Daşkənddəki festivalda ölkəmiz də təmsil olunub
Özbəkistanın Xarici İşlər Nazirliyi tərəfindən Daşkənddə təşkil edilmiş 20-ci “Xalqların mədəni ənənələri və mətbəxi” festivalında ölkəmiz də təmsil olunub.
Tədbirdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) tərəfindən milli stendimiz nümayiş olunub.
Guşədə müxtəlif kitablar, o cümlədən Azərbaycanın tarixi və mədəniyyəti, milli mətbəxi ilə bağlı nəşrlər nümayiş etdirilib. Azərbaycan mədəniyyətinə dair suvenirlər, Qarabağın milli kişi və qadın geyimləri də iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Azərbaycan guşəsinə gələnlərə kitab və jurnallar hədiyyə olunub, milli mətbəximizin təamları və şirniyyatlarımız təklif edilib.
İştirakçı ölkələrin mahnı və rəqsləri festivala rəng qatıb. Konsertdə AMM-in rəqs ansamblının üzvləri Azərbaycan rəqslərini ifa ediblər.
Festivalda iştirakına görə Azərbaycan stendi xüsusi diploma layiq görülüb.
Qeyd edək ki, ənənəvi festivalda satışı təşkil edilən yemək və suvenirlərdən əldə olunan vəsait Özbəkistandakı xüsusi internat məktəblərinə verilir.