“Science Advances” jurnalında dərc edilən araşdırmaya görə, dünyanın plastik çirklənməsinin yarısı 60 şirkətin payına düşür. İlk beşlikdə isə “Philip Morris International”, “Danone”, “Nestle”, “PepsiCo” və “Coca-Cola” yer alıb.
Plastik kütlə tullantılarının dörddə biri onların məhsulları ilə bağlıdır. Qeyd olunur ki, plastik istehsalında hər faiz artıma görə plastik çirklənmədə də ekvivalent artım baş verir.
Araşdırma beş il ərzində davam edib və beynəlxalq könüllülər qrupu 84 ölkədə 1 milyon 870 mindən çox plastik tullantını araşdırıb. Toplanan tullantıların əsas hissəsi qida, içki və tütün məmulatları üçün birdəfəlik qablaşdırmalar olub.
Xatırladaq ki, bu il BMT tərəfindən 22 aprel – Beynəlxalq Yer Gününün mövzusu “Planet plastikə qarşı” elan edilmişdi. Təşkilatın müraciətində vurğulanır ki, ətraf aləmin, xüsusilə okean və dənizlərin plastiklə çirklənməsi dünyanı qlobal ekoloji fəlakətə aparır. Müraciətdə dünya ölkələrinə 2040-cı ilədək bütün növ plastiklərin 60 faiz azaldılması çağırışı da yer alıb.