“Süni intellekt atom bombasından da təhlükəli ola bilər”
2024-cü ildə dünya üzrə informasiya texnologiyalarına (İT) xərclər 5 trilyon dolları keçəcək.
ABŞ-nin ”Gartner” tədqiqat şirkətinin yaydığı məlumata görə, ötən il qlobal İT xərcləri 3,8% artaraq təxminən 4,7 trilyon dollar təşkil edib, bu il isə 8% artacaq.
Ən böyük məbləğin (1,6 trilyon dollar) rabitə xidmətlərinə xərclənəcəyi gözlənilir. İkinci yeri İT xidmətləri xərcləri (1,5 trilyon dollar), üçüncü yeri proqram təminatı xərcləri (1 trilyon dollar) təşkil edəcək. İnformasiya texnologiyaları cihazlarına qlobal xərclər 688 milyard dollara qədər artacaq. Məlumat mərkəzlərinə xərclənən məbləğ 260 milyard dollar təşkil edəcək.
Bu arada amerikalı milyarder, “Berkshire” şirkətinin baş direktoru Uorren Baffet müasir İT-nin əsas inkişaf istiqamətlərindən olan süni intellektin meydana gəlməsini atom bombasının yaradılması ilə müqayisə edib. Onun sözlərinə görə, süni intellektin intişar tapması dünyanı fırıldaqçılığın artması ilə təhdid edir.
Baffet qeyd edib ki, süni intellektdən istifadə edilməklə yaradılmış şəkillər və videolar o qədər inandırıcı olub ki, onların real olub-olmadığını müəyyən etmək, demək olar ki, mümkün deyil. İnsanları aldatmaq imkanlarını əgər bir sənaye kimi qəbul etsək, bu, bütün dövrlərin ən sürətlə inkişaf edən sənayesi olar.
“Nüvə silahı hazırlayanda cini şüşədən buraxdıq. Bu cin son vaxtlar bəzi dəhşətli işlər görür. Onun gücü məni qorxudur. Süni intellekt də buna bir qədər oxşardır”, – deyə o bildirib.