Ölkəmizin Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrlar Baş İdarəsinin müdiri Tamer Karadağlı ilə görüşüb.
Dövlət Teatrlar İdarəsində keçirilən görüş zamanı Tamer Karadağlı ölkələrimiz arasında mədəniyyət və teatr sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıb, Ankarada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının buna töhfə verəcəyinə inandığını söyləyib. Ölkəmizə səfərindən də danışan Karadağlı Azərbaycan mədəniyyətinin onda böyük maraq doğurduğunu qeyd edib.
Azərbaycan Mədəniyyət Mərkəzinin mühüm layihələr həyata keçirəcəyini deyən Samir Abbasov gələcəkdə keçiriləcək mədəniyyət günləri çərçivəsində teatr truppalarının qarşılıqlı çıxışlarının dəstəklənməsi, rejissorların və artistlərin qarşılıqlı mübadiləsi ilə bağlı fikirlərini bölüşüb.
Söhbət zamanı iki ölkənin teatrları arasında əlaqələrin inkişafı, Azərbaycan müəlliflərinin əsərlərinin Türkiyədə teatr səhnələrində tamaşaya qoyulması, bu istiqamətdə təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin reallaşdırılması, memorandumların imzalanması barədə təkliflər verilib. Samir Abbasov Türkiyədə hər il keçirilən “Mədəniyyət Yolu” festivalında da Azərbaycan teatrlarının iştirakı ilə əlaqədar iş aparılacağını bildirib.
Görüşdə birgə layihələrin həyata keçirilməsinə dair planın hazırlanması razılaşdırılıb.
Mehparə Sultanova
Ankara