Mədəniyyət tariximizdə dərin iz qoyan bəstəkarlardan biri də Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı Soltan Hacıbəyov olub. Görkəmli bəstəkar geniş yaradıcılıq fəaliyyəti dövründə Üzeyir Hacıbəyli ənənələrinə söykənərək, həmçinin S.Prokofyev və D.Şostakoviçin nailiyyətlərindən bəhrələnərək, musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yaradıb. Bəstəkarın anadan olmasından 105 il ötür.

Soltan İsmayıl oğlu Hacıbəyov 8 may 1919-cu ildə Şuşa şəhərində dünyaya göz açıb. Üzeyir Hacıbəylinin əmisi nəvəsidir. Erkən çağlardan musiqiyə maraq göstərib. İkisinifli ibtidai məktəbi bitirdikdən sonra, 1930-cu ildə Üzeyir bəy onu Bakıya gətirir. O, burada orta təhsili başa vurur, sonra sənədlərini orta ixtisas musiqi məktəbinə verir. Truba sinfində oxuyur. Eyni zamanda Musiqili Komediya Teatrında dirijor kimi çalışır. Gənc Soltanın yaradıcılıq fəaliyyəti də məhz bu dövrdən başlayır. İlk əsərlərini – “Pioner kantata”sı və “Qızılgül” musiqili komediyasını bəstələyir.

Soltan Hacıbəyovun məqsədi bəstəkarlıq üzrə ali təhsil almaq, professional olmaq idi.  O, 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq şöbəsinə (professor Boris Zeydmanın sinfi) qəbul olunur. Tələbə ikən müxtəlif janrlı musiqi əsərləri bəstələyir. İki prelüd və fortepiano üçün sonata, “Çiçəklərin söhbəti”, “Neft haqqında nəğmə” mahnıları, “Quşcuğaz”, “Tənha yelkən ağarır” romansları, simli kvartet, simfonik variasiyalar məhz tələbəlik dövrünün əsərləri idi.

Bir çox müasirləri olan sənətkarlar kimi o da II Dünya müharibəsi mövzusunda əsərlər yazır. Onun “Döyüşçülər nəğməsi” və 416-cı Taqanroq diviziyasına həsr etdiyi xalq çalğı alətləri orkestri üçün marşı, eyni zamanda I simfoniyası bu dövrdə yazılan əsərlər arasında fərqlənir və diqqəti çəkir. Bu simfoniya 1944-cü ildə Tiflisdə Zaqafqaziya respublikalarının musiqi ongünlüyündə ifa olunur və sənətsevərlər tərəfindən maraqla qarşılanır. Ongünlükdə iştirak edən görkəmli sovet bəstəkarı Reynhold Qliyer Soltan Hacıbəyovun bu əsərini yüksək qiymətləndirərək yazır: “Onun bacarığına şübhə ola bilməz. O, böyük zövqə malik, musiqinin texniki xüsusiyyətlərinə sahib bir bəstəkar olacaqdır”.

Gənc bəstəkar tədricən ittifaq miqyasında tanınır. 1945-ci ildə Türkmənistan Opera və Balet Teatrı Soltan Hacıbəyova “Kəminə və Qazı” adlı opera yazmağı sifariş edir. “Şur” muğamı üzərində qurulan əsərin simfonik parçası “Karvan” adlanır. Karvan yollarını musiqi dili ilə canlandıran bəstəkar təsviri lövhələrə geniş yer ayırır. Fərqli-fərqli lövhələrlə, rəngarəng səslərlə hüdudsuz səhrada karvanın həzin və ahəstə hərəkətini sənətkarlıqla yaradır... “Karvan” simfonik lövhəsini dinləyərkən bir anlıq qumlu Asiya çölləri göz önünə gəlir. Aramla irəliləyən dəvə karvanı gah sakit, gah da həyəcanlı anlar yaşadır... 1955-ci ildə bəstəkar əsəri yeni redaksiyada hazırlayır. Niyazinin dirijorluğu ilə böyük orkestr tərəfindən ifa olunur. Sonralar “Karvan” simfonik əsəri bir çox sovet dirijorunun repertuarında yer alır. Qısa müddət ərzində dünyaya səs salır, Amerikada lentə alınır, Macarıstan, Yaponiya, Bolqarıstan və digər ölkələrdə ifa olunur.

Bəstəkar yaradıcılıq dünyasında uşaqlara da geniş yer verib. O, 1953-cü ildə “Oynaq topum”, “Laylay”, “Bənövşə”, “Bahar gəldi”, “Yolka”, “Pioner marşı” və s. əsərlərini yazıb. Müəllif “İsgəndər və Çoban” uşaq operasını isə Bakı Pioner evinin sifarişi ilə ərsəyə gətirib. Operanı Nizami Gəncəvinin məşhur “İskəndərnamə” poeması əsasında yazıb.

1950-ci ildə “Gülşən” baletini yazan bəstəkar əsərdə diqqəti insanların qarşılıqlı münasibətinə və əxlaqi keyfiyyətlərinə yönəldir. Əsər Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində oynanılan ikinci balet tamaşası olur.

Soltan Hacıbəyov daha sonra vokal musiqisi sahəsində də çalışır. “Sarı bülbül”, “Leyla”, “Qarabağ şikəstəsi” adlı xalq mahnı və muğamlarını xalq çalğı alətləri orkestri üçün işləyir. Azərbaycan və rus klassik bəstəkarlarının ənənələri üzərində də dayanır. Nəticə etibarilə, yeni ruhlu və  milli koloritli əsərlər yaratmağa nail olur. Soltan Hacıbəyov 1964-cü ildə ən parlaq əsərindən daha birini – orkestr üçün konsertini yazır. Bu əsər milli simfonik musiqi mədəniyyətimizə gözəl bir töhfə kimi qiymətləndirilir.

Görkəmli sənətkar eyni zamanda bir sıra səhnə əsərinə də musiqilər bəstələyib. Bu sırada M.İbrahimovun “Məhəbbət”, “Kəndçi qızı”, S.Vurğunun “İnsan”, S.S.Axundovun “Eşq və intiqam”, S.Rəhmanın “Əliqulu evlənir” və s. adlı tamaşalara yazdığı musiqilər maraqla qarşılanıb.

Soltan Hacıbəyov yaradıcılıq ezamiyyətlərində olduğu ölkələrin bəstəkar və musiqiçiləri ilə dostluq əlaqələri qurub. O, səfərlərdən qayıtdıqdan sonra həmin ölkələrlə bağlı bir sıra əsərlər bəstələyib. “Bolqar süitası”, “Çex rəqsi”, “Salam, Ukrayna” və “Hind süitası” əsərləri bu qəbildəndir.

Soltan Hacıbəyov 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına müəllim kimi dəvət olunub. Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, sonra isə direktoru vəzifəsinə irəli çəkilir. 1969-cu ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsinə təyin edilən bəstəkar ömrünün sonunadək bu vəzifədə çalışıb.

Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilən bəstəkar 1958-ci ildə “Əməkdar incəsənət xadimi”, 1960-cı ildə Azərbaycanın, 1973-cü ildə isə SSRİ-nin “Xalq artisti” fəxri adlarına layiq görülüb. 

Diqqətəlayiq əsərləri ilə musiqi mədəniyyətimizi zənginləşdirən bəstəkar 19 sentyabr 1974-cü ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Savalan Fərəcov