Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov qurumun yeni prezidenti seçildi

Dekabrın 24-də «Hilton Bakı» mehmanxanasında «Skal Bakı» təşkilatının (Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyası - “Skal İnternational”ın Bakı klubu) 14-cü toplantısı keçirildi. Tədbiri «Skal Bakı»nın prezidenti Ruslan Quliyev açdı.

«Skal İnternational»ın vitse-prezidenti Saleh Çene skype vasitəsilə tədbirə qatılaraq iştirakçılara salamını çatdırdı. Qeyd etdi ki, üzvlərin sayı artacağı təqdirdə Bakı klubu dünyadakı ən fəal skal klublardan biri ola biləcək.
Ruslan Quliyev bildirdi ki, iclasın əsas mövzusu “Skal Bakı” klubuna yeni sədrin seçilməsidir. O, 2009-cu ildə yaradılan qurumun 4 illik fəaliyyəti barədə danışdı, əldə edilən nailiyyətlərdən söz açdı. Bildirdi ki, «Dostlar arasında biznesin bərqərar olması» şüarı ilə tanınan «Skal İnternational» 1932-ci ildə yaradılıb, hazırda dünya üzrə 22 min nəfərə yaxın üzvü var: “Skal Bakı” MDB məkanında ilk və tək təşkilatdır. Mədəniyyət və Turizm Nazirliyi «Skal Bakı» yarandığı gündən hər zaman bizə dəstək verib. Çalışırıq ki, bütün maraqlı tərəfləri bu təşkilatda birləşdirək».
«Skal Bakı»nın xaricdəki həmkar təşkilatlarla əməkdaşlığından da söz açıldı. Qeyd olundu ki, «Skal Bakı» Türkiyənin Antalya, bu günlərdə isə Əskişəhər klubu ilə “əkiz klub” («twen club») olub.
Sonra Ruslan Quliyev «Skal Bakı» klubunun prezidentliyinə Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərovun namizədliyini irəli sürdü. Təklif səsə qoyuldu və yekdilliklə qəbul edildi.
Cəfər Cəfərov skalçılara təşəkkür etdi və bildirdi ki, turizm sahəsində professionalların birləşdiyi qurum olaraq “Skal Bakı”nın əsas məqsədi ölkəmizdə turizm sahəsinin inkişafıdır: “Baxmayaraq ki, turizmin inkişafında həm dövlətin dəstəyi, həm də özəl sektorun güclü iştirakı böyük rol oynayır, amma peşəkarların bir yerdə öz fikirlərini bölüşməsi və yekunda hansısa qərarların verilməsi çox önəmlidir. İndiyə qədər xeyli iş görülüb, amma həyata keçiriləsi işlər də çoxdur”.
Sonra səsvermə yolu ilə Ruslan Quliyev, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov, «EncTours» şirkətinin direktoru Emil Nəsibov və Azərbaycan Marketinq Cəmiyyətinin sədri Rəhim Hüseynov «Skal Bakı»nın idarə heyətinin üzvləri, «New Baku Hotel»in direktoru Ceyhun Aşurov isə qurumun vitse-prezidenti seçildi.
Mahir Qəhrəmanov idarə heyəti adından çıxış edərək «Skal Bakı»nın fəaliyyətində yeni səhifə açıldığını bildirdi. Bakı klubunun yaranmasında, fəaliyyətində Ruslan Quliyevin xidmətlərini qeyd etdi.
Ceyhun Aşurov «Skal İnternational»ın tarixi, dünya turizminə töhfələri barədə məlumat verdi. «Hilton Bakı»nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Dadaşova təmsil etdiyi hotelin fəaliyyətindən danışdı. Tədbirin sonunda «Skal Bakı»nın yeni üzvlərinə üzvlük biletləri və Turizm İnstitutu tərəfindən təşkil edilən turoperator və turagent kurslarının dinləyicilərinə sertifikatlar təqdim edildi.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar