Kompleksdə “Şahdağ” və “Pik Palas” hotellərinin açılışı keçirilib

Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksində olublar. Kompleksdə “Şahdağ”, “Pik Palas” hotellərinin açılışı və 2013-cü ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

“Şahdağ” qış-yay turizm kompleksi dünyada bu tipli komplekslərdən universallığı ilə fərqlənir. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin tikintisinin hazırlıq işlərinə 2006-cı ildən başlanılıb, təməli 2009-cu ilin sentyabrında qoyulub. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinin ərazisi 2058 hektardır. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” layihəsinin reallaşdırılması ölkəmizdə dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır.
Azərbaycanda sürətlə inkişaf edən turizm sektoruna böyük töhfə olan “Şahdağ” kompleksində inşa edilən hotellər bu istirahət məkanına marağı daha da artırır. Qonaqların istirahətinin yüksək səviyyədə təmin olunduğu hotellərdə yaradılan şərait bir daha təsdiqləyir ki, bu gün ölkəmizdə turizm sektorunun inkişafına xüsusi fikir verilir. Təsadüfi deyil ki, son bir neçə ildə beşulduzlu hotellərin açılması ilə dünyanın ən məşhur hotel brendləri Azərbaycana gəlib.
2011-ci il Azərbaycanda “Turizm ili” elan edilib və bu istiqamətdə bir çox tədbirlər görülüb. Paytaxtla yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin göstəricisidir. “Şahdağ” qış-yay turizm kompleksində inşa edilən hotellərdə təqdim edilən yüksək şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını bir daha təsdiqləyir və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını göstərir.
Ölkəmizdə qeyri-neft sektoruna mühüm töhfə olan “Şahdağ” qış-yay turizm kompleksi Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Kompleksin inşası bir neçə mərhələdə aparılıb. Prezident İlham Əliyev 2011-ci ilin fevralında kompleksin 2 nömrəli kanat yolunun və xizək enişinin açılışında iştirak edib. Obyektin inşasını daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısı dəfələrlə əraziyə gələrək tikintinin gedişi ilə tanış olub. 2012-ci ilin dekabrında dövlət başçısının iştirakı ilə kompleksə daxil olan infrastruktur obyektlərinin, o cümlədən iki hotelin açılışı keçirilib. Bu ilin əvvəlindən kompleks ilk turistləri qəbul etməyə başlayıb.
Kompleksin birinci mərhələsi üzrə tikinti işləri dövlət tərəfindən maliyyələşdirilir. Tikintiyə nəzarəti Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” qış-yay turizm kompleksinin müdiriyyəti həyata keçirir.

* * *
Dövlət başçısı və xanımı əvvəlcə dağların əzəmətli gözəlliyi ilə əhatə olunan beşulduzlu “Pik Palas” hotelinin açılışında iştirak ediblər. Dövlət başçısı hotelin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Hotel yeni qurulan “PAŞA Hotels and Resorts” şirkəti tərəfindən idarə olunur. “Pik Palas” hoteli geniş çarpayılar, rahat qonaq və iş guşələri, döşəmədən tavana qədər uzanan pəncərələr və fransız üslublu eyvanları ilə 167 geniş yataq otağı və lüks nömrələri qonaqlara təqdim edir. Bütün qonaq otaqları müasir avadanlıqla təchiz olunub.
Mehmanxananın lobbisində yerləşən “Chocolat Patisserie” cah-calallıq və rahatlıq aurası yaradır. Burada şokolad trüfeli hazırlanan guşə mövcuddur. “Alpina Brasserie & Wine Bar” orijinal yeməklər təqdim edir. “Fujisan Restaurant & Bar” Yaponiya və Koreya yeməklərinin nadir vəhdətini təcəssüm etdirən mətbəxi ilə fərqli təcrübə təklif edir. Xüsusi bayramlar və ya özəl nahar görüşləri üçün bu restoran ideal məkandır. Fitnes xidmətlərinə idman zalı, saunalar və buxar otağı, qapalı üzgüçülük hovuzu və cakuzi, açıq havada günəş şüası qəbul etmək üçün isidilmiş üzgüçülük hovuzu daxildir. Sütunsuz, hündür tavanlı, təbii gün işığı ilə işıqlanan “Akasiya” ziyafət zalında ayaqüstü tədbirlər üçün 600-ə qədər, banket üslubunda 350-dək qonağı yerləşdirmək mümkündür.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə beşulduzlu “Şahdağ” hotelinin açılış mərasimi keçirilib. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak ediblər.
Azərbaycan Prezidenti mərasimdə nitq söyləyib: “Biz hər ilin sonunda idmançılarla görüşürük, ilin idman yekunlarını müzakirə edirik. Hər il bu görüşlər Milli Olimpiya Komitəsinin binasında keçirilir. Bu dəfə biz bu görüşü “Şahdağ”da keçiririk. Hesab edirəm ki, bu da bir ənənə olacaqdır. Çünki “Şahdağ” bu gün Azərbaycanın turizm və idman mərkəzinə çevrilmişdir”.
Prezident vurğulayıb ki, “Şahdağ” kurortunun yaradılması Azərbaycanda turizmin inkişafına xidmət göstərir: “Eyni zamanda, ölkəmizin imkanlarını göstərir. Çünki bir halda ki, biz bir neçə il ərzində dünya səviyyəli kurortu yarada bilmişiksə, deməli, bütün başqa sahələrdə də böyük işlər görməyə qadirik. Sovet dövründə Azərbaycanda heç vaxt dağ kurortları olmamışdır. Baxmayaraq ki, qonşu bölgələrdə olmuşdur. Ona görə qərar verildi ki, Azərbaycanda da olsun və bu kurort ən yüksək standartlara cavab verməlidir. Deyə bilərəm ki, dünya miqyasında, Avropada dağ xizəyi kurortları arasında “Şahdağ” artıq öz layiqli yerini tutub. Daxili turizm çox sürətlə inkişaf edir. Ancaq biz çalışmalıyıq ki, xarici qonaqlar da bu imkanlardan istifadə etsinlər. Onsuz da Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Əminəm ki, qış kurortlarına da xarici qonaqlar gələcəklər. Eyni zamanda, deyə bilərəm ki, bu layihə Qəbələ rayonunda da dağ xizəyi kurortunun yaradılmasına təkan vermişdir. Yəni, bu kurortun yaradılması bir neçə məqsədi güdür. Bu, bizə qeyri-neft sektorunun, turizmin inkişafı, ölkəmizi dünyada daha da dolğun şəkildə tanıtmaq imkanlarını yaradır”.
Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Əbiyev göstərdiyi diqqət və qayğıya görə idmançılar adından dövlət başçısına təşəkkürünü bildirib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu günün ölkəmizin tarixində əlamətdar gün olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həm idmanın, həm də turizmin yeni növünün formalaşdığını vurğulayıb.
Sonra Prezident İlham Əliyev müxtəlif beynəlxalq yarışlarda fərqlənən, ölkəmizdə idmanın inkişafına töhfə verən bir qrup idmançı və idman xadiminə yeni mənzillərin orderlərini, habelə Milli Olimpiya Komitəsinin fəxri fərmanlarını təqdim edib.
Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar incəsənət xadimi Zərifə Salahova Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdag” hotelində yaradılan şəraitlə tanış olublar.
173 otağın olduğu hotel nömrələri 5 kateqoriyaya bölünür - superior, deluxe, junior suite, suite və yüksək səviyyəli qonaqlar üçün nəzərdə tutulan nömrələr. Hoteldə fəaliyyət göstərən restoranlar şəbəkəsində milli və dünya mətbəxinin ləziz nümunələri təqdim edilir.
“Şahdağ” qış-yay turizm kurortu qonaqlara il boyu sonsuz həyəcanlı idman və əyləncə növləri təklif edir. Qonaqların burada möhtəşəm təbiət gözəlliyinin mərkəzində, dağ havasının təravətində müxtəlif əyləncə növlərinin əhatəsində olmaq şansı var. Burada müxtəlif səviyyəli idmançılar və həvəskarlar üçün 19-dan çox xizəklə sürüşmə yamacları planlaşdırılıb. Buradakı xizəksürmə məktəbi müxtəlif kurslar təklif edir. Kompleksdə hər yaş kateqoriyasından olan insanlara müxtəlif yay əyləncələri də təklif ediləcək. Bölgəni yenidən kəşf etmək istəyənlər, macəra axtarışında olanlar üçün raftinq, paraşütlə tullanma, qayaya dırmanma, velosipedlə gəzinti, göldə üzgüçülük və başqa idman əyləncələri də gələcəkdə qonaqların istifadəsinə təqdim olunacaq. Bundan əlavə, böyük qolf sahəsinin, maraqlı aqvaparkların və hovuzların da tikilməsi planlaşdırılıb.
Dövlət başçısı və xanımı “Şahdağ” qış-yay turizm kompleksində tikintisi başa çatmaq üzrə olan yeni beşulduzlu hoteldə aparılan tikinti-quraşdırma işləri ilə də tanış olublar.
Xüsusi memarlıq üslubunda inşa olunmuş binada aparılan tikinti-quraşdırma işləri zamanı ilk növbədə qonaqların istirahətinin və rahatlığının təmin edilməsi diqqət mərkəzində saxlanılıb. Ümumi sahəsi 22 min kvadratmetrdən çox olan hoteldə 164 nömrə yaradılacaq. Onlardan 149-u standart, 13-ü suit, 2-si isə dupleks suit nömrədir. Burada müxtəlif restoran, kafe və barlar fəaliyyət göstərəcək. 112, 65, 52 və 45 nəfərlik restoran və kafelərdə qonaqlara keyfiyyətli xidmət göstərilməsi üçün hər cür şərait yaradılacaq. Burada 130 nəfərlik konfrans zalı da qurulur. Hotelə biznes mərkəzi, müxtəlif trenajorların quraşdırıldığı idman zalı, dörd prosedur otağını özündə birləşdirən SPA, hovuz və digər xidmət obyektləri daxildir. Binanın altında 77 yerlik avtomobil dayanacağı da inşa olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar