Mingəçevir Turizm Kollecində bu təhsil ocağının məzunu, Vətən müharibəsinin kəşfiyyatçı şəhidi Fuad Xankişiyevin həyat və döyüş yolundan bəhs edən “Mən gedirəm” adlı kitabın təqdimatı keçirilib.
Tədbirdə şəhid anaları, qəhrəmanın döyüş və tələbə yoldaşları, kollecin müəllim və tələbələri iştirak ediblər.
Kollecin direktoru Kamal Əhmədov Fuad Xankişiyevin qısa ömründə qazandığı nailiyyətlərdən danışıb, xüsusilə çatdığı şəhidlik mərtəbəsinin ali və müqəddəs bir məqam olduğunu vurğulayıb.
Şəhidin anası Saqibət Xankişiyeva övladı ilə bağlı xatirələrini bölüşüb və kitabın necə ərsəyə gəlməsi haqqında məlumat verib.
Döyüş yoldaşları və müəllimləri Fuadın sağlığında necə qəhrəman ruhlu, Vətənini sevən gənc olmasından danışıblar.
Daha sonra tədbir iştirakçıları kollecin akt zalında Fuad Xankişiyev haqqında “Şərəfli yol” adlı qısa filmə baxıblar.
Fuad Şöhrət oğlu Xankişiyev 12 aprel 1996-cı ildə Mingəçevir şəhərində anadan olub. Mehdi Hüseynzadə adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. Sonra Mingəçevir Turizm Kollecinin Bədən tərbiyəsi fakültəsində oxuyub. Təhsilini Respublika Olimpiya-İdman Liseyində davam etdirib. 2014–2016-cı illərdə əsgəri borcunu yerinə yetirib qayıtdıqdan sonra dizayn-dekor işləri ilə məşğul olub.
2020-ci ilin 44 günlük Vətən müharibəsi başlayanda kəşfiyyatçı kimi Füzuli, Xocavənd və Şuşa uğrunda döyüşlərdə qəhrəmanlıq göstərib. Noyabrın 3-də Şuşanın Daşaltı kəndi ərazisində şəhadət mərtəbəsinə yüksəlib. Noyabrın 5-də Mingəçevir Şəhidlər xiyabanında dəfn olunub.
Dövlət başçısının müvafiq sərəncamları ilə Fuad Xankişiyev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.