Azərbaycan Prezidenti İlham Əliyevin himayədarlığı ilə keçirilən VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər işğaldan azad olunmuş Şuşa şəhərinə səfər ediblər.
38 ölkəni və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist və digər dinlərin liderləri və nümayəndələri mədəniyyət paytaxtımız Şuşa şəhərində dini liderlərin Şuşa görüşündə bir araya gəliblər.
Görüşdə əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edərək, Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoq və əməkdaşlıq məsələlərinə daim böyük qayğı ilə yanaşdığını bildirib, dinlərarası dialoq və multikulturalizm ideyalarının dünyanın və bəşəriyyətin ümumi sərvətlərindən biri kimi qorunmalı və inkişaf etdirilməli olduğunu qeyd edib.
Sonra BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos, Beynəlxalq Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdül Salam, Misirin baş müftisi Şövqi Əllam, Rusiyanın Baş ravvini Berl Lazar və digərləri Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verdiyini vurğulayıblar. Görüş iştirakçıları, həmçinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə yönəlik dəyərli fəaliyyət və səylərə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinə, VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Bakı və Şuşa görüşlərinin yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar.
Dünya mədəni və mənəvi irsinə aid olan, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərində işğal dövründə dağıdılmış mədəni və dini abidələrin bərpası prosesi yüksək dəyərləndirilib.
Şuşa görüşünün iştirakçıları müzakirələrdə Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din-dövlət münasibətlərinin yüksək səviyyədə formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verdiyini bildiriblər. Eyni zamanda, Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə yönəlik dəyərli fəaliyyət və səyləri, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələri yüksək qiymətləndirilib. Dini liderlər ölkəmizin mədəniyyət paytaxtı Şuşada dini liderlərin forumlarının mütəmadi keçirilməsi barədə təşəbbüs irəli sürüblər.
Sonra dünya dini liderlərinin Şuşa Bəyannaməsi yekdilliklə qəbul edilib.
İştirakçılar Prezident İlham Əliyevin müəllifi olduğu “Bakı Prosesi”ni alqışlayaraq, cari ilin noyabrında keçiriləcək COP29 - İqlim Dəyişikliyi üzrə Bakı Sammitinin təşkilatçısı Azərbaycan Respublikasına uğurlar diləyiblər.
Sonra dini liderlər Şuşada erməni vandalizminin nəticələri ilə tanış olub, Azərbaycan dövlətinin bu ərazilərdə apardığı bərpa, yenidənqurma işlərinin gedişatı barədə məlumatlandırılıblar.