Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsinin açılışı keçirilib

Yanvarın 3-də Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Son illər iqtisadi inkişaf templərinə görə dünyada ön sıralarda olan ölkəmizdə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir. Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı, Azərbaycanda turizmin inkişafını da qeyri-neft sektorunun əsas sahələrindən biri elan edib və bu istiqamətdə atılan addımlar artıq öz bəhrəsini verir. Qəbələdəki “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi bu sırada mühüm yer tutur. Bu kompleksin inşası Azərbaycanda geniş şəbəkəli turizm infrastrukturun yaradılmasına daha bir nümunədir. Bu proses paytaxtla yanaşı, regionları da əhatə edir. Son bir neçə ildə dünyanın məşhur hotel brendləri ölkəmizə gəlib, yeni beşulduzlu hotellər istifadəyə verilib. 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi bu sahənin inkişafına təkan verib. Son iki ildə inşası sürətlə davam edən “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi ölkəmizdə turizmin yeni istiqamətinin meydana çıxması baxımından xüsusi əhəmiyyətə malikdir.
Layihə çərçivəsində indiyədək kompleksdə nəhəng infrastruktur yaradılıb, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülüb. Ərazidə mehmanxana, ofislər, uşaqlar üçün istirahət guşəsi və digər müvafiq obyektlərin yaradılması istiqamətində işlər davam etdirilir. Xizək kompleksinə yaxın ərazidə “Qolf resort” idman və istirahət mərkəzinin tikintisi də nəzərdə tutulub.
Dövlət başçısına məlumat verilib ki, “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi çərçivəsində dörd kanat xətti tam inşa olunub, on xizək yolundan beşində inşaat işləri başa çatıb. Digər işlər isə mərhələli şəkildə həyata keçirilir. Bu qış mövsümündə kanat xətlərində gəzinti, xizəklə sürüşmək və iaşə obyektlərinin xidmətlərindən istifadə etmək mümkün olacaq. Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da yaradılıb. Ümumiyyətlə, bu istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbindən, hotel və digər xidmətlərdən istifadə etməyə imkanlar verir.
Prezidentə kompleksin yönləndirici planı və ikinci mərhələ çərçivəsində görüləcək işlər barədə də məlumat verilib. Bildirilib ki, kompleksin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada turistlərin trassa sistemini özlərinə uyğun seçmək imkanlarının olmasıdır. Hər bir qonaq enmə zolağı, maillik və çətinlik dərəcəsinə görə trassa seçə bilər. Bütün dağ-xizək trassası süni qar yaratma generasiya sistemi ilə təchiz edilib. Bütünlükdə kompleks gün ərzində üç min nəfərə xidmət göstərmək imkanına malikdir.
Bu layihənin reallaşdırılması respublikada dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün də hərtərəfli imkanlar açır. Bu, gələcəkdə qış idman növlərində milli idmançılarımızın yetişməsində əvəzsiz rol oynayacaq.
Azərbaycan isti iqlim qurşağında yerləşməsinə baxmayaraq, nadir ölkələrdəndir ki, ən yüksək dünya standartlarına cavab verən nəhəng qış turizm infrastrukturları və kompleksləri yaradır. Bu da turizmin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin təzahürüdür. Qusar rayonundakı “Şahdağ” Qış-Yay Turizm və Qəbələdəki “Tufan” Dağ-Xizək Qış-Yay İstirahət komplekslərində görülən işlər ölkəmizin bu sahədə əldə etdiyi uğurların miqyasını göstərir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin girişində - “Riverside” kanat xəttinin aşağı stansiyasında yaradılan şəraitlə tanış olublar. Burada turistlərin istirahəti üçün hər cür şərait var, xizəklərin satışı və kirayəsi xidmətlərini göstərən ayrıca bölmə, idman malları mağazası və kafe fəaliyyət göstərir.
Yaradılan şərait bir daha təsdiqləyir ki, artıq turistlər ilin bütün fəsillərində Qəbələyə qonaq gələcəklər. Yay mövsümündə minlərlə qonağı qarşılayan bölgə bundan sonra qışda da turistlərin maraq göstərdiyi əsas məkanlardan birinə çevriləcək.