Mayın 13-də dahi bəstəkar, Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti Qara Qarayevin (1918–1982) vəfatının 42-ci ildönümü tamam oldu.
Anım günü ilə əlaqədar Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə, ittifaqın katibləri – Əməkdar incəsənət xadimləri, professorlar Zemfira Qafarova, Cəlal Abbasov və başqa mədəniyyət xadimləri Fəxri xiyabanda Qara Qarayevin məzarını ziyarət ediblər.
Qara Qarayevin tələbəsi və onun məktəbinin layiqli davamçısı Firəngiz Əlizadə və bəstəkarın qızı Züleyxa Qarayeva-Bağırova xatirələrini və ürək sözlərini söyləyərək unudulmaz sənətkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı mühüm xidmətlərini vurğulayıblar. Qara Qarayevin Azərbaycan Bəstəkarlar İttifaqının tarixində töhfələri də xüsusi qeyd olunub.
Qeyd edək ki, bu il Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 90 illik yubileyidir. Bu dövrün üçdəbirində təşkilata Qara Qarayev rəhbərlik (1953-cü ildən ömrünün sonunadək) edib.
XX əsrin dahi bəstəkarları – Üzeyir Hacıbəyli və Dmitri Şostakoviçin varisi olan Qara Qarayevin yetirmələri həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda da bəstəkarın yolunu layiqincə davam etdirirlər.
Fəxri xiyabanda anım ziyarətinə qatılanlar musiqi sənətimizin böyük simaları, Bəstəkarlar İttifaqının tarixində xüsusi yerləri olan Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Tofiq Quliyev və Vasif Adıgözəlovun məzarları üzərinə də gül dəstələri qoyublar.