Azərbaycan Ankarada fəaliyyət göstərən OSTİM Texniki Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Günü Festivalında təmsil olunub.
Tədbir çərçivəsində Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qırğızıstan, Özbəkistan, Hindistan və s. ölkələr öz milli mədəniyyətlərinə və mətbəxlərinə dair stend təqdim ediblər.
Festival Türkiyədəki səfirliyimiz və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin stendində dövlətçiliyimiz, tarix və mədəniyyətə dair nəşrlər, Heydər Əliyev Fondunun layihəsi ilə işıq üzü gərən kitablar, milli mədəniyyətimizə dair suvenirlər, xalça və kilimlər, milli mətbəximizin nümunələri təqdim olunub.
OSTİM Texniki Universitetinin rektoru, professor Murat Yülek festivalın bir mədəniyyət bayramına çevrildiyini bildirib. O, çoxsaylı xarici tələbələrin də təhsil aldığı, Türkiyə və dünyanın inkişaf edən sənayesi üçün mütəxəssislər hazırlayan universitetdə fərqli dövlətlərin mədəniyyət stendlərinin təşkilinin tələbələrdə böyük maraq yaratdığını söyləyib.
Tədbirin bədii hissəsində Türkiyə və iştirakçı ölkələrin musiqi və rəqs qrupları çıxış edib. Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Xəzər” rəqs ansamblının təqdim etdiyi milli rəqslərimiz maraqla qarşılanıb.
Sonra stendlərə baxış keçirilib.
Qeyd edək ki, Ankaranın sənaye zonasında yerləşən OSTİM Texniki Universitetində 1537 tələbə müasir dövrün sənaye və informasiya texnologiyaları, mühəndislik, nanotexnologiyalar və s. sahədə təhsil alırlar.