Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) rəhbəri Samir Abbasov Ankarada fəaliyyət göstərən “Xəzər” Azərbaycan rəqs ansamblının fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, Azərbaycan Kültür Dərnəyinin nəzdində xalq rəqsləri qrupu 2012-ci ildə yaradılıb. Qrupun bədii rəhbəri Türkiyədə illərdir milli rəqslərimizi yaşadan və təbliğ edən Azərbaycan əsilli sənətçi Gülçöhrə Sibel Sanqudur.

Gülçöhrə Sibel Sanqu kollektiv haqqında məlumat verərək ansamblda Azərbaycan milli rəqslərini yaşadan onlarla yeniyetmə və gəncin birləşdiyini bildirib.

Prezident İlham Əliyevin sərəncamı ilə Ankarada yaradılan Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyət istiqamətlərindən söz açan Samir Abbasov AMM-in “Xəzər” Azərbaycan rəqs ansamblı ilə də sıx əməkdaşlıq edəcəyini, milli rəqslərimizin Azərbaycanla bağlı tədbirlərdə, müxtəlif festivallarda təqdim ediləcəyini vurğulayıb.

Samir Abbasov milli rəqslərimizin sirlərinin daha professional öyrənilməsi üçün gələcəkdə Bakı Xoreoqrafiya Akademiyasından mütəxəssislərin ustad dərslərinə dəvət edilə biləcəyini də deyib.

O, Azərbaycan rəqslərini yorulmadan təbliğ edən, öyrədən Gülçöhrə Sibel Sanquya təşəkkürünü bildirib.

Sonra ansamblın ifasına baxış keçirilib. “Uzundərə”, “Dərbəndi”, “Turacı”, “Naz eləmə”, “Sarı gəlin” kimi milli rəqslərimiz ifa edilib.