“Sənətkarlıq paytaxtı”nda bir gün

Zaqataladan sonra “media turu” dekabrın 21-də Azərbaycanın «Sənətkarlıq paytaxtı» Göygöl şəhərində davam etdi. Ölkəmizin qərbində yerləşən Göygöl rayonu səfalı bölgələrimizdəndir. Rayon ərazisində 31 yerli əhəmiyyətli tarixi və memarlıq abidələri mövcuddur. Amma bu rayonun ən böyük özəlliyi təbiət abidələri ilə zənginliyidir.

Rayon ərazisində məşhur Göygölün sahilində eyniadlı dövlət qoruğu yaradılıb. 1925-ci ildə yaradılmış qoruğun sahəsi 7 131 hektar təşkil edir. Göygöl qoruğunun ərazisi kiçik və gur çayların axdığı dərələrlə bölünüb. Qoruqda əsrarəngiz təbiət incisi Göygöllə yanaşı, 10-a yaxın göl (Maralgöl, Qaragöl, Zəligöl, Ağgöl, Şamilgöl və s.) var.
Qoruq zəngin flora və faunaya malikdir. Müxtəlif bitkilərin, heyvan növlərinin (cüyür, xallı maral, dağ keçisi, boz ayı, dovşan, qaban, Qafqaz maralı və s.) qorunmasına xüsusi diqqət yetirilir. Rəngarəng təbiət ekoturizmin inkişafına zəmin yaradır.

Alman irsi nümunələri qorunur

Göygöldə ilk baş çəkdiyimiz məkan XIX əsrdə inşa edilmiş alman lüteran kilsəsi (kirxa) oldu. Kilsənin tikintisi 1854-cü ildə başlanıb, 1957-ci ildə yekunlaşıb. Alman əhalisi 1941-ci ildə Stalinin əmri ilə Qazaxıstana deportasiya edilənədək bu ibadət evi fəaliyyət göstərib. Sonra burada Böyük Vətən müharibəsində əsir düşmüş almanlar yerləşdirilib. Sonralar hospital, ötən əsrin 50-60-cı illərində idman zalı kimi istifadə olunub.
Hazırda burada Göygöl Rayon Tarix-Diyarşünaslıq Muzeyi yerləşir. Direktor Rita İbrahimova deyir ki, rayonda tarix-diyarşünaslıq muzeyi 1987-ci ildə yaradılıb. 2004-cü ildən bu binada fəaliyyət göstərir. Muzeydə rayonun tarixini, kənd təsərrüfatını, əhalinin məişətini əks etdirən 2 minə yaxın eksponat var. Direktorun sözlərinə görə, il ərzində muzeyə 5 minə yaxın ziyarətçi gəlir. Lüteran kilsəsinin binası rayona gələn almanların ilk ziyarət etdiyi məkandır.
Göygölün tarixi barədə məlumatı isə rayon sakini Fikrət İsmayılovdan alırıq. Onun sözlərinə görə, rayon mərkəzi əvvəllər Helenendorf adlanıb. Onun əsası 1819-cu ildə qədim Xanlıqlar kəndi yaxınlığında məskən salan alman icması tərəfindən qoyulub. Vürtemberq krallığından Cənubi Qafqaza, o cümlədən Azərbaycanın qərbinə köç edən almanlar Helenendorf qəsəbəsi ilə yanaşı, indiki Şəmkir və Tovuz rayonları ərazisində də məskən salıblar. İlkin vaxtlar almanlar Helenendorfda 600-ə yaxın evdən ibarət 6 küçə salıblar. Almanların bu yerlərdən deportasiyasından 70 ilə yaxın vaxt keçsə də, şəhərdə alman irsinin izləri, o cümlədən alman qəbiristanlığı qorunub saxlanılır. Evlərin əvvəlki görkəmi dövlət tərəfindən bərpa edilib. Göygöl azərbaycanlı və alman xalqlarının dostluq nümunəsidir.
Daha sonra Göygöldə yaşamış sonuncu alman Viktor Kleinin evinə baş çəkdik. Fikrət İsmayılov deyir ki, 1941-ci ildə almanlar buradan köçüb gedəndə Viktor 6 yaşında olub. O, 2007-ci ildə 72 yaşında dünyasını dəyişib və alman qəbiristanlığında dəfn edilib. Viktor Klein Azərbaycan ədəbiyyatını, musiqisini yaxşı bilib, dilimizdə səlis danışmağı bacarıb. Onun evi qədim alman evi üslubunda olmaqla, 5 otaqdan ibarətdir. Tikili 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin balansına verilib, burada muzey yaradılması nəzərdə tutulur.

İlin 9 ayında Göygölə 16 mindən çox turist gəlib

Göygöldəki alman irsi ilə tanışlıqdan sonra Mədəniyyət evində konsert proqramını izləməyə yollanırıq. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətova Göygölün «Sənətkarlıq paytaxtı» olmasının əhəmiyyətindən danışaraq deyir ki, gözəl təbiətinə və əlverişli coğrafi mövqeyinə görə turistlər bu yerlərdə istirahətə böyük maraq göstərirlər. Rayona Almaniyadan, İsveçrədən, Macarıstandan, Koreyadan, Ukraynadan turistlər gəlir. 2013-cü ilin 9 ayı ərzində Göygölə 16 min nəfərdən çox turist gəlib. Göygölün «Sənətkarlıq paytaxtı» seçilməsi münasibətilə il ərzində rayonda keçirilən tədbirlər də bu göstəriciyə təsir edib. Rayonda cəmi 4 turizm obyekti fəaliyyət göstərsə də, yeniləri tikilməkdədir.
Rayonun «Sənətkarlıq paytaxtı» seçilməsi burada sənətkarlığın inkişafına da müsbət təsir edib. Rayonun kəndlərində 50-yə yaxın sənətkar çalışır.
Mədəniyyət evində konsert proqramından əvvəl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidovla birlikdə foyedəki sərgini izlədik. «Azərbaycanın sənətkarlıq paytaxtı-2013» adlı sərgidə rayonun Qızılca, Qırıxlı, Balçılı, Zurnabad, Xaqani kəndlərində yaşayan sənətkarların xalça, hörmə, tikmə, rəssamlıqla bağlı əl işləri nümayiş etdirilirdi. Əl işləri arasında orta məktəb şagirdləri tərəfindən muncuq, balıqqulağı, lobya dənlərindən düzəldilmiş müxtəlif fiqurlar, Azərbaycanın xəritəsi, qadın bəzək əşyaları və s. xüsusilə diqqəti cəlb edirdi.
Konsert proqramı da rəngarəng nömrələrlə zəngin idi. Mədəniyyət ervinin nəzdində fəaliyyət göstərən rəqs ansamblının, Aftandil Əliyev, Rövşən Qasımov, balaca xanəndə Yusif Müzəffərlinin bir-birindən gözəl ifaları, «Bahar» rəqs qrupunun hazırladığı «Arşın mal alan»dan bir səhnəcik tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Rayonda turizm infrastrukturu gücləndirilir

Tur iştirakçılarının Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidovla görüşü də oldu. İcra başçısı rayonun tarixi, təbiəti, turizm infrastrukturu, tarix-mədəniyyət abidələri haqqında geniş məlumat verdi. Bildirdi ki, rayonda bir şəhər, 6 qəsəbə, 38 kənd var. Rayonun 60 min əhalisinin 20 mini Göygöl şəhərində yaşayır.
1911-ci ildə almanlar tərəfindən Göygöldə ilk su elektrik stansiyası tikilib. Həmin illərdə Forer qardaşları tərəfindən şərab zavodu inşa olunub. İndi bu müəssisə Göygöl Şərab Zavodu kimi fəaliyyət göstərir. Zavodda 26 növ içki istehsal olunur.
Arif Seyidov qeyd etdi ki, rayonda turizm infrastrukturunun gücləndirilməsi istiqamətində sistemli iş gedir. Rayonda yerləşdirmə yerlərinin sayı azdır. Ona görə də yeni hotellər tikilir. Sahibkarlara bu baxımdan lazımi şərait yaradılır. Rayonun yolları yüksək səviyyədə təmir olunub. Turistlər üçün əsas 5 marşrut müəyyənləşdirilib. Bunlar Göygöl şəhəri-Aşıqlı-Hacıkənd-Göygöl gölü, Göygöl şəhəri-Topalhasanlı-Zurnabad-Şəhriyar, Göygöl şəhəri-Köşkül-Üçbucaq, Göygöl şəhəri-Quşqara-Balçılı və Göygöl şəhərini əhatə edən şəhər turu. Turizm marşrutlarının əhatə etdiyi kəndlərdə müxtəlif tipli obyektlər də tikilməkdədir.

«Xalq Yaradıcılığı Paytaxtları» layihəsi davam etdiriləcək

Səfərimizi yekunlaşdırıb Bakıya doğru istiqamət alırıq. Yol boyu Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev «Xalq Yaradıcılığı Paytaxtları» proqramı çərçivəsində indiyə qədər görülən işlər, həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışır. Onun sözlərinə görə, bu tədbirlər bölgələrdə sənətkarlığın, folklorun, mədəniyyətin, turizmin inkişafına təkan verir: «Paytaxt elan olunan şəhərin müxtəlif sosialyönlü müəssisələri, məsələn, mehmanxanaları, mədəniyyət sarayları, parkları olmalıdır. Bu infrastruktura malik olmadan paytaxt adını almaq mümkün deyil. 2013-cü ildə paytaxt seçərkən biz böyük bir müsabiqə ilə qarşılaşdıq. 20-yə yaxın şəhər paytaxt olmağa namizədliyini irəli sürmüşdü. Yəqin ki, 2014-cü ildə bu müsabiqə daha geniş olacaq. «Xalq Yaradıcılığı Paytaxtları» layihəsini çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, layihə Azərbaycanın mədəni həyatında böyük rol oynadı. “Paytaxt” bölgələrə hər belə tur zamanı media nümayəndələri ölkə Prezidentinin rəhbərliyi ilə regionlarda həyata keçirilən tikinti-quruculuq işləri, mədəni, iqtisadi, sosial həyatda olan canlanma ilə tanış olurlar».
Şöbə müdiri bir məqamı da diqqətə çatdırdı ki, «Xalq Yaradıcılığı Paytaxtları» layihəsi 2014-cü ildə başa çatandan sonra növbəti illər üçün layihə fərqli nominasiyalarda davam etdiriləcək.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar