Son illər turizm dünyada sürətlə inkişaf edən iqtisadi sektor kimi qeyd olunur. Bu sahə gəlirlərin miqdarına görə neft ixracı və avtomobil sənayesindən heç də geri qalmır. Bir sıra ölkələrin büdcəsinin formalaşmasında, ticarət balansının sabitləşməsində turizm mühüm rol oynayır.

Lakin turizmin rolu bununla da bitmir. Turizmin inkişafı ölkələrdə işsizlik kimi ağır problemin öhdəsindən gəlməyə stimul verərək, iqtisadiyyatın təkanverici qüvvəsi rolunu oynayır. Bu da ümumi daxili məhsulun (ÜDM) formalaşmasına və sosial-iqtisadi problemlərin həllinə zəmin yaradır.
Turizmin inkişafı yalnız ölkə vətəndaşlarının səyahətə çıxmalarının sayı ilə deyil, bütövlükdə turizm infrastrukturunun modernləşdirilməsi prosesi kimi başa düşülür.
Dünyada turizm imkanlarına görə inkişaf etmiş ölkələr Avropa, Asiya və Sakit okean hövzəsi, eləcə də Amerika regionunu əhatə edir. Son illər Asiya və Sakit okean regionunda turizmin sürətli inkişafı mütəxəssislərin bu ərazini “Turizmin gələcəyi” adlandırmasına səbəb olub.
Dünyada daha çox turist göndərən ölkələr kimi ABŞ, Almaniya, Britaniya göstərilir. Daha çox turist qəbul edən ölkələrdən isə Fransa, İspaniya, ABŞ və İtaliya fərqlənir. BMT-nin Dünya Turizm Təşkilatının (DTT) məlumatına görə, bir ildə 82 milyon turist qəbul edən Fransa bu sahədə dünyada liderlik edir. Fransa bu göstəriciyə görə ABŞ-ı (62,7 milyon), Çini (57,6 milyon), İspaniyanı (56,2 milyon) xeyli geridə qoyub. Bu müvəffəqiyyət ölkənin təbiətinin rəngarəngliyi və gözəlliyi, mədəni irsinin, o cümlədən muzeylərinin, tarixi abidələrinin zənginliyi ilə izah olunur. Turist axınının əsas hissəsi Parisə yönəlsə də, Lacivərd sahil (Kann), Luara vadisi, Atlantik okeanın sahilləri və cənub-qərb regionları da turistlərin sevimli yerlərinə çevrilib.
ABŞ-da qar şəlaləsi kimi nadir təbiət abidələri, Nepalda Comolunqma (Everest) zirvəsi, Misirdə qədim fironların ehramları, Hindistanda Tac-Mahal, Yunanıstanda Akropol, İtaliyada məşhur Kolizey abidəsi bütün insanların görmək istədiyi yerlərdir. İspaniya, Portuqaliya, Türkiyə və digər ölkələrdə gözəl dəniz çimərlikləri və Aralıq dənizinin mülayim iqlim şəraitinin olması həmin ölkələrə turistlərin böyük maraq göstərməsini şərtləndirir.
DTT-nin məlumatına görə, 2012-ci ildə dünyada turistlərin sayı 1 milyardı keçib. Bu rəqəm 3,3%-lik artımla 2030-cu ildə 1,8 milyard nəfərə çatacaq.
Son illər qardaş Türkiyədə turizm sənayesinin inkişafına və bu sahə üçün ixtisaslı kadrların hazırlanmasına böyük diqqət yetirilir. Gözəl təbiəti və tarixi abidələri ilə yanaşı, müasir turizm infrastrukturu, hava limanları, hotellər, müxtəlif nəqliyyat növlərindən səmərəli istifadə imkanı uzunmüddətli maraqlı turlar təşkil etməyə imkan yaradır.
Türkiyə Səyahət Agentləri Birliyinin məlumatına görə, 2013-cü ildə Türkiyəyə 34 milyon insan səfər edib. 2014-cü ildə Türkiyəyə gələnlərin sayı 37-38 milyon nəfər, turizm gəlirlərinin həcmi 35 milyard dollar proqnozlaşdırılır.
Son illər ölkəmizdə də turizmin inkişafına xüsusi diqqət yetirilir. Hotel və mehmanxana şəbəkəsi genişlənir, müasir yol infrastrukturunun qurulması işləri gerçəkləşir. Qusarda inşa olunan “Şahdağ” Qış-Yay Turizm, Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət komplekslərinin yaradılması ölkəmizdə turizmi mövsümilik məhdudiyyətindən azad edir. Bununla da Azərbaycan turizminin inkişafında yeni mərhələnin əsası qoyulur. 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramının qəbul edilməsi və 2011-ci ilin “Turizm ili” elan olunması ölkəmizdə turizmin inkişafına böyük təkan verib.
Azərbaycanın tarixi abidələri, milli mətbəxi və ecazkar təbiəti xarici turistlərdə xüsusi maraq oyadır. Bu da öz növbəsində ölkəmizin iqtisadi imkanlarının artması ilə yanaşı, Azərbaycanın dünyaya tanıdılması üçün mühüm vasitədir.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar