“Azərbaycanın bölgələrini əhatə edən turpaket hazırlayıb türkiyəli turistlərə təqdim etmək lazımdır”

1992-ci ildə yaradılan Türk İşbirliyi və İnkişaf Agentliyi (TİKA) Türkiyə hökumətinin sosial, iqtisadi, mədəni, turizm və texniki yardım layihələrini həyata keçirir.

Mərkəzi Asiya, Avropa və Afrikanın müxtəlif ölkələrində nümayəndəlikləri olan təşkilatın ilk ofislərindən biri Bakıda açılıb. Qurum indiyədək ölkəmizdə 600-dən artıq layihə həyata keçirib, bu layihələr çərçivəsində təşkil olunan təlim proqramlarında 4500-dən çox mütəxəssis iştirak edib. Mədəniyyət və turizm TİKA-nın daha çox diqqət yetirdiyi sahələrdəndir.
Təşkilatın bu istiqamətdə həyata keçirdiyi layihələrlə bağlı qəzetimizə açıqlama verən TİKA-nın Azərbaycandakı nümayəndəsi Mustafa Hasım turizm sahəsində artıq bir neçə ildir davam edən layihələr üzərində xüsusi dayandı: “2001-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərən hotellərin əməkdaşları üçün müxtəlif istiqamətlərdə təlim-tədris kursları təşkil edirik. Bu kurslar Azərbaycanda turizm sahəsinin inkişafı və xidmət səviyyəsində mövcud problemlərin aradan qaldırılması məqsədilə həyata keçirilir. Layihə Türkiyə və Azərbaycanın mədəniyyət və turizm nazirliklərinin birgə dəstəyi ilə reallaşır. 11 il ərzində Bakı, Xaçmaz, İsmayıllı və Lənkəranda turizmin müxtəlif istiqamətləri üzrə çalışan insanlara təlim kursları keçilib. Kurslar 3000-dək turizm işçisini əhatə edib. Məqsədimiz Türkiyənin turizm təcrübəsini Azərbaycanda tətbiq etməkdir».
TİKA nümayəndəsi bildirdi ki, 2013-cü ildən bu kurslar Türkiyə və Azərbaycanın mədəniyyət və turizm nazirlikləri tərəfindən həyata keçirilir: «Əvvəllər kurslar Türkiyədə təşkil olunurdu və Azərbaycanın hotel əməkdaşları ora aparılırdı. Bizim də işimiz bu işi koordinasiya etmək idi. İndi kurslar Bakıda və Azərbaycanın bir çox bölgələrində hər iki ölkənin nazirliklərinin birgə təşkilatçılığı ilə həyata keçirildiyindən TİKA-nın işi bitmiş hesab olunur. Amma təşkilatımız lazım olduğu zaman bu mövzuda yardım etməyə hazırdır».
«İki ölkə arasında çox geniş turizm əlaqələri mövcuddur» deyən həmsöhbətimiz bildirdi ki, hər il Azərbaycandan çoxlu sayda insan dincəlmək üçün Türkiyəyə gedir: «Amma mənim fikrimcə, bu səfərlərin qarşılıqlı təşkilinə, Türkiyədən də buraya daha çox insanların gəlməsinə nail olmaq lazımdır. Bunun üçün də ilk növbədə təbliğatı gücləndirmək vacibdir. Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şəki, Qəbələ, İsmayıllı, Qaxda hotellər, istirahət mərkəzləri fəaliyyət göstərməyə başlayıb. Bu bölgələrin özünəməxsus təbiəti, mətbəxi var. Bütün bunların hamısını ümumiləşdirib bir paket şəklində Türkiyə turistlərinə təqdim etmək mümkündür.
2006-2007-ci illərdə Azərbaycanda fəaliyyət göstərmişəm. Bir ara Türkiyəyə qayıtdım, indi yenidən buradayam. Azərbaycanın bir çox istirahət mərkəzlərində olmuşam. Təkcə xarici ölkələrin insanları deyil, Bakıda yaşayan yerli vətəndaşların da bölgələrə getməsi lazımdır. Bir müddət əvvəl bir neçə gün İsmayıllıda qaldım. İnanın, yuxudan oyananda tamamilə başqa bir insan olmuşdum, yorğunluğum çıxmışdı, elə bil bütün cismim təzələnmişdi. Çünki burada oksigen çoxdur, təbiət gözəldir».
TİKA nümayəndəsi bununla bərabər, problemlərin də olduğunu söylədi. Onun sözlərinə görə, hotellərdə xidmət sahəsində problemlər mövcuddur: «Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülür, treninqlər keçilir. Amma görünür, bunu daha da gücləndirmək lazımdır. Bu, xüsusilə restoran və kiçik iaşə müəssisələrində vacibdir. Azərbaycanda xidmət sahəsində çalışan insanlarda bir qədər sovet dövründən qalma təfəkkür var. Onlar müştərilərə pul mənbəyi kimi baxırlar. Türkiyədə isə deyirlər ki, müştəri bizim nemətimizdir, başımız üzərində yeri var. Bunu ölkəyə gələn turistlərə mütləq hiss etdirmək lazımdır. Sahibkarlar anlamalıdırlar ki, onlar nə qədər müştəriyə yaxınlaşsalar, müştərilər də onlara bir o qədər yaxınlaşar”.

F.Abdullayeva