İsveçin Malmö şəhərində keçirilən 68-ci “Avroviziya” Mahnı Müsabiqəsinin qalibi İsveçrə təmsilçisi Nemo Mettler (Nemo) olub.
Mayın 11-də “Malmö Arena”da gerçəkləşən yarışmanın finalında “The Code” mahnısı ilə çıxış edən İsveçrə təmsilçisi 591 xal toplayaraq rəqiblərini geridə qoyub. İkinci və üçüncü pillələrdə müvafiq olaraq Xorvatiya (547) və Ukrayna (453) təmsilçiləri yer alıblar.
Xatırladaq ki, “Avroviziya–2024”də Azərbaycan təmsilçiləri Fahree və İlkin Dövlətov mayın 7-də birinci yarımfinalda mübarizəni dayandırıblar. Yarışmanın ikinci yarımfinalı mayın 9-da keçirilib.
“Avroviziya–2024”ün final gecəsində ümumilikdə 25 ölkə təmsilçisi səhnəyə çıxıb. Hər yarımfinaldan 10 ölkə finala vəsiqə qazanmış, finalda onlara “Avroviziya” təsisçisi olan böyük beşlik (Fransa, Almaniya, İspaniya, İtaliya, Böyük Britaniya), habelə ev sahibi İsveç qoşulmuşdu. Yəni final iştirakçılarının sayı 26 olmalı idi, amma Niderland təmsilçisi Yost Klayn baş məşq (10 may) öncəsi kulisarxasında şounun çəkiliş qrupu ilə dava-dalaş saldığı üçün təşkilatçılar tərəfindən yarışmadan kənarlaşdırılıb.
Beləliklə, növbəti – 69-cu “Avroviziya” Mahnı Müsabiqəsinə İsveçrə ev sahibliyi edəcək.
Ev sahibliyi sayına görə yarışmanın rekordçusu isə İsveçdir. Bu ölkənin təmsilçiləri 6 dəfə (o cümlədən Mərakeş əsilli İsveç müğənnisi Lorin (Loreen) iki dəfə – 2012-də Bakıda və 2023-də Liverpulda) “Avroviziya” qalibi olublar.
“Avroviziya–2024”ün qalibinə gəlincə, İsveçrə təmsilçisi Nemo musiqiçi kimi yaradıcılığından daha çox gender təfərrüatı ilə mediada özündən söz etdirir. Zahirən kişi cinsinə aid olduğu görünsə də, “Malmö Arena”da səhnəyə qadın libasında çıxan müğənni, əslində, özünü nə ondan sayır, nə də bundan. Özünü qeyri-binar (yalnız kişi və ya yalnız qadın olmayan gender kimliyi) gender təsnifatına aid edir. Üstəlik, o, sənətin çoxdan arxa plana keçdiyi bu yarışmada gender təfərrüatı ilə ad (qələbə) qazanan ilk ifaçı deyil, yəqin sonuncu da olmayacaq.
Yada salaq ki, on il əvvəl, 2014-cü ildə “Avroviziya”nın qalibi Avstriya təmsilçisi – saqqalı-bığlı “xanım” Konçita Vurst olmuşdu...
V.Kamal