Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi mehmanxana fəaliyyətinin lisenziyalaşdırılmasının daha da sadələşdirilməsi üçün müəyyən addımlar atmağı planlaşdırır. Nazirlikdən verilən məlumata görə, artıq lisenziyalaşdırma sahəsində elektron xidmətlərin tətbiqinə başlanılıb. Lisenziyalaşdırmanın daha da sadələşdirilməsi ilə bağlı təkliflər nazirliyə daxil olmaqdadır. Bu gün lisenziya almaq istəyənlər üçün sənədlərin toplanması mərhələsində sadələşdirmənin aparılmasına ehtiyac var.
Nazirlikdən o da bildirilib ki, lisenziyalaşdırmanın sadələşdirilməsi üçün digər strukturlarla razılaşmalar olmalıdır. Ancaq bundan sonra bu sahə üzrə konkret addımlar atmaq olar.
Qeyd edək ki, 2012-ci il oktyabrın 1-dən Azərbaycanda turizm, mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üçün sənədlər elektron formada qəbul edilir. Bütün sənədlər tam hazır olduqdan və tələb olunan dövlət rüsumu ödənildikdən sonra lisenziya almaq istəyən şəxsin müraciətinə 15 gün ərzində cavab verilir.
Fəxriyyə Abdullayeva