Xəbər verdiyimiz kimi, yanvarın 3-də ölkə Prezidentinin iştirakı ilə Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsinin açılışı keçirilib. Yerli və xarici turistlərin sevimli məkanı olan bölgəyə bu günlər istirahətə gələnlərin sayı daha da artıb.

Rayonun təbii iqlim şəraiti turizm üçün çox əlverişlidir. Qəbələnin şimal hissəsi Böyük Qafqaz dağ silsiləsinin cənub yamacına, mərkəzi hissəsi Alazan-Həftəran vadisinə, cənub hissəsi isə Acınohur ön dağlığına daxildir. Respublikanın ən yüksək dağ zirvəsi olan Bazardüzü (4466 metr) bu rayonun ərazisində yerləşir. Bölgənin iqlimi aşağı hissələrdə qışı quraq keçən mülayim isti, yüksək dağlıqda isə soyuq və rütubətli olur. Bu amillər rayonda yay və qış turizmini, turizmin bir çox növlərini inkişaf etdirməyə zəmin yaradır.
Bu gün Qəbələ şəhərinin yaxınlığında eyni vaxtda 2000-dən çox qonağı qəbul etmək imkanına malik olan 4 ədəd beşulduzlu hotel mövcuddur. Rayonda rahat şəkildə təbiət qoynunda ailəvi istirahət etmək üçün, həmçinin kiçik hotellər, bir neçə istirahət mərkəzi və turist bazası da fəaliyyət göstərir. Bölgənin füsunkar təbiəti, təbii resursları, insan potensialı və qonaqpərvərliyi, yüksək səviyyədə xidmət də Qəbələni gözəl bir məkana çevirib.
Hər il Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Gilan-Turizm” MMC-nin təşkilatçılığı ilə Qəbələ rayonunun turizm potensialının təqdimatı ilə bağlı infoturların təşkili, yerli və xarici turizm şirkətlərinin nümayəndələrinin bu məkanla yaxından tanış olması bölgədə turizmin daha sürətlə inkişafına təkan verir.
Rayonda turizmin inkişaf dinamikası da deyilənləri təsdiq edir. Məsələn, 2008-ci ildə Qəbələyə 14 min 630 turist gəldiyi halda, 2013-cü ildə bu rəqəm 45 mini keçmişdir. Turist axınının artmasına səbəb olan amillərdən biri də əvvəlki illərlə müqayisədə hotel və restoran xidmətlərinin qiymətlərində endirimlərlə bağlıdır. Qiymətlərin aşağı düşməsinə səbəb isə rayonda turizm obyektlərinin çoxluğu və onların arasındakı rəqabətlə əlaqədardır.
Rayonda yaradılan qış turizm infrastrukturu buranı istirahət məkanı kimi seçənlərin sayını daha da artırıb. Yeni il münasibətilə bir həftə davam edən bayram tətili günlərində Qəbələyə gələn yerli və xarici turistlərin ixtiyarına yeni əyləncə mərkəzi və attraksionlar verilib. Əsasən də hava şəraitinə uyğun gəzinti və ekskursiyalar, qayıqla balıq ovu və qış fəsli üçün ən maraqlı olan qarlı havada motorlu xizəklərdə gəzinti təşkil olunub.
Məlumata görə, bir həftə ərzində rayona 4 minədək turist gəlib. Onların arasında Rusiya, İran, Türkiyə, Ukrayna, Hindistan, Malayziya və digər ölkələrdən turistlər olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar