“Yeni şirkət Azərbaycanın şimal-qərb bölgəsinə turistlərin cəlb edilməsi ilə məşğul olacaq”

Bu günlərdə ölkəmizdə “Şəki Travel” adlı yeni turizm şirkəti fəaliyyətə başlayacaq. Bu barədə qəzetimizə məlumat verən Şəki Turizm İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyevin sözlərinə görə, Azərbaycanda ilk regional turizm şirkəti olan «Şəki Travel»in əsas işi ölkənin şimal-qərb bölgəsinə turistlərin cəlb edilməsi, turist səfərlərinin koordinasiyası olacaq: «Bildiyiniz kimi, qədim tarixə, bənzərsiz təbiətə malik, milli mətbəxi ilə məşhur olan Şəki ilin bütün fəsillərində yerli və xarici turistləri özünə cəlb edir. Son illər rayonda güclü turizm infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü işlər görülür. Yeni mehmanxanalar, istirahət mərkəzləri tikilir, yollar təmir olunur, körpülər salınır. Bütün bunlar imkan verir ki, Şəkiyə daha çox turist cəlb edilsin. Bizim yaratmaq istədiyimiz turizm şirkəti də fəaliyyətini bu istiqamətdə quracaq. Bu ideya Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də bəyənilib”.
Həmsöhbətimiz qeyd etdi ki, Şəki Turizm İnformasiya Mərkəzi tərəfindən Şəkinin və ümumiyyətlə, bölgənin tanıtımı istiqamətində bir çox işlər görülür: «Xarici turistlər üçün Şəki şəhərinin xəritəsi hazırlanıb. Xəritədə Şəkinin gəzməli-görməli yerlərinin, mədəni-tarixi abidələrinin, hotellərinin, istirahət mərkəzlərinin, tanınmış sənətkarlarının koordinatları qeyd edilib. Şəki Turizm İnformasiya Mərkəzi tərəfindən rayonun tarixi abidələri ilə bağlı bukletlər hazırlanıb. Bunları mərkəzə müraciət edən hər bir turistə pulsuz olaraq təqdim edirik. Bundan əlavə, yeni turizm marşrutları işləyib hazırlamışıq. Bunlar həm Şəkini, həm də turizm potensialı baxımından geniş imkanları olan qonşu Qax rayonunu əhatə edir. Marşrutları tərtib edərkən çalışmışıq bölgədəki tarixi-mədəni abidələri, xüsusilə də alban məbədlərini əhatə edək. İstəyirik Kiş kəndindəki alban abidəsi kimi, digər abidələrin də mövcud vəziyyətini diqqətə gətirib, onların təmir-bərpasına nail olaq. Çünki bu abidələr rayonumuza gələn turistlərin ən çox maraqlandığı və ziyarət etdiyi obyektlərdəndir”.
Budəfəki qış tətili günlərində də bölgəyə çoxlu turist gəlib. Burada fəaliyyət göstərən 20-yə yaxın turizm və istirahət mərkəzi qonaqlara lazımi xidmət göstərir. 2013-cü ilin sentyabrında istifadəyə verilən «Şəki Palas» hoteli, Kiş kəndində, dağlıq ərazidə yerləşən «Cənnət bağı» istirahət mərkəzi, «Şəki sahil» və «İSSAM» mehmanxanaları və digər obyektlərdə istirahət edənlər arasında Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Britaniya və başqa xarici ölkələrdən qonaqlar da olub.
Qış tətilində Şəkiyə turist axınının artmasını nəzərə alaraq şəhərdəki muzeylər, tarixi-mədəni məkanlar da fasiləsiz iş rejimində işləyiblər. «Yuxarı baş» Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində fəaliyyət göstərən sənətkarlıq emalatxanaları da daim turistlərin xidmətində olub.
Hər zaman olduğu kimi, bu dəfə də Şəki mətbəxinin özünəməxsusluğu turistləri cəlb edib. Qonaqlar Şəki pitisinə, Şəki paxlavası və digər şirniyyat növlərinə böyük maraq göstəriblər.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar