Danimarkalı iş adamı və kolleksiyaçı Lars Emil Brunun XX əsrin əvvəlində topladığı nadir sikkə kolleksiyası hərraca çıxarılacaq.
Emil Brun 1922-ci ildə bu kolleksiyanı bir varlı ailədən alıb, bir il sonra isə dünyasını dəyişib.
Məlumata görə, Birinci Dünya müharibəsinin fəlakətlərinə şahid olan kolleksiyaçı topladığı əşyaların ölümündən sonra 100 il milli sərvət kimi saxlanılmasını vəsiyyət edib. Bu müddət 2023-cü ilin sonunda başa çatıb. İndi isə 20 mindən çox sikkənin toplandığı kolleksiya hərraca çıxarılmaq üçün hazırlanır. Ekspertlər əşyaların 72 milyon dollara satılacağı qənaətindədir.
Emil Brun ölümündən əvvəl kolleksiyanın təkrar satılacağı təqdirdə Danimarka Milli Muzeyinin imtiyazlı alıcı hüququ olması şərtini də qoyubmuş. Danimarka Milli Muzeyi artıq kolleksiyadakı XVI-XVII əsrlərə aid 7 sikkəni satın alıb.
Filadelfiyada (ABŞ) yerləşən “Stack’s Bowers” hərrac evinin məlumatına görə, indiyədək bu qiymətdə numizmatika kolleksiyası satışa çıxarılmayıb.