Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada başlayan “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mayın 13-də Laçında “Sələflər və xələflər” adlı konsert proqramı ilə davam edib.

Azərbaycanın dilbər guşəsi Laçında davam edən festival Həkəri çayı ətrafında iştirakçıları və qonaqları bir araya gətirib.

Konsert proqramında Azərbaycanın tanınmış incəsənət ustalarının onların sənətini davam etdirən övladları, yetirmələri ilə birgə çıxışları təqdim olunub. Layihə milli musiqimizin, mədəniyyətimizin, ənənələrimizin yaşadılması üzərində qurulub. Təqdim olunan musiqi əsərlərinin bənzərsiz melodiyası ilə Həkəri çayının xəfif şırıltısı və iştirakçıların gur alqışları sanki bir vəhdət yaradıb.

Xalq artisti Azər Zeynalov sözləri Əhməd Cavada, musiqisi Emin Sabitoğluna məxsus “Şükriyyə” mahnısını övladları ilə birlikdə oxuyub. O deyib: “Builki festivalda gözəl Laçınımızda təqdim olunan “Sələflər və xələflər” layihəsi milli musiqimizə bağlı olan tanınmış ifaçıların eyni səhnəni övladları ilə bölüşməsinə böyük təkan verdi. Bu həm qürurverici, həm də böyük məsuliyyətdir”.

Açıq səma altında qurulan səhnədə bir-birini əvəz edən ifalar, musiqi nömrələri hər bir iştirakçıya unudulmaz anlar yaşadıb.

Əməkdar artist Şirzad Fətəliyevin övladı Arazla birgə milli musiqi alətimiz balaban və zurnada səsləndirdikləri “Turacı” və “Xırdaca” rəqslərimiz iştirakçıları qol qaldırıb oynamağa həvəsləndirib.

Konsert proqramı zənginliyi ilə yanaşı, həmçinin ifaçıların repertuarı və fərqli təqdimatları ilə maraq doğurub.

Sonda bütün iştirakçılar “Bura Vətəndir” mahnısını ifa ediblər.

“Sələflər və xələflər” layihəsi bir daha sübut etdi ki, ənənələr davam edir və milli musiqimizin, mədəniyyətimizin canlı klassikləri olan tanınmış ifaçıların yolu bu gün onların övladları, yetirmələri tərəfindən uğurla davam etdirilir.

***

“Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalına mayın 13-də Laçında “Aşıq mahnıları yeni səslənmədə” adlı konsertlə yekun vurulub.

Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü İlham Qəhrəman bütün laçınlıları salamlayaraq 30 ilə yaxın davam edən Vətən həsrətinin sona yetdiyini və Laçının toylu-büsatlı günlərə qovuşduğunu böyük şükranlıqla vurğulayıb. Bildirib ki, bu gün Laçının gözəlliyi bütün görənləri valeh edir.

Şuşadan başlayan “Xarıbülbül” festivalının Laçında davam etməsini yüksək qiymətləndirən şair bunu qala-şəhərin qardaş payı kimi qiymətləndirib.

Konsertdə həmçinin Xalq artistləri Aygün Kazımova, Nazpəri Dostəliyeva, Tünzalə Ağayeva, Əməkdar artistlər Ehtiram Hüseynov, Lalə Məmmədova, Elnarə Abdullayeva və digərləri tanınmış aşıqlarımızla duet oxuyublar.

Festival bütün iştirakçıların ifasında “Bütöv Azərbaycan” mahnısının sədaları altında başa çatıb.