyyətindən söz açıb. Bildirib ki, akademik Teymur Bünyadovun “Sən olmasaydın”, yazıçı Rasim Gənzəlinin “Qəlbi asiman kimi” kitabları xanəndənin həyat və yaradıcılığına həsr olunub. Millət vəkili muğam ifaçısının sənət yolunun yeni nəsil xanımlar üçün nümunə ola biləcəyini qeyd edib.
Azərbaycan Milli Konservatoriyasının rektoru Xalq artisti Səyavuş Kərimi, professor Qəzənfər Paşayev, ictimai xadim, tarixçi, professor Həsən Həsənov, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq elmləri doktoru Alla Bayramova, Xalq artistləri Mənsum İbrahimov, Nurəddin Mehdixanlı, Teyyub Aslanov, Munis Şərifov və başqaları Nuriyyə Hüseynovanın ifaçılıq manerasından, ölkəmizdə və xaricdə muğam sənətinin təbliğinə töhfələrindən bəhs ediblər. Bildirilib ki, Nuriyyə Hüseynova ifaçılıqla yanaşı, uzun illərdir ölkəmizdə muğamın tədrisi sahəsində də yorulmadan çalışır.
Tədbirdə Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyi adından xanəndəyə təbrik ünvanlanıb.
Gecənin konsert proqramı hissəsində Nuriyyə Hüseynova tələbələri və sənət dostları ilə birlikdə ifalar təqdim edib. Özünün bəstələrinin də yer aldığı proqram alqışlarla qarşılanıb.
Tədbirdə həmçinin xanəndənin bəstələrinin not məcmuəsi də təqdim olunub. Müəllifin 25 mahnısının yer aldığı “İllərim, xatirələrim” adlı məcmuəyə Xalq artisti Siyavuş Kərimi ön söz yazıb. Mahnıları Naxçıvan Musiqi Kollecinin müəllimi, Əməkdar artist Elman Əliyev nota köçürüb.
Lalə