Azərbaycan, Özbəkistan və Qvineya ritm ustalarının konserti
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mayın 12-də Şuşada Cıdır düzündə konsert proqramları ilə davam edib.
Açıq səma altında, əsrarəngiz təbii “dekorasiya” fonunda qurulmuş səhnəyə bu dəfə Azərbaycanın, Özbəkistanın və Qvineyanın ritm ustaları çıxıblar.
Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupunun çıxışı rəngarəng performansla yadda qalıb. Qrup “Qaytağı”, “Qaval rəqsi”, “Bir qəlbdə iki ruh” və tamaşaçı rəğbəti qazanmış digər kompozisiyaları ilə yanaşı, məhz bu konsert üçün hazırladığı yeni nömrələri ifa edib.
Konsertdə “Natiq” ritm qrupu ilə yanaşı, Özbəkistanın Əməkdar artisti Abbos Qasımovun rəhbərlik etdiyi “Abbos” qrupu və Qvineyadan gəlmiş ritm ustası Abubakar Silla bir-birindən maraqlı, yaddaqalan nömrələr təqdim ediblər.
Natiq Şirinov və Abbos Qasımovun təqdimatında Azərbaycan və Özbəkistan dostluğunu tərənnüm edən musiqi nömrələri də maraqla qarşılanıb.
Təəssüratlarını bölüşən qvineyalı ifaçı Abubakar Silla deyib ki, “Xarıbülbül” festivalının nə qədər əhəmiyyətli olduğunu səhnəyə çıxarkən bir daha hiss edib: “Festival xoş təsir bağışladı. “Natiq” ritm qrupu ilə ifam zamanı onların da həyəcanını yaşadım, çox böyük ləzzət almaqla yanaşı, həm də böyük məsuliyyət daşıdım. Azərbaycandan olduqca xoş təəssüratlarla ayrılacağam və Şuşa səfərim daim yaddaşımda qalacaq. Bizdəki kimi, burada da milli musiqiyə xüsusi həssaslıqla yanaşırlar. Bu məni olduqca məmnun etdi. Çünki hər bir millət öz milli köklərinə bağlı olanda ona dünyada da hörmət bəsləyirlər”.
Konsertin yekun nömrəsi ritm ustalarının təqdimatında milli “Yallı” rəqsinin səsləndirilməsi olub. Bu ifanın sədaları altında bütün iştirakçılar bir daha xalqımızın həmrəyliyini, sülhsevərliyini nümayiş etdirərək əl-ələ tutub rəqs ediblər. Möhtəşəm ritmik ahəngi ilə böyük emosional təsirə malik olan “Yallı” təkcə musiqi-rəqs nümunəsi deyil, həmçinin xalqımızın birlik ruhunun, azərbaycançılıq məfkurəsinin sənət simvoludur.