İtaliyanın “Specchio economico” jurnalında Azərbaycan səfirinin müsahibəsi dərc edilib
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun bu ölkənin geniş oxucu kütləsinə malik “Specchio economico” jurnalında müsahibəsi dərc edilib.
Azərbaycan ilə İtaliya arasında münasibətlərdən danışan səfir bildirib ki, ölkələrimiz bütün istiqamətlərdə, xüsusilə iqtisadiyyat sahəsində çox fəal əməkdaşlıq edir. Azərbaycanda uğurla fəaliyyət göstərən İtaliya şirkətlərinin ölkəmizdə infrastruktur obyektlərinin tikintisi, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, ətraf mühit, turizm və bir sıra sənaye sahələrinə maraqları getdikcə artmaqdadır. Azərbaycan qazını Avropaya, o cümlədən İtaliyaya daşıyacaq Trans-Adriatik boru kəməri (TAP) layihəsinin əhəmiyyətinə toxunan səfir qeyd edib ki, bu layihə enerji resursları marşrutlarının şaxələndirilməsi baxımından vacibdir.
Səfir bildirib ki, Azərbaycan qısa müddətdə sürətlə inkişaf edərək investisiya yatırılan ölkədən sərmayə qoyan ölkəyə çevrilib. Bu istiqamətdə dünyanın bir sıra aparıcı ölkələri ilə sıx əməkdaşlıq əlaqələri qurulmaqdadır. O, İtaliya şirkətlərinin maraq göstərə biləcəyi “Bakı Ağ Şəhər” və digər irimiqyaslı layihələr barədə məlumat verib. Qeyd edib ki, bu layihələr getdikcə müasirləşən paytaxt Bakının inkişafına mühüm töhfə verəcək.
Azərbaycanın əsas iqtisadi göstəriciləri, ölkəmizin dinamik inkişafı ilə bağlı beynəlxalq təşkilatların rəyləri haqqında danışan Vaqif Sadıqov bildirib ki, son illərdə qeyri-neft sektorunda nəzərəçarpacaq artım müşahidə olunmaqdadır.
Səfir ölkəmizin turizm sektorunda müşahidə olunan inkişafdan da bəhs edib. Diqqətə çatdırıb ki, bu sahənin canlanması üçün bir sıra tədbirlər görülüb, zəruri infrastruktur yaradılıb. Azərbaycanda turizmin daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin “Turizm ili” elan olunması bu istiqamətdə mühüm nailiyyətlər əldə etməyə imkan yaradıb.
Ölkələrimiz arasında turizm əlaqələrindən danışan Vaqif Sadıqov qeyd edib ki, ötən il noyabrın 18-də Romada ilk dəfə Azərbaycan-İtaliya turizm forumu keçirilib. Bu tədbir iki ölkə arasında turizm əməkdaşlığının genişlənməsinə və turist axınının artmasına təkan verməkdədir.
Paytaxtımızın ev sahibliyi edəcəyi “Bakı-2015” Avropa Oyunlarına hazırlıq işlərindən danışan səfir diqqətə çatdırıb ki, yeni inşa olunan idman meydançalarının tikintisində İtaliya şirkətləri də yaxından iştirak edirlər.