“Bu ölkə ilə turizm əlaqələrimizin genişlənməsi Azərbaycanın Avropaya çıxışına bir vəsilədir”

Ötən ilin noyabrında Bakıda Monteneqronun fəxri konsulluğu açıldı. İki ölkə arasında mədəni-iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə yaradılan konsulluğun fəaliyyəti, gələcək planları ilə bağlı məlumat almaq üçün fəxri konsul Vüqar Əliyevə müraciət etdik.

Həmsöhbətimiz əvvəlcə Azərbaycan-Monteneqro əlaqələrindən danışaraq iki ölkə arasında yüksək səviyyəli siyasi münasibətlərin digər sahələrdə də əməkdaşlığa mühüm zəmin yaratdığını vurğuladı. Monteneqro (Çernoqoriya) 1992-ci ilədək keçmiş Yuqoslaviya federasiyasının tərkibində, federasiyanın dağılmasından sonra isə 2006-cı ilədək Serbiya ilə ittifaqda olub, həmin il iyunun 3-də müstəqilliyini elan edib. Azərbaycan Monteneqronun müstəqilliyini tanıyan ilk ölkələrdən biridir, 2008-ci ildə iki ölkə arasında strateji əməkdaşlıq haqqında bəyannamə imzalanıb. 2010-cu ildə Monteneqronun Prezidenti Filip Vuyanoviç Azərbaycanda rəsmi səfərdə olub. İkitərəfli münasibətlərə dair 10 müqavilə imzalanıb, iqtisadi əlaqələr sürətlə inkişaf etməyə başlayıb. 2011-ci ildə paytaxt Podqoritsada Azərbaycanın diplomatik nümayəndəliyi fəaliyyətə başlayıb. Ötən il Azərbaycan Prezidentinin bu ölkəyə rəsmi səfərindən sonra ikitərəfli münasibətlər yeni mərhələyə qədəm qoyub.
Fəxri konsul Vüqar Əliyev bu sırada turizm əlaqələrini xüsusilə qeyd edir. Ötən il yay turizmi mövsümündə Azərbaycandan Monteneqroya çarter uçuşları başlanıb: “İyunun əvvəlindən sentyabrın 8-dək davam edən 12 çarter reysi vasitəsilə, rəsmi statistikaya görə, 2 min nəfərdən çox vətəndaşımız bu ölkəyə turist kimi səfər edib. Bir şeyi də qeyd edim ki, Monteneqro hökuməti Azərbaycan vətəndaşları üçün 2012-2013-cü illərdə yay turizm mövsümü ərzində - mayın 31-dən oktyabrın 30-dək müddətdə - vizasız rejim tətbiq edib. Bunun 2014-cü ildə də həyata keçirilməsi nəzərdə tutulur».
Müsahibimiz çarter reyslərinin qarşılıqlı olacağını qeyd etdi: «Azərbaycanlı olaraq bizim hədəfimiz əsasən ölkəmizə turistlərin cəlb edilməsidir. Bu il də bu məsələ bizim üçün prioritet olacaq. Ötən ildən Podqoritsa şəhərindəki diplomatik nümayəndəliyimiz viza verilməsinə başlayıb. Turist səfərlərində əsas problem adətən viza ilə bağlı olur. Bu problemin həlli ölkəmizə Monteneqrodan çoxsaylı turistin gəlməsinə zəmin yaradır. Digər tərəfdən, uçuşlar çatrer reyslərinin olmadığı adi vaxtlarda İstanbul üzərindən həyata keçirilir. Bu da 5 saata yaxın vaxt itkisi deməkdir. Qiymət baxımından da sərfəli olmur. Təbii ki, davamlı birbaşa uçuşlar daha əlverişli olardı”.

Podqoritsanın mərkəzi küçələrindən birinə Bakı adı verilib

«Monteneqroda Azərbaycanın tanıtımı istiqamətində hansı işlər görülür» sualımıza cavabında həmsöhbətimiz bildirdi ki, bu istiqamətdə müxtəlif layihələr reallaşdırılır: «2013-cü ildə Monteneqroda böyük Azərbaycan şairi Hüseyn Cavidin büstü ucaldıldı, Azərbaycan parkı açıldı. Açılış mərasimində Azərbaycanın Baş nazirinin müavini Elçin Əfəndiyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etdi. Podqoritsanın mərkəzi küçələrindən birinə Bakı adı verilib.
Bu ölkədə Azərbaycanın çox gözəl imici formalaşıb. Monteneqro əhalisi bizə çox hörmətlə yanaşır. Podqoritsada «Belaya poli» deyilən bir məhəllə var, burada nisbətən kasıb əhali yaşayır. Bu məhəllədə bizim ölkənin dəstəyi ilə bir uşaq bağçası və bir məscid təmir olunub. Sizə bir faktı deyim. Bir azərbaycanlı həmin «Belaya poli» adlı yerə gedəndə taksi sürücüsü soruşub ki, haralısınız? Azərbaycanlı olduğunu biləndə ondan pul almayıb ki, siz çox gözəl millətsiniz. Bizim ölkədə belə xeyirxah işlərlə məşğul olursunuz.
Azərbaycan Prezidenti İlham Əliyevin son səfəri iki ölkə arasında əlaqələrin inkişafına daha da təkan verdi. Azərbaycan bu ölkədə həm investor kimi, həm də dost ölkə rolunda yüksək səviyyədə təbliğ olunur».
Monteneqronun Azərbaycandakı fəxri konsulluğu da bu əlaqələrin genişlənməsinə, xüsusilə turizm istiqamətində layihələrin reallaşdırılmasına dəstək verir: “Ötən il başlanan çarter reyslərinin 2014-cü ildə qarşılıqlı olmasına çalışacağıq. Bir hədəfimiz də iki ölkə arasında vizasız rejimin tam tətbiqinə nail olmaqdır. Təbii ki, bu məsələ iki ölkə rəhbərliyinin dəstəyi ilə reallaşacaq.
Mədəniyyət və təhsil sahəsində də əlaqələrimiz inkişaf edir. Monteneqrolu tələbələr Azərbaycan universitetlərində oxumağı çox istəyirlər. Bu il 5 tələbə Azərbaycan Diplomatik Akademiyasında təhsil alacaq.
2014-cü ildə Azərbaycan və Monteneqro gənclərini bir araya gətirmək məqsədilə böyük bir tədbir keçirməyi də nəzərdə tuturuq. Podqoritsada Azərbaycan günlərini keçirəcəyik. Məqsədimiz iki ölkənin gəncləri arasında bir körpü yaratmaq, onların bir-birini tanımasına nail olmaqdır».

“Yayda Monteneqrodan bir neçə turist qrupu qəbul etdik”

Vüqar Əliyevin sözlərinə görə, Azərbaycanın Podqoritsadakı nümayəndəliyinin dəstəyi ilə Azərbaycan-Monteneqro Mədəniyyət və Ticarət Evi yaradılıb. Bu qurum həm də «AZPROMO»nun rəsmi nümayəndəliyidir: «Onların işi Azərbaycanı təbliğ etmək və iqtisadi əlaqələrin qurulmasıdır. Bundan başqa, Azərbaycanla Monteneqro arasında hökumətlərarası işçi komissiya da yaradılıb. Azərbaycan tərəfdən komissiyanın həmsədri Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevdir. Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov da bu komissiyanın üzvüdür. Milli Məclisdə Azərbaycan-Monteneqro parlamentlərarası dostluq qrupu da yaradılıb. 2014-cü ildə dostluq qrupunun üzvləri Monteneqroya səfər edəcək. Bütün bunların hamısı iki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişafının göstəricisidir.
Biz düşünürük ki, turizm əlaqələrini daha da genişləndirək. 2013-cü ildə «Millennium» turizm şirkəti Monteneqrodan bir neçə turist qrupu qəbul etdi. Onlar Bakıda, Şəkidə, Lerikdə oldular, ölkəmiz haqqında çox yüksək təəssüratlarla geri döndülər. Azərbaycan haqqında müəyyən qədər məlumatlı olsalar da, gözləri ilə gördükdən sonra daha aydın təsəvvürləri oldu və bunu da etiraf edirdilər. Monteneqrolu turistlər səyahətə çox üstünlük verirlər. Ailəvi səyahət etməyi sevirlər. Onlar əsasən Avropa ölkələrinə səfər edirlər. Çalışacağıq bundan sonra Azərbaycana da üstünlük versinlər. Monteneqro özü də turistlər üçün cəlbedici yerdir. Bu ölkənin çox gözəl təbiəti var. Büdcəsinin əsas hissəsi turizm gəlirləri hesabına formalaşır. Düşünürəm ki, Monteneqro ilə turizm əlaqələrimizin genişlənməsi Azərbaycanın eyni zamanda Avropaya çıxışına bir vəsilədir. Çünki bu ölkə Avropanın mərkəzində yerləşir. Azərbaycanın bu ölkədə tanınması həm də Avropada tanınması deməkdir”.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar