Azərbaycan Dillər Universitetində (ADU) “Heydər Əliyev və milli mədəniyyət strategiyası” adlı tələbə-şagird elmi konfransı keçirilib. Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Bu barədə ADU-dan bildirilib.
ADU-nun rektoru akademik Kamal Abdulla konfransın tələbə və şagirdlər üçün yeni elmi biliklərin əldə olunması baxımından əhəmiyyətindən danışıb: “Bu konfransın keçirilməsi hər bir tələbə, hər bir şagird üçün elmi araşdırmalar aparılması, elmi təcrübələr qazanılması üçün əlverişli imkanlar yaradır. Tələbələrimizin və şagirdlərimizin savadlı, peşəkar, vətənpərvər olması vacibdir”.
Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru dosent Jalə Qəribova isə qeyd edib ki, ənənəvi keçirilən tələbə-şagird konfransına maraq ildən-ilə artmaqdadır: “Konfransın ideya müəllifi olan akademik Kamal Abdulla şagirdlərin universitet həyatına hazırlanmasına və elmi bacarıqlarının artırılmasına böyük önəm verir. Konfrans həm də Azərbaycan təhsilini daha da inkişaf etdirmək, gəncləri elmə istiqamətləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir”.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinin direktoru Aqşin Bağırov bildirib ki, Ulu Öndər Heydər Əliyevə həsr olunan elmi konfrans şagirdlər üçün yeni elmi biliklərin və təcrübələrin öyrənilməsi üçün olduqca vacib bir tədbirdir. Gələcəkdə şagird və tələbələr tərəfindən tədqiqat işlərinin aparılması baxımından konfransın əhəmiyyəti böyükdür.
Təhsil-1 fakültəsinin dekanı professor Fikrət Cahangirov iştirakçılara elmi konfransın gündəliyi haqqında məlumat verib. Qeyd edib ki, elmi konfrans ADU rəhbərliyi tərəfindən diqqətlə izlənilir və hər bir şagirdə, tələbəyə elmi bacarıqlarını inkişaf etdirmək üçün şərait yaradılıb.
Daha sonra tələbələr tezislərlə çıxış ediblər. Konfrans işini bölmə iclasları ilə davam etdirib.
Konfransda ümumilikdə 463 nəfər tələbə, şagird və magistr iştirak edib, respublikanın 11 fərqli təhsil müəssisəsindən şagird qoşulub. Elmi konfrans 4 əsas bölmə üzrə fəaliyyət göstərib. Tezislə iştirak edən şagirdlərin ayrı bölmə üzrə dosent Xuraman Əsgərovanın sədrliyi ilə dinləmələri keçirilib. Çıxışçılar konfransın gələcək istiqamətləri ilə bağlı fikirlərini bölüşüblər.
Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.